“MİN MANAT RÜŞVƏT VERİB, SÜRÜCÜLÜK VƏSİQƏSİ ALDIQ” – Baş redaktordan generala ŞOK ittihamlar

24-05-2018, 09:17           
“Respublika DYP İdarəsində bu cür hədsiz rüşvət bumu yaşanırsa, vətəndaşlardan aşikar rüşvət alınırsa…”

Mətbuat Şurası İdarə Heyətinin keçmiş üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəhbərliyinə qarşı sərt ittihamlar irəli sürüb.

“AzPolitika.info”nun məlumatına görə, baş redaktor “Facebook”da paylaşdığı “Respublika Dövlət Yol Polisinin inzibati binasında açıq rüşvət yığılır” adlı yazısında rəhbəri olduğu qəzetin adı çəkilməyən əməkdaşından BDYPİ-də 1000 manat rüşvət alındığını iddia edib.

T.Abbas yazır: “Bu gün əməkdaşımızın sürücülük hüququ almaq məqsədi ilə iştirak edəcəyi imtahan prosesini izləmək üçün Respublika Dövlət Yol Polisinin inzibati binasında yerləşən imtahan mərkəzində oldum. Bu prosesdə iştirak etməyimin əsas məqsədi bir ilə yaxın zaman ərzində əməkdaşımızın bir neçə dəfə imtahan verməsinə baxmayaraq, guya, onun suallara tam doğru, yəni kompüterə yerləşdirilmiş 10 sualdan ən azı 9-na cavab verə bilmədiyini bəhanə gətirərək, onu sürücülük hüququ qazanmaqdan məhrum etmələrinin səbəbini öyrənmək idi. Sürücülük vəsiqəsi almağa çalışan əməkdaşımız bir neçə dəfə peşəkar müəllimlər tərəfindən yoxlanılaraq, bütün sualları doğru cavablandırmasına şahid olduğum üçün il ərzində bir neçə dəfə Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun hər həftənin V günlərinə təyin edilmiş qəbuluna yazılıb, yaranmış vəziyyəti ona çatdırmağa çalışsam da, öyrəndim ki, cənab general Ramiz Zeynalov adəti üzrə vətəndaşları özü qəbul etmir və qəbulu üçüncü-dördüncü dərəcəli işçilərinə həvalə edir. Həmin aşağı vəzifəli şəxslərə müraciət etməyin isə, heç bir nəticə vermədiyinin şahidi oldum və səbirli olub, hadisələrin durulmasını gözləməyi qərara adım”.

“MİN MANAT RÜŞVƏT VERİB, SÜRÜCÜLÜK VƏSİQƏSİ ALDIQ” – Baş redaktordan generala ŞOK ittihamlar

Tapdıq Abbas

Baş redaktor yazır ki, əməkdaşının sürücülük vəsiqəsi əldə etməsinə nail olmaq üçün bütün normal vasitələrdən, o cümlədən Mətbuat Şurasının sədri Əflatun Amaşovun köməyindən də istifadə edib, lakin nəticəsi olmayıb: “Bəli, əməkdaşımızın sürücülük vəsiqəsi əldə etmək üçün mövcud normal vasitələrdən və şəxsi münasibətlərdən istifadə edərək, bütün mərhələləri ardıcıl olaraq keçdim, hətta DYP-nin qəbuluna düşdüyüm məsul şəxslərdən birinin tövsiyyəsi ilə fevralın 21-də Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova bu işə hüquqi yardım göstərməsi üçün müraciət etdim. İnsafən, o da kamalı-ədəblə jurnalistə dəstək verəcəyini bildirdi. Bir neçə gün sonra cənab sədr bildirdi ki, əməkdaşınızın imtahan verəcəyi günü mənə məlumat veriləcək, mən isə sizə deyəcəyəm. Artıq o zamandan nə az-nə çox, düz 3 ay keçməsinə baxmayaraq, cənab sədrə verilən söz də təsdiqini tapmadı və bütün ümidlər tükəndi”.


T.Abbas yazır ki, bütün bu cəhdlər nəticə vermədikdən sonra qərara alıblar ki, “dağdan-daşdan düşüb”, problemin üstünə sadə yolla getsinlər, yəni RÜŞVƏT VERİB, ŞƏXSİYYƏT VƏSİQƏSİNİ ALSINLAR. Sitat: “Nəhayət, səbr kasamızın dolduğunu və sürücülük vəsiqəsini rüşvətsiz əldə etməyin mümkün olmadığını yəqin etdikdən sonra, əməkdaşımız ölkəmizdə bütün problemlərin çox asan həlli yolu olan əlahəzrət RÜŞVƏTin köməyindən faydalanmaq zorunda qaldı. Bu gün (Mayın 23-də-red.) səhər saat 9-45-də Respublika DYP İdarəsinin ikinci mərtəbəsində iş otağında əyləşən yüksək çinli zabitin (Adını qeyd etməyə ehtiyac duymuram) şəxsən özünə əməkdaşımız tərəfindən 1000 (min) manat pul verildi. Bundan sonra zabit 2 saat ərzində bütün proseslərin başa çatacağını və əməkdaşımızın sürücülük vəsiqəsini bu gün alacağını bildirdi. Bax belə, Azərbaycanda sürücülük vəsiqəsini asan yolla əldə etməyin çox adi hadisə olduğunu və ictimaiyyətdə sürücülük vəsiqəsinin rüşvətlə əldə edilməsi barədə geniş yayılmış rəyin tam doğru olduğunu bir daha təsdiqlədik”.


Baş redaktor daha sonra BDYPİ rəisi Ramiz Zeynalovu hədəfə götürür, ona qarşı ittihamlar irəli sürür: “Söhbət açdığım bu eybəcərlik, əlbəttə, çox ağır cinayət hadisəsidir və kimin tərəfindən törədilməsindən asılı olmayaraq, Azərbaycan dövlətinə aşikar şəkildə arxadan vurulan dəhşətli zərbədir. Bu, eyni zamanda, ölkə Prezidenti cənab İlham Əliyevə qarşı, onun ölkədə və dünyada həyata keçirdiyi möhtəşəm inkişaf proqramlarının iflasına hesablanmış, vətəndaşların dövlətə etibarının kökündən sarsıdılmasına istiqamətləndirilmiş ağır xəyanətdir və dövləti cinayətdir! General Ramiz Zeynalovun uzun illərdir kreslosunu zəbt etdiyi məsul dövlət vəzifəsini xalqa xidmət vasitəsindən xalqa qarşı cinayət alətinə çevirməsinin əyani təsdiqidir! Əgər cəmiyyətin bütün üzvlərinə gündəlik qanuni normal xidmət etməli olan Respublika DYP İdarəsində bu cür hədsiz rüşvət bumu yaşanırsa, vətəndaşlardan aşikar rüşvət alınırsa, bu hadisə sıradan olan hal kimi qiymətləndirilə bilməz. Jurnalistin biliyini imtahan prosesində normal qiymətləndirmək əvəzinə, kompüterə gizlin müdaxilə etməklə, sürücülük vəsiqəsini onu rüşvət verməyə məcbur etmə yolu ilə vermək bu anlama gəlir ki, biz heç kimdən qorxmuruq, kimdən istəsək, rüşvət ala bilərik, gedin, kimə və hara istəyirsiniz, deyin! Bu cür eybəcər və ləyaqətsiz hərəkət dövlətə və dövlət başçısına qarşı xəyanət və meydan oxumaq deyilmi?! Əgər media əməkdaşına bu cür şərəfsizcəsinə münasibət göstərilirsə, bəs, o zaman sıravi insanlarla necə davranırlar DYP-da, görəsən Allah?!”

T.Abbas yazısının sonunda Ramiz Zeynalovun vəzifəsindən uzaqlaşdırılmasına və onun məsuliyyətə cəlb olunmasına çağırış edir.

BDYPİ, hələ ki, baş redaktorun bu ittihamlarına münasibət bildirməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.