Cavanşir Feyziyevin “Avromed”lə bağlılığını sübut edən I FAKT

24-05-2018, 09:32           
Bir neçə gün öncə Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Dərman mafiyası işi” ilə bağlılığı haqda səsləndirilən fikirlər barədə yazmışdıq.

Yazıda C.Feyziyevin özü ilə bağlı “təmizləmə” işinə girişməsi, bunun “Dərman mafiyası işi” ilə əlaqəli olması haqda mediada gedən məlumat vurğulanmışdı. Həmçinin qeyd edilirdi ki, sosial şəbəkələrdə deputatın da bu prosesə cəlb edilməsi haqda fikirlər səsləndirilir. “Detallı olmasa da, insanların bu cür mövqe sərgiləməsinin ehtimal ki, hansısa əsaslı səbəbləri var. Yaxud bəlkə də sadəcə C.Feyziyevin ən böyük dərman firmalarından birinin rəhbəri olması bu cür iddialara səbəb olur. Məsələ hər nədirsə, təəssüf ki, adıçəkilən deputata ulaşmaq, ondan hansısa suala cavab almaq müşkül məsələyə çevrilib. AFN olaraq bir müddət bundan əvvəl “Avromed”in bazardakı rolu ilə bağlı deputata bir neçə sual ünvanlasaq da, cavab ala bilməmişik” – deyə yazıda qeyd edilirdi.
Xatırladaq ki, C.Feyziyev ölkənin dərman bazarında böyük paya malik olan “Avromed” şirkətinin təsisçisidir. Bir müddət əvvəl o, şirkətin təsisçiliyindən imtina etdiyini və səhmlərini satdığını açıqlayıb. Lakin bütün bunlara baxmayaraq, “Avromed”ə hələ də faktiki rəhbərliyi onun etməsilə bağlı iddialar müntəzəm olaraq səsləndirilir.
Yuxarıda haqqında söz açılan yazı saytımızda dərc edildikdən sonra Mətbuat Şurası vasitəsilə redaksiyamıza təkzib məktubu ünvanlayan deputat şirkətlə əlaqəsinin olmadığını dönə-dönə vurğulayır: “…Həqiqətə uyğun olmayan, hüquq-mühafizə orqanları tərəfindən yayımlanan rəsmi məlumatlardan tamamilə fərqlənən fikirlər də diqqət çəkməkdədir. Bu baxımdan adımın “Avromed” QSC ilə bağlılığı barədə də qərəzli materiallara rast gəlinməkdədir. Bəyan edirəm ki, mənim “Avromed” QSC ilə heç bir əlaqəm yoxdur”.
AFN-in araşdırması zamanı C.Feyziyevin “Avromed”lə bağlılığının sübutu sayıla biləcək bir fakt ortaya çıxıb. Belə ki, deputatın media ilə əlaqələrini quran, onun haqqında xəbərləri, xarici mediaya müsahibələrini (təəssüf ki, hörmətli deputat ölkə mediasını yalnız təkzib və hədə-qorxu ilə yada salır, müsahibə vermək, jurnalistləri maraqlandıran sualları cavablandırmaq lazım olanda əlçatmaz olur-H.A) redaksiyalara göndərən xanım “Avromed”də yüksək vəzifə tutur. Şirkətdə baş direktorun insan resursları və ictimaiyyətlə əlaqələr üzrə müavini Şəhla Mahmudovanın həm də hörmətli Cavanşir Feyziyevə ictimaiyyətlə əlaqələr üzrə xidmət göstərməsi fikrimizcə, deputatın şirkətlə bağlılığını sübut edən faktlar sırasına aid edilə bilər. Lakin bu, AFN-in araşdırması zamanı təsdiqini tapan detaldır, hələlik araşdırma mərhələsində olan və faktlarla əsaslandırmağa çalışdığımız bəzi məlumatlar da var. Saytımızı izləyin...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.