Elmar Vəliyevin adını hallandıran qohumundan nazirə zərbə – Şok dosye
10-03-2018, 00:14
Bərdə rayon büdcə təşkilatları Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev barəsində nazirliyə şikayətlər getməkdədir
FİA.Az xəbər verir ki, büdcə təşkilatları Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə yazırlar.
İddia olunur ki, məktublarda məmurları boğaza yığan maliyyə rəisi haqda ölçü götürülməsi xahiş edilir.
Maliyyə naziri Samir Şərifovdan daha çox, qohum olduğu icra başçılarına hesabat verən M.Allahverdiyevdən narazılıq xirtdəyə çatıb.
Yüksək vəzifə tutan qohumlarına arxalanaraq büdcə təşkilatlarının nəfəsini kəsən maliyyə rəisi heç kəsin sözünü eşitmir.
Məlumata görə, maliyyə rəisi Yevlaxdan Bərdəyə təyinat aldıqdan sonra sələfi Rza Əliyevə rəhmət oxudur.
Onun rayonda hegemonluq etməsinin səbəbi Gəncənin icra başçısı Elmar Vəliyevin xalası oğlu olmasıdır.
Ona görə Bərdədə büdcə təşkilatlarının müdirləri, yerli məmurlar ona bata bilmir. Maliyyə rəisi özünü rayonun icra hakimi kimi aparır.
M.Allahverdiyev büdcə təşkilatlarına divan tutur. İddialara görə, onun əsas tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir.
Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunur.
Odur ki hədə-qorxu ilə üzbəüz qalmış yerli məmurlar rəisin bütün əmrlərinə boyun əyməyə məhkum olublar.
M. Allahverdiyev idarə müdirlərinə qeyri-rəsmi şəkildə mesajlar göndərir ki, Gəncənin icra başçısı arxasında dayanıb.
FİA.Az media üzərindən xəbər verir ki, Mehman Allahverdiyev yeni post eşqinə düşüb. Bir müddət əvvəl onun icra hakimi olmaq istədiyi haqda məlumatlar mətbuata çıxmışdı.
Yeni xəbərə görə isə Bərdənin maliyyə rəisi icra başçısı olmaq üçün perspektiv olmadığını anlayıb. Onun regional maliyyə idarəsi rəisi olmağa hazırlaşdığı bildirilir.
Ümumiyyətlə, rayonlarda maliyyə rəisləri “at oynadır”lar. Onlar hamıya nəzarət edir, onlara heç kəs nəzarət eləmir. Daha doğrusu, büdcə təşkilatlarının pullarını mənimsəməkdə əlbir olurlar.
Maliyyə Nazirliyində şəbəkələşmiş qrupun korrupsiya mexanizmi barədə bir müddətdir məlumatlar yayılır.
Bu korrupsiya şəbəkəsinin başında isə Samir Şərifovun 1-ci müavini Azər Bayramovun dayandığı iddia olunur.
Bildirilir ki, nazir müavini vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir.
Onun 1 saylı Xəzinədarlıq İdarəsi və bu idarənin rəisi Nadir Qarayev vasitəsiylə necə rüşvət mexanizmi tətbiq etməsi haqda informasiyalar isə medianın gündəmindən düşmürdü. Bərdə maliyyə rəisi M.Allahverdiyev də bu komanda üzvlərindən biridir.
Onun Yevlaxdan Bərdəyə gəlməsi rayonda idarələrin, bağça, məktəb, müəssisələrin gününü qara edib. Heç kəs də ona bata bilmir və E.Vəliyevin adını hər yerdə hallandırır.
Bu da maliyyə naziri Samir Şərifova həm zərbə, həm xəyanət kimi qiymətləndirilir. Çünki başının üstündən işlər görür, icra başçısı olan qohumunun adını hallandırır. Bununla belə, iddialarla bağlı maliyyə rəisinin mövqeyini dərc etməyə hazırıq.