Marketlərdə satılan və xəstəlik yaradan SAXTA YUYUCU VASİTƏLƏR - ARAŞDIRMA

11-03-2018, 11:29           

Bu gün bazarda müxtəlif çeşiddə, fərqli qablaşdırmalarda satılan, xüsusilə təmizləyici xüsusiyyətindən çox qoxusuna üstünlük verilərək seçilən yuyucu vasitələrə rast gəlirik. Kimyəvi-təmizləyici vasitələrdən demək olar ki, hər evdə istifadə olunur. Xüsusilə saç və qab şampunları, paltar tozları, hamam və ayaqyolu üçün antisanitariya vasitələrinin çeşidləri isə ildən-ilə sürətlə artır. Evdə azyaşlı uşaqları olan ailələrin keyfiyyətsiz məhsullardan istifadə etməsi ciddi narahatlıqlar yarada bilir. Bütün bu məhsulların reklamı isə eyni cür - rəngli paltarların ləkəsini aparan, parladan ən keyfiyyətli məhsul, yaxud ağ paltarları ilk günki kimi bəyazlaşdıran məhsul, daha çox köpüklənməklə çox qab yuya biləcəyiniz maye, saçlarınızı dibindən möhkəmləndirəcək, saç tökülməsinin qarşısını alacaq 1 nömrəli məhsul və s. kimi cəmiyyətə təqdim edilir. Bütün bu “keyfiyyətlər”ə baxmayaraq, kimyəvi-təmizləyici vasitələr dəri ilə təmasda müxtəlif cür xəstəliklər yarada bilir. Bununla bağlı aidiyyatı orqanlara daxil olan şikayətlərin də sayı az deyil. Bəs görəsən, orqanizmi həmin keyfiyyətsiz məhsullardan qorumaq üçün nələrə diqqət etmək lazımdır? Orijinal və keyfiyyətli yuyucuları, saç şampunlarını, kimyəvi-təmizləyici vasitələri necə tanımaq olar?

Publika.az-ın “Ayırtman” layihəsində bu dəfə oxucularımıza orijinal, keyfiyyətli yuyucu vasitələri tanımağın incə sirlərindən danışacayıq:

Yuyucu vasitələr ümumiyyətlə parça, metal, şüşə, keramik və s. səthlərdən çirklərin və ləkələrin təmizlənməsi üçün istifadə edilən, tərkibində çoxkomponentli birləşmələr olan məhsullardır. Sintetik yuyucu vasitələr geniş çeşidliliyə malik olduğu üçün istehlakçılar müxtəlif məmulatların xüsusiyyətlərinə uyğun yuyucu vasitə əldə edə bilirlər. Onlar suda yaxşı həll olur, suyun öncədən yumşaldılmasını tələb etmir, istənilən codluğa malik suda çirklənmələri asanlıqla aradan qaldırır, 20-30° С-də belə yuyucu təsir göstərir.

Sintetik yuyucu vasitələrin tərkibinə daxil olan əsas komponentlər səthi aktiv maddələr, antiresorbent, fosfatlar, qələvi duzlar, kimyəvi və optik ağardıcılar, bioəlavələr, antistatik və ətirvericilərdir. Normativ-texniki sənədlərin tələblərinə əsasən, yuyucu vasitələrdə hidrogen ionlarının konsentrasiya səviyyəsi 7.5-11.5, fosfor duzlarının ümumi payı isə 22%-dən çox olmamalıdır. Bu vasitələrin yuyuculuq göstəricisinin 85%, ağardıcılığı 80%-dən aşağı olmamalıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə münasibət bildirərkən deyib ki, hazırda bazarda müxtəlif qiymətə satılan yuyucu vasitələrin tərkibinə standartlardan kənar maddələr daxil edilir:

“Nəzərə almaq lazımdır ki, bu maddələr heç də sağlamlıq üçün tam təhlükəsiz deyil. Bizə yuyucu vasitələrlə bağlı çoxsaylı şikayətlər daxil olur. Azərbaycan istehlakçıları hələ də tərkibinə kənar maddələrin əlavə edildiyi, şübhəli saxta məhsullardan istifadəyə məruz qalırlar. Xüsusilə "Tide", "Bingo", "Ariel", "Calgon", "Raxşa", "Al-afrah" kimi yuyucu toz və ağardıcılarla bağlı xeyli şikayətlər daxil olub. Şikayət əsasında araşdırılma aparılıb. Sadalanan məhsulların yuyulma xassəsinin kifayət qədər zəif olması, kəskin qoxusu və s. insanları narahat edir. Araşdırma nəticəsində məlum olub ki, bu saxta məhsullar Sədərək bazarında açıq şəkildə satılır. Laboratoriya nəticələri isə onu göstərir ki, məhsulun tərkibinin 1/3-i yuyucu tozlardan ibarətdir, qalanı isə yollara səpilən narın duzlardı. Məndə olan məlumata görə, bu cür saxta məhsulların qablaşdırılması üçün istifadə edilən qablar Gürcüstandan gətirilir. Xüsusilə bu işlər qərb regionlarında geniş yayılıb. Bazar dəyərindən, yəni supermarketlərdə olan qiymətindən xeyli ucuz satıldığı üçün, insanlar bu məhsulları almağa meyl edir. Azad İstehlakçılar Birliyi hazırda bu istiqamətdə monitorinqlər aparmağı planlaşdırır. Təkcə bununla bitmir, digər - saç şampunları, qab yuyan vasitələr (toz və maye halında), sabunlar və s. Bəzən həmin məhsulların saxtalaşdırılmasında rəsmi distribütorun də rolu olur, saxta məhsulu həqiqi mala qoşur, bəzən də bunu bazara girən saxtakarlar edir. Hər iki halda haqsız rəqabətə girib saxta məhsulları əhaliyə sırıyırlar. Belə olan hallarda istehlakçıların tam hüququ var ki, aldığı malın gigiyenik sertifikatını, məişət sənədlərini tələb etsin. Bu cür yuyucu vasitələrin tərkibinə daxil olan fosfatlar toksik və çətin yuyulan maddələrdir. İstehlakçılara sintetik yuyucu vasitə alarkən, tərkibində fosfatların miqdarı 5%-dən artıq olmayan vasitələrə üstünlük vermələri tövsiyə olunur. Bilirsiz, ümumiyyətlə, Sədərək bazarı saxta və qaçaqmal malların satıldığı məkanlardan biridir. Bu gün biz parfümeriya bazarında da məhsulların saxtalaşdırılması ilə bağlı şikayətlər almışıq. Monitorinqlər nəticəsində bir çox brend dükanlarda satılan məhsulların bir hissəsinin elə Sədərək bazarından alındığı təsbit edilib. Bununla bağlı Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Dövlət Gömrük komitəsinə rəsmi müraciət etmişəm ki, bu istiqamətdə tədbirlər görülsün. Bütün məhsulların özünəməxsus standartları, normaları var. Lakin bu məhsulların qiymət bazarına distribütorlar nəzarət etdiyi üçün məhsullar müxtəlif qiymətlərə satıla bilir. Bu, dövlət tərəfindən tənzimlənmir”.

Orijinal malın üzərində məhsulun tərkibinə daxil olan komponentlərin miqdarı dəqiq şəkildə göstərilir. Fosfatların xüsusi çəkisi məhsulun etiketi üzərində göstərilir. Etiketdə həmçinin məhsulun adı, təyinatı, istehsalçı müəssisənin adı və ünvanı, təhlükəsiz saxlama, daşınma və istifadə qaydaları, əsas istehlak xassələri, məcburi sertifikatlaşdırılma haqqında məlumat, malın xalis çəkisi, həcmi və ya miqdarı, tərkibi, istehsal tarixi və yararlılıq müddəti, müvafiq normativ texniki sənədin nömrəsi, dövlət standartlarına uyğunluğunu təsdiq edən işarə və normativ-texniki sənədlərdə nəzərdə tutulmuş digər məlumatlar da qeyd olunur. Bunlar istehlakçıya saxta malı orjinal yuyucu vasitədən ayırd etməyə imkan verən mühüm cəhətlərdir. Etiket üzərində bu məlumatları dəqiq şəkildə oxuya bilmirsinizsə, o məhsulu almaqdan imtina edin.

Yuyucu vasitələr alarkən istehlakçıların diqqət etmələri gərəkən digər bir məqam yuyucu vasitənin qoxusudur. Belə ki, əksər hallarda saxta məhsul istehsalçıları məhsulun pis qoxusunu, tərkibindəki xloru və digər maddələri gizlətmək üçün güclü ətirverici maddələrdən istifadə edirlər. Bu isə ciddi allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən istehlakçılara ətirverici maddələrdən az istifadə olunmuş və neytral qoxulu yuyucu vasitələrdən istifadə etmələri tövsiyə edilir.

Respublikanın baş toksikoloqu Azər Maqsudov bildirib ki, yuyucu vasitələrin tərkibinə qatılan kimyəvi maddələr insan orqanizminə müxtəlif yollarla mənfi təsir göstərə bilər:

“Təbii ki, kimyəvi maddələrdən qorunmaq üçün müxtəlif tədbirlər görülməlidir. Qabyuyan maddələrin tərkibindəki kimyəvi maddələr insan dərisi ilə təmasda allergik reaksiyalar verə bilir. Bunun üçün yaxşı olardı ki, xüsusi rezin əlcəklərdən istifadə edilsin. Maye və toz şəklində sintetik yuyucular arasında fərqli məqamlar olur. Toz şəklində yuyucuların strukturunun dənəvər olmasına üstünlük verilməlidir. Belə ki, xırda toz şəklində olan yuyucu vasitələr nəfəs yollarına mənfi təsir göstərə bilər. Orqanimzlər də fərqli olduğu üçün, birmənalı şəkildə bütün insanlarda bu baş verir deyə bilmərik. Amma dərisi həssas olan insanlar bu kimi allergik reaksiya anında həkimə müraciət etməlidirlər. Nəzərə almaq lazımdır ki, dərinin sorulma xüsusiyyəti var. Beləliklə, həmin maddələr dəri vasitəsilə orqanizmə mənfi təsir göstərir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır. Bu zaman isə ekzema, neyrodermatit və psoriaz da daxil olmaqla bir çox dəri patologiyaları yarana bilir. Yerli allergik reaksiyalardan başqa kimyəvi maddələrin kəskin qoxusu, müəyyən halsızlıq, baş ağrısı yarada, eləcə də müqaviməti də zəiflədə bilir. Keyfiyyətsiz məhsullardan istifadə zamanı evində azyaşlı uşaq olan ailələr daha diqqətli olmalıdır. Yuyucu vasitələr uşaqların əli çatan yerlərdən kənarda, qaranlıq, quru, yaxşı havalandırılan, nisbi rütubətin 70 %-dən çox olmadığı yerlərdə mühafizə edilməlidir. Daxilə qəbul edilmədiyi halda zəhərlənmə baş verə bilməz. Sadəcə uşaqların immuniteti daha zəif olduğundan, dəri vasitəsilə bu, onların orqanizminə təsir göstərə bilər. Yaxşı olar ki, həmin an əllərini təmiz su ilə yusunlar. Əgər prosesin artdığını müşahidə etsələr mütləq şəkildə həkimə müraciət etsinlər. Burada qalıcı, ağır fəsadlardan söhbət getməsə də, allergik reaksiyalar öz-özlüyündə sadə proses deyil. Həkim nəzarəti altında allergiya əleyhinə preparatlar təyin etməklə problemi aradan qaldırmaq olar”.

Satışda olan sintetik yuyucu vasitələrin saxlanma müddəti də o qədər çox deyil. Belə ki, tərkibində peroksid duzları olan yuyucu vasitələr 6-9 ay, kimyəvi ağardıcılar və ya bioəlavələr olan sintetik yuyucu vasitələr isə azı 9 ay saxlanıla bilər. Təbii ki, bu, bir az da saxlanılma şəraitindən asılı olur. Digər növ sintetik yuyucu vasitələrin saxlama müddətləri normativ sənədlərlə məhdudlaşdırılmır. İstehlakçılar unutmamalıdırlar ki, sintetik yuyucu vasitələr pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxildirlər. Bu səbəbdən istehlakçılar bu məmulatları alarkən diqqətli olmalı, uyğun olmayan vasitəni seçərsə, malın dəyişdirilməyəcəyini bilməlidirlər. Satışda keyfiyyətsiz, markalanması normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan sintetik yuyucu vasitələrlə qarşılaşdıqda aidiyyəti üzrə dövlət orqanlarına müraciət edin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.