Kreslodan həbsə: Kimlər cəzalanacaq?
24-05-2018, 10:23
Prezident seçkilərindən sonra ölkə iqtisadiyyatının dinamik inkişafını, islahatların genişlənməsini təmin etmək üçün bir sıra mühüm kadr dəyişiklikləri aparıldı. Köhnə komandada olan bir sıra nazirlər, komitə sədrləri, icra başçıları yola salındı.
Ekologiya və təbii sərvətlər naziri vəzifəsində Hüseynqulu Bağırovu Muxtar Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində Nazim İbrahimovu Fuad Muradov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində Aydın Əliyevi Səfər Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində Firudin Nəbiyevi Vüsal Hüseynov, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində Səlim Müslümovu Sahil Babayev, kənd təsərrüfatı naziri vəzifəsində Heydər Əsədovu İnam Kərimov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində Əli Həsənovu Rövşən Rzayev əvəz etdi. Yeni hökumətin tərkibində yer ala bilməyən məmurlardan bir neçəsi haqqında mütəmadi olaraq müxtəlif informasiyalar yayılır. Xüsusilə, onların zamanında rəhbərlik etdikləri qurumda baş verən bütün neqativ hallar məhz onların məsuliyyəti çərçivəsindədir.
Maraqlıdır, yeni hökumətdə yer ala bilməyən nazirlərdən hansıları cəzalandırıla bilər?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, məmurların əksəriyyəti cəzalandırılmalıdır:
“Azərbaycan reallığında az məmur tapılar ki, cəzaya layiq olmasın. İstər nazir olsun, istər komitə sədri, istərsə də icra başçısı və digər məmur. İstənilən vəzifəli şəxsin fəaliyyəti yoxlanılarsa, onun fəaliyyətində kifayət qədər Konistitusiyaya, qanunvericiliyə zidd davranışa rast gəlmək mümkündür. Əgər bir nazir büdcədən 1-2 milyard pul oğurlayıbsa, bu, artıq korrupsiya yox, dövlətin iqtisadi təhlükəsizliyinə sabotaj kimi dəyərləndirilməlidir. Çünki bunların fəaliyyəti Azərbaycan xalqının və dövlətinin varlığını təhdid edən əməllərdir”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə yeni hökumətdə yer ala bilməyən nazirlərin cəzalandırılacağına inanmır:
“Hakimiyyətin davranış kodeksi onların həbsini nəzərdə tutmur. Komandada sabitliyin təminü üçün günahların miqyasına baxmayaraq heç kimi həbs edilmir. Bundan sonra da kimlərinsə cəzalandırılacağını gözləmirəm”.
Ağ Partiyanın sədri Tural Abbaslı isə hesab edir ki, məmurların cəzalandırılma həm də siyasi mülahizələrlə bağlıdır:
“Hər zaman məmurların cəzalandırılması heç də onların fəaliyyətində yol verdikləri problemlərlə bağlı olmur. Bu, daha çox siyasi konyukturadan asılıdır. Bir sıra məmurların fəalliyyətində kifayət qədər rüşvətxorluq, korrupsiya, səlahiyyətindən süi-istifadə faktları olub. Hesab edirəm ki, “vurulan” nazirlərin əksəriyyəti cəzalandırıla bilər. Kim özünü ağıllı aparacaqsa, cəzadan kənarda qalacaq. Ancaq kimsə bunun əksini edərsə, o, zaman onu artıq ona qarşı sərt davranacaqlar”.