Baş Prokurorluq və DTX AzTV sədrinin fəaliyyəti ilə bağlı ciddi araşdırma aparmalıdır
9-03-2018, 11:04
Çünki təqsirləndirilən şəxs Şücaət Əkbərov məhkəmədə Arif Alışanov barəsində tükürpədici ifadələr səsləndirib
Son zamanlar Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovla bağlı müxtəlif kütləvi informasiya vasitələrində tükürpədici, sensasion xarakterli məlumatlara rast gəlinir. Məsələn, onun adı külli miqdarda yeyintidə, hətta ən ağır cinayət hadisəsində belə hallanır. Deyilənlərə misal kimi, AzTV sədrinin 4,5 milyon manatlıq əmlakını ələ keçirməkdə ittiham olunan, Arif Alışanova sui-qəsd cəhdinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilən Şücaət Əkbərovun ifadəsində səsləndirdiyi məqamları qeyd etmək olar.
Belə ki, Arif Alışanovu 2007-ci ildən tanıdığını bildirən təqsirləndirilən şəxsin sözlərinə görə, AzTV sədrinin münasibətdə olduğu qızlardan birini dağdan çaya atıblar: "Əvvəl Arif müəllim həmin qızla gəlirdi Şamaxıya. 2016-cı ildə itkin düşən qızların şəkillərini gətirin, göstərim. Həmin qızla sonra kürəkəni gəzirdi. Bütün bunları bilirdim deyə, məni də ortadan götürtmək istəyirdi". Bundan başqa, Arif Alışanovun 2011-ci ildə Şamaxıda ümumilikdə 120 hektar torpaq sahəsinin olduğunu iddia edən təqsirləndirilən şəxs məhkəmədə ifadəsi zamanı qeyd edib ki, AzTV sədrinin 70 milyonluq əmlakı var: "Arif Alışanov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın adamı olub. "MTN işi"ndə o, aradan çıxdı. Əslində onun da adı bu işdə hallanırdı. Bunlar öz cinayətlərini örtbasdır etdilər. Mənim əlimdə faktlar da var".
Gördüyünüz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilən Şücaət Əkbərov AzTV sədri ilə bağlı kifayət qədər ciddi, hətta onun insan ölümündə bu və digər formada iştirak etdiyinə dair ittihamedici ifadələr səsləndirib. Məhz elə bu səbəbdən də hüquq-mühafizə orqanları və digər müvafiq qurumlar dərhal adıçəkilən təqsirləndirilən şəxsin Arif Alışanovun ünvanına səsləndirdiyi ağır ittihamlarla bağlı araşdırma aparmalıdır. Əslində, Bakı Ağır Cinayətlər Məhkəməsi özü də bu işdə maraqlı olmalıdır. Yəni obyektiv məhkəmə araşdırmasının təmin olunması naminə ən azından AzTV sədrini məhkəməyə çağırmalı və həm hakimlər, həm də dövlət ittihamçısı proses zamanı ondan adının keçdiyi hallarla bağlı sualları cavablandırılmasını tələb etməlidirlər. Şübhəsiz, son məhkəmə prosesindən sonra Baş Prokurorluq, eyni zamanda Dövlət Təhlükəsizlik Xidməti (DTX) də öz növbəsində, məsələyə yetərincə diqqət ayırmalı, Şücaət Əkbərovun iddia etdiyi kimi AzTV sədrinin münasibətdə olduğu qızlardan birinin dağdan çaya atılması faktını araşdırmalıdırlar. Çünki əgər bu barədə deyilənlər doğrudursa, o zaman ortada konkret cinayət hadisəsi var və bu olay ola bilsin ki, kimlərinsə yardımı ilə hələ də gizli saxlanılır...
Bu arada, onu da nəzərinizə çatdıraq ki, AzTV sədri ilə bağlı ötən ilin oktyabr ayında mətbuatda daha ilginc faktlar yer almışdı. Məsələn, qeyd olunur ki, Arif Alışanovun qızı Nigar Əlişanovanın (qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 10644 A, mən 57) adına 8 ədəd daşınmaz əmlakın dövlət reyestrindən çıxarış var. Qeydiyyat tarixi 2009-cu il fevralın 26-na təsadüf edən 4 ayrı-ayrı torpaq sahəsinə dair çıxarışla Şamaxı rayonu Qızmeydan kəndində kənd təsərrüfatı təyinatlı, əkin üçün nəzərdə tutulan torpaqlardan birinin sahəsi 1.1124 ha, digəri 1.1346 ha, üçüncüsü 1.4466 ha, dördüncüsü 4.394109 ha təşkil edir. Ondan cəmi bir gün sonra – fevralın 27-də qeydiyyata alınan, yenə Qızmeydan kəndində ümumi sahəsi 5 ha olan torpaq sahəsi Nigar xanımın adına rəsmiləşdirilib. Daha bir çıxarış Şamaxı rayonu Əhmədli kəndində 3.0374 ha torpaq sahəsinin sənədləri 2009-cu ilin may ayının 8-də tərtib olunub. Yenə eyni ildə, eyni gündə Qızmeydan kəndində 3.9467 ha torpaq N.Əlişanovanın adına alınıb. Sonuncu çıxarış isə bu ilin (2017-ci ilin) fevral ayının 8-də tərtib olunub. Daşınmaz əmlakın satıcısı Şıxıyeva Aysel Fazil qızıdır. Əmlak Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Nizami Gəncəvi küçəsi 26 ünvanında 0.22 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 271.1 kv/m. olan fərdi yaşayış evidir. Sənədləşməyə görə də guya satıcı o boyda evi 25-cə min manata təklif edib, alıcı 20-cə minə alıb. Evin altındakı 22 sot torpağın isə cəmi 5 min manata satıldığı rəsmiyyətə salınıb. Bunlardan da yalnız 2033.25 + 550 manat vergi tutulub. Əməliyyatları Şamaxı rayon notariat kontorunun xüsusi notariusu Yaşar Eyyubov aparıb. Beləliklə, Şamaxı rayonunun iki kənd və bir qəsəbəsində N.Əlişanovanın ümumilikdə 20.2918 ha torpaq sahəsi və 271.1 kv/m. olan fərdi yaşayış evi var.
Hələ bu, harasıdır. AzTV sədri ilə bağlı yayılan məlumatlarda deyilir ki, Arif Alışanov digər qızı Aynur Aşurbəyova 35 hektar daşınmaz əmlak bağışlayıb. Belə ki, AzTV sədrinin qızı 2009-cu ilin fevral ayında 12 daşınmaz əmlak satın alıb. Bunlardan 8-i Şamaxı rayonunun Əhmədli (0.5506 ha; 0.525 ha; 1.149969 ha; 1.3545 ha; 1.806 ha; 3.0001 ha; 4.14 ha; 7.7125 ha; ), 3-ü rayonun Qızmeydan (1.3828 ha; 3.9468 ha; 4.5216 ha), 1-i də Nağaraxana kəndində (4.7202 ha) yerləşir. Bundan başqa, Arif Alışanovun bacısı qızı Cəfərova Nilufər Vidadi qızının da adına rayonda 4 daşınmaz əmlak var (qeydiyyat ünvan Bakının Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi ev 126 A, mənzil 17). Alqı-satqı müqaviləsinin 1-i 2016-cı il dekabrın 3-də imzalanıb. Satıcı Almazova İlhamə Alxan qızıdır. Satış predmeti Şamaxı rayonu Çuxuryurd kəndindəki 2.1424 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1474.3 kv/m. təşkil edən daşınmaz əmlak kompleksidir. Satış qiyməti 80 min manat olub – 30 min manat torpaq sahəsi, 50 min manat da əmlak kompleksi üçündür...
Sözsüz ki, əgər bu sadalananlar həqiqəti əks etdirirsə, o zaman ortaya maraqlı və cavablandırılması mütləq şəkildə vacib olan suallar çıxır. Məsələn, AzTV sədri nə qədər əməkhaqqı alır ki, bu boyda sərvətə sahibdir? Arif Alışanov doğrudanmı hansısa qızla münasibətdə olub və həmin şəxsi dağdan çaya kimlər, kimin göstərişi ilə atıb? O, həqiqətənmi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın adamı olub? AzTV sədrinin adını "MTN işi"ndən kim və nə üçün, nəyin qarşılığında çıxarıb? Arif Alışanovun qızları külli miqdarda dəyəri olan daşınmaz əmlaklara necə sahib olub? Ümid edirik ki, Bakı Ağır Cinayətlər Məhkəməsi, həmçinin Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti təqsirləndirilən şəxs Şücaət Əkbərovun ifadəsində səsləndirdiyi məqamları diqqətə alacaq və yuxarıda sadaladığımız sualları tezliklə məhz AzTV sədrinin özünə ünvanlayacaq, Arif Alışanovun fəaliyyəti ilə bağlı ciddi araşdırma aparacaq.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Valeh Mehdioğlu, Hurriyyet.org