Biləsuvarda diabet bazarı: baş həkim xəstələrin dərmanlarını satır – İttihamlar…

10-03-2018, 00:19           
Biləsuvarda diabet bazarı: baş həkim xəstələrin dərmanlarını satır – İttihamlar…
Biləsuvar rayon xəstəxanasında şəkər xəstələrinə dərmanlar pulla satılır

Bu barədə FİA.Az sosial şəbəkələrə istinadla xəbər yayıb.

Biləsuvar rayon sakini Səfərov Raqim Malik oğlu bildirir ki, şəkər xəstəsi olan atasına çatacaq dərmanları vaxtında və pulsuz ala bilmədiklərindən şikayətçidir.

O, buna görə xəstəxananın baş həkimi Nizami Mehdizadəni ittiham edir: “Xəstəxananın baş həkimi Nizami Mehdizadə ağır şəkər xəstəsi atama dövlət təfəfindən ayrılan dərmanları vermir.

Bu münasibət təkcə atama qarşı yox, bütün xəstələrə aiddir. Demək olar ki, atamın müalicəsi üçün lazım olan bütün dərmanları özümüz öz pulumuzla alırıq.

Bundan başqa xəstəxanada bütün müayinələr xəstələrin şəxsi hesabına aparılır. Problemlərlə bağlı dəfələrlə şikayətlər etmişik.

Biləsuvarın baş həkimi Nizami Mehdizadə xəstələrə dərmanlar satmasını, onlardan müayinə üçün rüşvət almasını yuxarılara “haqq” verməsinə bağlayır”.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatının səhifələrində dərc olunan tənqidi materiallarda da tez-tez əks olunur.

Məlumatlarda təqdim olunan faktlar müxtəlif xarakterli olsa da, mahiyyət etibarı ilə onların hamısı rayonun səhiyyə sistemində yer almış rüşvətxorluq və korrupsiya hallarına dəlalət edir.

Məlumatlarda bildirilir ki, Biləsuvarın səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasını isə şikayətçilər birbaşa baş həkimin fəaliyyəti ilə bağlayırlar.

Qeyd edək ki, bu gün Biləsuvar RMX-nin tabeliyində 3 xəstəxana, 14 ambulatoriya, 6 tibb məntəqəsi fəaliyyət göstərir.

Bununla belə daxil olan məlumatlara görə rayonun səhiyyə sahəsi bu gün xüsusilə acınacaqlı haldadır.

İlk növbədə rayon sakinlərindən aldığımız şikayət məktublarında bildirilir ki, rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər olduğu göstərilir.

Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir.

FİA.Az xəbər verir ki, Biləsuvarın tibb müəssisələrində Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur.

Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir.

Rayonda ümumiyyətlə əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır.

Xəstəxanada elə bir “qayda-qanun” yaradıb ki, xəstələr bəzən öz müalicələrini də yarımçıq qoyub burdan qaçmalı olurlar.

Biləsuvar Mərkəzi Xəstəxanada müalicə alan xəstələr adətən sağalmır, əksinə vəziyyətləri daha da ağırlaşır. Çünki xəstəni həkimlər elə bir kökə salırlar ki, zavallı ya burdan qaçmalı olur, ya da ki, ev-eşiyini satıb müalicəsini davam etdirir.

Həmçinin xəstəxananın təmirinə dəfələrlə vəsait ayrılsa da, nədənsə baş həkim ayrılan vəsaitləri təyinatı üzrə xərcləməyib.

Digər tərəfdən də mərkəzi xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir.

Rayon sakinlərinin fikrincə, Biləsuvar Rayon Mərkəzi Xsətəxanasında əmək intizamı tamamilə yaddan çıxıb, bütün kainetlərdə xəstələrdən rüşvət yığılır.

Sakinlər ümid edir ki, Səhiyyə Nazirliyinin rəhbərliyi irəli sürülən ittihamların ciddiliyini nəzərə alaraq, ən qısa zamanda Biləsuvar Rayon Xəstəxanasının fəaliyyətini təftiş etmək üçün lazımi göstərişləri verəcək. Çox hörmətli baş həkimin mövqeyini də dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.