UNEC rektoru haqda ilginc iddialar - Professor diplomu saxta imiş...
6-06-2018, 10:14
Mayın 31-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə “Təzadlar” qəzetinin Prezident yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynova qarşı iddiası üzrə məhkəmənin növbəti və sonuncu iclası keçirildi. Hakim məhkəmə və KİV tarixində görünməmiş qərarını elan etdi, qəzetin sorğuya cavab verilməsi tələbli iddiası təmin olunmadı…
Xatırladırıq ki, AAK-ın sədr əvəzi Vəli Hüseynov 6 aydır KİV sorğusunu cavablandırmır. Bu isə nəinki Azərbaycanın, eləcə də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərini ayaq altına atmaq deməkdir. Və sədr əvəzi 3 aydan çoxdur davam edən məhkəməni uzatmaq üçün hər dəfə bir bəhanə taparaq məhkəməyə iddiaya etiraz göndərirdi. Digər əsassız səbəbləri bəhanə gətirən Azərbaycan Respublikasının Prezidenti yanında AAK sədrini əvəz edən Vəli Hüseynov məhkəmədən iddianın mümkünsüzlüyü barədə qərar qəbul edilməsini xahiş edirdi. Bu isə qanunvericiliyin tələblərinə ziddir, KİV sorğusunu cavablandırmaqdan birbaşa imtinadır. Ölkənin tanınmçış KİV ekspertləri, vəkillər isə “Təzadlar”ın əməkdaşına Vəli Hüseynovun bu hərəkətini pisləyən açıqlamalar vermişdilər. Bütün bəhanələrə baxmayaraq, Prezident yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynov “Təzadlar”ın sorğusunu cavablandırmalı idi. Amma cavablandırmırdı və sonda onun bu qanunsuz hərəkətinə, ölkə Prezidentinin imzaladığı KİV qanunvericiliyi Aktlarına etdiyi kobud hörmətsizliyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Şərafət Məmmədovanı da şərik etdi. Hakim iddianı təmin etmədi…
Vəli Hüseynov niyə KİV sorğusunu cavablandıra bilmirdi?
Məhkəmə prosesində iştirak edən “Təzadlar”ın baş redaktoru Asif Mərzili bunları dedi:
– Məhkəməyə bu gün də AAK rəhbərliyi tərəfindən arayış təqdim olundu… Qarşı tərəfin nümayəndəsi bir daha qeyd etdi ki, “Biz, AAK olaraq, rəsmən təsdiq edirik ki, AAK-ın rəsmi saytındakı məlumatlar bizim rəsmi məlumatlardır və qəzet bunu rəsmi məlumatımız kimi qəbul etsin, iddiaçı Asif Mərzilidən də xahiş edirik, bunu nəzərə alsın”. Bunlar məhkəmənin iclas protokoluna da əlavə edildi. Mən bir daha izah və arayış verdim ki, biz qanunvericiliyin tələbinə uyğun olaraq yazılı sorğu vermişik, yazılı da cavab verilməlidir… Elektron sorğu versəydik, qarşı tərəflə razılaşmaq olardı, amma bu belə deyil. Lakin təəssüflə qeyd edirəm ki, hakim iddianı təmin etmədi. Qərardan apellyasiya şikayəti verəcəyik, eləcə də hakimin absurd, presedent yaradacaq bu əcaib qərarından Məhkəmə Hüquq Şurasına şikayət hazırlayırıq… Sual olunur: AAK-ın rəsmi saytındakı məlumatı rəsmi blankda yazıb məhkəməyə, yaxud redaksiyaya təqdim etmək olmazdımı?
– Bəs Vəli Hüseynov niyə bunu edə bilmir?
– Siz özünüz də şahidsiniz ki, mən hətta üzümü hakimə tutub dedim ki, möhtərəm hakim, əgər AAK sədrini əvəz edən cənab Vəli Hüseynovun rəsmi blankı yoxdursa, blank çap edib verək, yox, möhürün yastığı yoxdursa, onu da alıb verək… Təki AAK-ın rəsmi saytındakı məlumatı rəsmi blankda, möhürlə təsdiqləyib bizə versinlər… Qarşı tərəfin rəsmi nümayəndəsi ilə hər dəfə təkrar-təkrar deyirdi ki, qəzetin tələb etdiyi rəsmi məlumat bizim rəsmi saytımızda vardır, xahiş edirik, nəzərə alasınız… Sadəcə, Vəli Hüseynov ADİU-nun rektoruna qanunsuz sənəd-professor diplomu vermiş AAK əməkdaşlarını, eləcə də AAK-ın reputasiyasını ciddi zərbə altına qoymamaq üçün saytdakı məlumatları möhürü və imzası ilə təsdiq etməkdən çəkinir… Biz artıq bu məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət qəbul etmişik, göndəriləcək… Prezidentin imzaladığı qanunlara hörmətsizlik və sayğısızlıq edən məmurlar vəzifədə qala bilərmi??? Bundan başqa, AAK-ın sədr əvəzi V.Hüseynovun məhkəməyə və redaksiyaya göndərdiyi rəsmi vəsatət və məktublarında da qeyd olunur ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov professor diplomunu qanunsuz yollarla əldə edib, professor diplomunun statusundan qanunsuz istifadə edib. Bununla bağlı artıq sənədlər hazırlanır və Baş Prokurorluğa şikayət veriləcək…
“Hakimin qanunsuz qərarından belə çıxır ki, artıq heç bir KİV informasiya sorğusu verməməlidir…”
İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-nin 1-ci vitse-prezidenti Rasim Məmmədovun hakimin bu qərarına münasibəti daha sərt oldu:
– Məsələdən haliyik… Hakim olduqca əsassız, gələcəkdə ciddi presedent yarada biləcək bir qərara imza atıb. “KİV haqqında” Qanunun 8-ci maddəsində konkret yazılıb ki, KİV-in sorğusu birmənalı olaraq cavablandırılmalıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyanın sədr əvəzi Vəli Hüseynov isə sorğunu cavablandırmır, bu bir günah. Hakim isə belə bir qanunsuzluğu dəstəkləyirsə, bu, onqat günahdır… Rəhbəri olduğum qurum bu məsələni ictimai nəzarətə götürərək aidiyyəti dövlət qurumlarının tədbir görməsini xahiş edəcək… Hakimin qərarı o deməkdir ki, heç bir KİV heç bir dövlət orqanına sorğu verməsin, istədiyini yazsın. Çünki hakim dövlətin adından belə bir qərar qəbul edib. Bu, dövlətin qanunvericilik bazasına kokündən balta çalmaqdır… Hakim düşünmürmü ki, yaxşı, bəs “İnformasiya əldə etmək haqqında” qanun nəyə lazımdır, bəlkə bu qanun ləğv edilsin???
***
Qeyd edək ki, redaksiya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyanın sədr əvəzi cənab V.Hüseynova T-21-11-2017-2 saylı, 21 noyabr 2017-ci il tarixli rəsmi sorğu göndərmişdir. Sorğuda deyilirdi:
“Çox hörmətli Vəli müəllim!
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovla bağlı redaksiyaya daxil olmuş şikayət məktubu ətrafında araşdırma aparılır və yazı dərc ediləcək. Araşdırma qrupunun qarşısında duran suallardan biri ilə əlaqədar aşağıda Sizə təqdim olunan sorğuya cavab verilməsi zərurəti yaranmışdır. “İnformasiya əldə etmək haqqında” və “KİV haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aşağıdakı sorğuların cavablandırılmasını xahiş edirik:
1.Şikayət məktubunda qeyd edilir ki, ADİU-nun rektoru Ədalət Muradov 1998-ci ildə Ukraynada müdafiə etsə də, dissertasiyasındakı problemlərə görə yalnız 26.12.2014-cü ildə ona Azərbaycan AAK-da iqtisad elmləri doktoru diplomu verilmişdir (tanıdılmışdır). Lakin maraqlıdır ki, Ə.Muradova AAK tərəfindən bir ay əvvəl-21.11.2014-cü ildə professor adı verilibdir.
Xahiş edirik, həmin iclas protokolunun çıxarışının surətinin redaksiyamıza təqdim olunmasına göstəriş verəsiniz.
2. Şikayət məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyanın iqtisadiyyat üzrə ekspert komissiyasının sədri, professor Əlican Babayev 2014-cü ildə ekspert komissiyasının sədrliyindən 9 professorun ssverməsi ilə çıxarılmışdır.
Xahiş edirik, həmin iclas protokolunun çıxarışının (aktın) surətinin redaksiyaya təqdim olunmasına göstəriş verəsiniz”.
Onu da xatırladaq ki, “KİV haqqında” Qanunun 8-ci maddəsində yazılır: “ Maddə 8. “Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ”. “Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.
Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir”.
Əlavə şərhə ehtiyac varmı?
//tezadlar.az