ZAVOD ALARKƏN ALDADILAN SAHİBKAR VƏ… – Latviya vətəndaşı Bakıda sahibkarı necə müflis etdi?

9-03-2018, 11:27           
ZAVOD ALARKƏN ALDADILAN SAHİBKAR VƏ… – Latviya vətəndaşı Bakıda sahibkarı necə müflis etdi?
Keçmiş MTN Eldar Mahmudovla və daha kimlərlə əlaqələr, “Prezidentlərlə oturub-duran adam”…
Qanunvericilikdə nəzərdə tutulur ki, sahibkar özünün iqtisadi risklərini nəzərə alaraq öz vəsaiti və ya başqasının vəsaitləri ilə gəlir əldə etmək məqsədilə qanunla qadağan edilməyən fəaliyyət növləri ilə məşğul ola bilər. Yəni, sahibkarlıq riskli fəaliyyətdir. İqtsadçılar, hüquqşünaslar sahibkarlıqda hansı risklərin olduğunu yaxşı bilirlər. Bu, təbii amillər, bazar konyukturları və s.-dir. Bu riskləri düzgün hesablamamaq, nəzərə almamaq üzündən sahibkar ziyana düşə bilər, müflis də ola bilər, necə deyərlər, «babalı Sərvərin boynuna…»

“Caspian Service” MMC tikinti şirkətinin isə müflis olma həddinə gəlib çatması «Sərvər»in, yəni, sahibkarın risklərindən qaynaqlanmayıb. Latviya vətəndaşı Əlirza Hüseynovun ustalıqla planlaşdırdığı və Beyləqan rayonunun Allahyarlı kəndində yaşayan qardaşı, orta təhsilli Əlihüseynin yüksək peşəkarlıqla həyata keçirdiyi dələduzluq əməlləri artıq bu tikinti şirkətini çökdürmək üzrədir. Lakin 2004-dən bəri Hüseynov qardaşlarının hədəfində olan tikinti şirkətini çökdürmək təkcə Hüseynov qardaşlarının işi deyilmiş, sənədlər işin görünən tərəfidir. “Caspian Service” MMC-nin təsisçilərindən biri olan Allavherən Əliyevin Əlihüseyn Hüseynovun toruna düşməsinə səbəb onun «arxalı qardaşı»nın arxasında yüksək vəzifəli şəxslərin adlarının çəkilməsi olmuşdur.

Hər şey ondan başlayır ki, 2004-cü ildə “Caspian Service” MMC yüksək texnologiyalı kərpic zavodu qurmaq üçün lazım olan pul vəsaitini kredit götürmək niyyətilə “Royal Bank” SKB-ə müraciət edir. Bakıda ilk tikinti şirkətlərindən biri, işlək və gəlirli sahədə özünü göstərmək istəyirdi. Bankın sahibi Əli Camın təşəbbüsü ilə «Caspian Servise» MMC-yə təşrif buyuran Əlihüseyn Hüseynov Beyləqanın Allahyarlı kəndində hazır kərpic zavodunun olduğunu, vəsait çatışmazlığından işlədə bilmədiyini və banka borcunu ödəyə bilmədiyini deyərək, zavodun balansında olduğu «Aran Qala» MMC-nin sənədlərini Allahverən Əliyevə təqdim edir. İlk baxışdan cəlbedici təklifə MMC-nin digər təsisçiləri də maraq göstərirlər. Lakin zavodun işlək vəziyyəti, istehsal gücünü yoxlamaq istəyirlər. Ə.Hüseynov zavodun işə salınmasına 200 min dollar vəsait tələb olunduğunu deyir, razılaşırlar. Hissələrlə Ə.Hüseynova pul verilir. 200 min dollar xərcləndikdən sonra əlavə xərc tələb olunur, beləliklə, «Caspian Service» MMC-nin sahibləri zavodun bərpası adı ilə Ə.Hüseynova 400 min dollar pul verir. Lakin zavod heç cür işə salınmır, əlavə xərc tələb olunur. Vəziyyəti belə görən MMC zavodu alaraq öz mütəxəssisləri vasitəsilə işlətməyi qərara alır, axı 2005-dən sonra başlayan tikinti bumunda kərpic kimi inşaat materialına böyük tələbat vardı. İnsafən, öz dövründə də bu zavodun istehsalı olan kərpicin sorağı Bakıya da gəlib çatmışdı, Ə.Hüseynovun dediyinə görə, Bilgəh-Nardaran bağlarında böyük-böyük adamların evlərinin tikintisində işlədilirdi. Həm də Ə.Hüseynov MMC-dən aldığı 400 mini xərcləmişdi, qaytarmağa pulu yox idi. Vəziyyətdən çıxış yolu kimi Ə.Hüseynov zavodu 1.800.000 $ almağı “Caspian Service” MMC-yə təklif edir. Başqa çıxış yolu qalmır; ya 400 min itirilməli, yaxud da əlavə 1.400.000 verib zavodu Əlihüseyndən almaq lazım gəlirdi. 2008-ci ildə bu barədə razılaşma və alqı-satqı müqaviləsi bağlanır. Ə.Hüseynov 100 faiz pay sahibi kimi, kərpic zavodunun balansında olduğu «Aran Qala» MMC-ni A.Əliyevə satır, müqavilə notarial qaydada bağlanır, bütün sənədləşmələr qaydasında.

Lakin “Caspian Service” MMC zavodu təhvil almamış Əlihüseynin Latviya vətəndaşı olan qardaşı dövriyyəyə girir. Məlum olur ki, Əlirza Hüseynov qardaşı Əlihüseynə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq, «Aran Qala» MMC-nin təsisçilərindən biri olduğunu, Əlihüseynin onu və başqalarını təsisçilikdən qanunsuz çıxardığını, «Aran Qala» MMC-yə qanunsuz yiyələndiyini və satdığını iddia edir. Nəsimi Rayon Məhkəməsinin 17.11.2008-ci il tarixli qərardadı ilə «Aran Qala» MMC-nin əmlakına, o cümlədən, Beyləqandakı kərpic zavodunun üzərinə həbs qoyulur, 01 dekabr 2008-ci ildə Beyləqan İcra bölməsi tərəfindən zavodun qapısı möhürlənir. Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2009-cu il tarixli qətnaməsi ilə Əlirza Hüseynovun qardaşı Əlihüseynə qarşı iddiası təmin olunaraq, «Aran Qala» MMC-nin A.Əliyevə satılmasına dair 28.02.2008-ci il tarixli alqı-satqı müqaviləsi, təsis sənədləri ləğv edilir və zavodun «Aran Qala» MMC-yə qaytarılması qət olunur. Məhkəmə, həmçinin, Əlihüseynin əməllərində cinayətin əlamətlərinin olduğunu müəyyən edərək işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərir. Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun təsdiqlədiyi ittiham aktı ilə Əlihüseyn Hüseynov Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 313-cü, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilən Ə.Hüseynova verilən cəza isə hər kəsi şoka salır: 7 il 6 aylıq həbs, 4 il sınaq müddəti təyin edilməklə şərti cəza. Yəni, faktiki olaraq cəzasız «cəza». İstintaq müdətində də həbs olunmayan Ə.Hüseynov qardaşı Ə.Hüseynova, MMC-nin təsisçisi A.Əliyevə və digər şəxslərə 1 milyon 800 mindən artıq zərər vurmasına və vurduğu zərəri ödəmədiyinə baxmayaraq, faktiki olaraq cəza çəkməkdən azad edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.10.2012-ci il tarixli hökmündən zərərçəkən şəxslərin şikayəti və Prokurorluğun protestinə isə nə Bakı Apellyasiya Məhkəməsində, nə də Ali Məhkəmədə «ciddi» baxılmır, Ə.Hüseynov azadlıqda qalır. Hadisələrin ən maraqlı tərəfi odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun (bu A.Məcidovun keçmiş MTN-in İstintaq idarəsindən gəldiyini unutmayaq, buna qayıdacağıq – Müəll.) sədrliyi ilə Ə.Hüseynova necə «vəkillik» edildiyi hökmün özündən aşkar görünür. Məhkəmədə təqsiri tam sübuta yetirilən Ə.Hüseynova kömək etmək üçün, guya, Beyləqandakı kərpic zavodunun Ə.Hüseynov tərəfindən 2004-2007-ci illərdə “Caspian Service” MMC-yə, aylıq 13.600 manata icarəyə verildiyi, cəmi 489.600 manat dəyərində icarə pulunun “Caspian Service” MMC tərəfindən ödənilmədiyi nəzərə alınaraq, həmin məbləğ Ə.Hüseynovun A.Əliyevə və MMC-ə vurduğu zərərdən çıxılır. Buna baxmayaraq, 31.10.2012-ci il tarixli hökmə görə, Ə.Hüseynovdan 437.632 manat (2012-ci ildə 1$ = 0.78 man) tutularaq zərərçəkən A.Əliyevə ödənilməliydi.

Ə.Hüseynovun dələduzluq yolu ilə A.Əliyevdən və MMC-nin digər təsisçilərindən mənimsədiyi 1.800.000 ABŞ dollarının cəmi 437.632 manata endirilməsi məqsədilə hakim A.Məcidovun Əlihüseynin mənimsədiyi daşınmaz əmlakların dəyərini azaltması üçün aparılan audit yoxlamaları isə ayrıca bir mövzudur. Nəticədə dələduzluq etmiş Əlihüseyn azadlıqda qalır və bugünədək zərərçəkmişlər A.Əliyevə, nə də ki, MMC-yə 1 qəpik də pul ödəmir. Latviya vətəndaşı olan qardaşı Əlirzanın şikayəti ilə dələduzluqda ittiham olunan Əlihüseyn elə həmin qardaşının keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla münasibətləri və məhkəmənin “humanistliyi” nəticəsində azadlıqda qalır. Beyləqandakı kərpic zavodu isə 01 dekabr 2008-ci ildən MMC-nin əlindən alınmışdı…

Qardaşların MMC-nin əmlakını və təsisçilərinin pulunu ələ keçirməsinə dair ustalıqla işlənmiş sxem bununla bitmir. O vaxt 1.800.000 ABŞ dolları zərərə düşən “Caspian Service” MMC-nin təsisçiləri 4 il sonra Hüseynov qardaşlarının növbəti planları ilə üzləşəcəklərini bilmirdilər. Onu da ağıllarına gətirmirdilər ki, qardaşını cinayət məsuliyyətinə cəlb etdirən, Latviyada ən yüksək dairələrdə əlaqələri ilə öyünən Əlirza Hüseynovun Azərbaycanın məhkəmə sistemində istədiyi qərarı almağa imkanı çatır…

Yazıda adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
azpolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.