Morqa və zülmətə dönmüş Bərdə xəstəxanasında qandonduran faktlar - Video

4-06-2018, 00:26           
Morqa və zülmətə dönmüş Bərdə xəstəxanasında qandonduran faktlar - Video
Bərdə Rayon Mərkəzi Xəstəxanasının zülmət içində olan dəhlizlərindən və palatalarından yayılmış kadrlar hələ də aktualdır

Xüsusən də doğum şöbəsi zil qaranlıqdır və burada dünyaya göz açan körpələr ilk olaraq dünya işığını görmürlər.

FİA.Az xəbər verir ki, xəstəxananın qaranlığa qərq olması baş həkim Rəna Mustafayeva və doğum şöbəsinin direktoru Tünzalə Quliyevanın idarəçiliyinin nəticəsidir.

Həmin kadrlar internetdə hələ də yayımlanmaqdadır və dəyişən heç bir yenilik yoxdur. Bərdə RMX bərbad vəziyyətdədir. Baxmayaraq ki, xəstəxana əsaslı təmir olunub.

Amma palatalar qaranlığa bürünüb. Doğum şöbəsindən danışmağa dəyməz. “Gəlib görmək lazımdır”,- deyə Bərdə sakinləri bizə yazırlar.

Ümumiyyətlə, Bərdə Rayon Mərkəzi Xəstəxanası (RMX) gestapo və Quantanamoya çevrilib.

Ölkə səhiyyəsi adına rəzalət olan bu tibb müəssisəsində xəstələr girov saxlanır, başlarına olmazın müsibətlər gətirilir, tibbi işgəncələr verilir, yaxınları soğan qabığı kimi soyulur.

Məlumata görə, Səhiyyə Nazirliyinə həyəcan təbili çalan Bərdə sakinlərinin fəryadını eşidən yoxdur.

Nazir Oqtay Şirəliyev Bərdə RMX-da baş verənlərə şahid olsa və yoxlama aparılsa tibb ocağının qəssabxanaya, sallaqxanaya, morqa çevrildiyini görəcək.

Tünzalə Quliyevanın rəhbərlik etdiyi doğum evində xəstələrin başına müsibət gətirilir, rüşvətxorluq, özbaşınalıq, dərəbəylik, yiyəsizlik hökm sürür.

Faktları təqdim edirik: rayonun Şatırlı kənd sakini İlahə Ağarza qızı Qasımovanın Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində dünyaya gətirdiyi oğlan övladı ölüb.

Yaxınlarının verdiyi məlumata görə, həkimlər uşağın normal doğulduğunu bildiriblər. Doğuşdan 5 gün sonra isə körpənin meyiti onlara təqdim olunub.

Ailə üzvləri körpənin həkim səhlənkarlığına görə öldüyünü iddia edirlər. Ağdam rayon Paşabəyli kənd sakini, 30 yaşlı Sevinc Əli qızı Quliyeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Doğuş çətin olduğundan ananın həyatını xilas etmək üçün cərrahiyyə üsulu həyata keçirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb.

Sevinc Quliyevanın qayınanası Pəri Quliyeva qeyd edib ki, onun nəvəsi həkim məsuliyyətsizliyindən tələf olub.

Yevlax rayon sakini 25 yaşlı Aynur Məhərrəm qızı Manafova Bərdə Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.

O, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb. Bu, mərhum ananın ikinci doğuşu olub. Hadisə qeysəriyyə əməliyyatı zamanı baş verib.

FİA.Az xəbər verir ki, nazir Bərdəyə yeni baş həkim təyin etməlidir. Bərdə rayonunda kifayət qədər savadlı kadrlar var.

Amma nədənsə R.Mustafayevadan əl çəkməyən nazir onu vəzifəsində saxlayır. İddialara görə, baş həkim nazirlikdə himayədarına arxalanır.

Sakinlər bildirirlər ki, doğum şöbəsində əvvəlcə xəstənin yaxınlarını “doğuzdururlar”, soğan qabığı kimi soyub buraxmayana qədər əl çəkmirlər.

Bu da kasıb əhali arasında ciddi narazılıq yaradıb. Səhiyyə Nazirliyinə şikayətlər yazılmasına baxmayaraq, T.Quliyevanın doğuş bazarı bağlanmayıb.

Sakinlərin narazılığını əks etdirən video faktlar da sosial şəbəkələrdə var. Onlarla belə videodan yalnız birini təqdim edəcəyik ki, oxucular vəziyyətdən agah olsunlar.

Səhiyyə Nazirliyi isə tükünü də tərpətmir və belə çıxır ki, T.Quliyeva nazirlikdəki himayəçilərinə güvənir.

Faktiki olaraq isə dövlət tibb şöbəsində hər şey pulludur, rüşvətsiz xəstə qəbul olunmur, övlad dünyaya gətirən ananın həyat yoldaşından, yaxınlarından hər addımdan pul qoparılır.

Əgər gecə saatlarında şöbəyə təcili xəstə gətirilsə və doğuş sancıları tutarsa, pul almamış ona baxmırlar.

Qarşı tərəfi dinləməyə hazırıq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.