MARTİNESİN AYAĞI, TANRININ ƏLİ VƏ QAPI DİRƏYİ!

15-01-2023, 10:13           
MARTİNESİN AYAĞI, TANRININ ƏLİ VƏ QAPI DİRƏYİ!
Təsadüflərin gətirdiyi 3 çempionluq…

(“Futbol üzrə Dünya Çempionatlarının tarixindən maraqlı anlar” silsiləsindən)

I YAZI

Yenicə başa vurduğumuz 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatı bir çox tərəfləri ilə hafizələrdə qalacaq. Əfsuslar olsun ki, tarixində Argentinanın 3-cü dəfə çempion olduğu 22-ci dəfə keçirilən çempionat – FİFA WORLD CUP QATAR 2022 heç də yaxşı tərəfləri ilə xatırlanmayacaq. Çempionatda keçirilən oyunların az qala yarısı şübhə altındadır. Bundan başqa, LGBT olayı, çempionata siyasi müdaxilələr futbolun önünə keçdi. Elə bu məqsədlə 03 dekabr tarixində facebook səhifəmdə çempionatla bağlı belə bir paylaşım etmişdim:

“Qətərdə keçirilən BUKMEKERLƏR ÇEMPİONATINDA 1/8 finalçılar məlum oldu…

Bu çempionat göstərir ki, futbol artıq bitib, onun yerini qumar alıb, siyasət alıb! Bəli, bu, bukmekerlər çempionatıdır! Bu, siyasət dünyasının futbola daha çox müdaxilə etdiyi, onların istəyi və planı əsasında keçirilən çempionatdır! Çempionat bitsin, ətraflı yazacağam. İndi bircə onu deyim ki, bütün böyük komandalar oyun alıb satdı! Adi məntiq bunu deyir. Kritik oyunlarda qolların vurulma dəqiqələrinə baxmaq hər şeyi ortaya qoyur…”

***

Ümumiyyətlə, dünya çempionatları tarixində danışılmış oyun olduğuna heç kəsin şübhə etmədiyi ilk qarşılaşma 1982-ci ildə İspaniyada keçirilən Almaniya-Avstriya oyunu olub. Düzdür, 1978-ci ildə Argentina-Peru oyunu da şübhə altına düşmüşdü, ancaq argentinalılar azarkeşlərinin dəstəyini də arxalarına alaraq, həmin oyunu həqiqətən çox gözəl oynadılar. Nəinki həmin oyunu, hətta qrup oyunlarında İtaliyaya 0-1 hesabı ilə uduzduqları oyun da daxil olmaqla, argentinalılar bütün çempionat boyu gözoxşayan futbol oynadılar və haqlı olaraq çempion oldular…

Yuxarıda bəhs etdiyim facebook paylaşımıma şərh yazan bir çox dostların ricası üzrə 22 dəfə keçirilən dünya çempionatlarının tarixi, maraqlı anları barədə yeni yazı dizimə başlayıram. Çünki həmin vaxt oxucularıma bu sözü vermişdim. İlk yazımı da elə son çempiona həsr edirəm.

***

Qeyd etdiyim kimi, argentinalılar indiyə qədər 3 dəfə çempion olublar. Amma hər üçündə çempion olmaya da bilərdilər. Uğur gətirən təsadüflər hər dəfə Yeni Dünya nümayəndələrinin – Argentinanın tərəfində olub. Sərlövhəyə çıxardığım “Martinesin ayağı, Tanrının əli və qapı dirəyi” heç də təsadüf olaraq seçilməyib, yaşanılan həqiqətlərdən qaynaqlanır.

“Martinesin ayağı” və “Tanrının əlinin” gətirdiyi çempionluqlar barədə şübhəsiz ki, əksəriyyət futbol azarkeşləri məlumatlıdır, biri son çempionatda yaşandı ki, bunu hər kəs gördü. Əlavə vaxtın bitiminə saniyələr qala qara dərili fransız Argentinanın qapıçısı Martinesin ayağına taxılmasaydı, bir az daha dəqiq olsaydı, çempion onlar olacaqdı.

Gənc nəsil “Tanrının əli” məsələsini də bilir, bu haqda internetdə kifayət qədər məlumatlar var. Amma bununla belə, MEKSİKA – 1986 və QƏTƏR – 2022 çempionatları haqqında yazacağım yazılarda bu məsələlərə yenidən qayıdacağam və daha ətraflı bəhs edəcəyəm. Bu gün isə 1978-ci ildə Argentinada keçirilən XI Dünya Çempionatı və çempionluq yolunda qırılma anı olan “qapı dirəyi”ndən bəhs etmək istəyirəm. Həm də “qapı dirəyi” argentinalıları bir yox, üç dəfə xilas edib.

Beləliklə, gəlin 1978-ci ilə səyahət edək, Kempesli, Ardilesli, Bertonili, Passarellalı, Tarantinili, Lyukeli və digər futbol zəkalarının boy göstərdiyi Argentinanın necə çempion olduğuna baxaq. Bu çempionat mənimçün həm də ona görə önəmlidir ki, televiziya vasitəsilə canlı seyr etdiyim ilk çempionatıdır. Məncə, həm də bütün 22 çempionatın ən maraqlısıdır…

Qonşumuz kombaynçı Rəşidin televizoru…

Futbola ilk marağımın tarixi 1970-ci ilə təsadüf edir. O zaman hələ 5 yaşım vardı. Kasıb bir ailə idik, televizorumuz yoxdu. Ümumiyyətlə, o dövrdə kəndimizdə televizoru olan adamlar barmaqla sayılacaq qədər az idi. Onlardan biri də qonşumuz Rəşid kişiydi – kolxozda kombaynçı işləyirdi. Televizoru ona kolxozdan hədiyyə vermişdilər.

Qızmar bir yay günündə Rəşid kişinin oğlu Baratla onların həyətində oynayırdıq. Axşam tərəfi ən az 50-60 nəfərin onlara gəldiyini gördüm. Bunun səbəbini Baratdan soruşanda dedi ki, futbola baxmağa gəliblər. Doğrusu, futbol nədir bilmirdim, necə oynanılır anlayışım yoxdu…

Xülasə, Rəşid kişi televizoru çıxarıb balkona qoydu. Hərə bir tərəfdə yerə sərələnib həsrətlə oyunun başlanmasını gözləyirdi. Futbolumuzun flaqmanı “Neftçi” İrəvanın “Ararat” komandası ilə oynayırdı. Təsəvvür edirsiniz o an Rəşid kişinin həyətində necə bir ortam, atmosfera hakim idi?!

Oyun 3-0 hesabı ilə “Neftçi”nin qələbəsi ilə başa çatdı. Yekə-yekə kişilərin üzündəki sevinc təbəssümlərini, aradan 50 ildən artıq vaxt keçsə də, hələ də unutmamışam. Bu əmilərin, dayıların “Neftçi” hər hücum etdiyində çılğınlıqla yerindən sıçrayıb ayağa qalxması, qışqırıb-bağırması, bizim üçün təhlükə yarananda isə həyəcanla yerində vurnuxması, ermənilərin ünvanına söyüşlərin yağdırılması… bütün bu mənzərə heç bir zaman hafizəmdən silinmədi. Mən həmin gün futbolu və Anatoliy Banişevskini tanıdım və sevdim. Həm də həmin gün mənə agah oldu ki, ermənilər bizim düşmənimizdir və bu düşmənə heç bir zaman məğlub olmaq olmaz!
Qəssab Semanın evində…

Futbolu sevsəm də, həm yaşımın azlığı, həm də televizorumuzun olmaması səbəbilə bu oyunu sistematik olaraq izləyə bilmirdim. Yalnız 1976-cı ildən etibarən “Heftçi” komandasını izləmək imkanım oldu, o da televizordan yox, radiodan. Atamın o dövr üçün ən məşhur olan “Riqonda” markalı bir radioqəbuledicisi vardı, birlikdə, böyük həyəcan içində komandamızın oyunlarını dinləyirdik.

“Neftçi” o il SSRİ çempionatının I liqasında oynayırdı və sezon sonunda Almaatanın “Kayrat” komandasından sonra 2-ci yeri tutdu və Güclülər Dəstəsinə vəsiqə qazandı. O vaxt hər kəs atasından velosiped almasını istəyərdi, mən isə kasıb olduğumuzu, imkansızlığımızı anlayır və belə bir tələb irəli sürmürdüm. Ancaq içimdə bir arzu, istək vardı ki, kaş atam televizor alsın və “Neftçi”nin oyunlarını canlı izləyə bilim. Mənim bu arzum 3 il sonra, 1979-cu ildə gerçəkləşdi. O vaxta qədər isə, əgər oyunlar yay dövrünə təsadüf edirdisə, televizoru olan qonşularımızda baxa bilirdim. Yaz və payız aylarında atam buna izn vermir, “dərslərinlə məşğul ol” deyirdi. Məcburən “Neftçi”ni “İdman” və “Sovetskiy sport” qəzetlərindən izləyirdim.

1978-ci ilin Dünya Çempionatını həvəslə gözləyirdim. Bəxtim onda gətirmişdi ki, çempionatın keçirilməsi yay sezonuna, məktəblərin tətil vaxtına düşürdü. Yoxsa əsla həmin çempionatı izləyə bilməyəcəkdim. Çünki çempionat Argentinada keçirilirdi və saat fərqinə görə, oyunların başlama vaxtı gecəyə düşürdü. Atam heç vaxt imkan verməzdi ki, dərslərimi buraxıb, gecənin gec saatlarında qonşularda futbola baxım. Bir əmma da vardı, biz artıq başqa bir yerə daşınmışdıq və Rəşid dayının evi bizdən xeyli aralı idi.

Sanki Tanrı da mənim arzumu gerçəkləşdirmək istəyirdi. Belə ki, çempionatın başlamasına bir həftə qalmış qapı qonşumuz Süleyman kişi televizor aldı. Hamı ona adının qısaldılmış formasında Seman deyirdi. Qəssab olduğuna görə Qəssab Seman kimi tanınırdı. Təsəvvür edə bilməzsiniz, onun uşaqlarından çox mən sevinirdim. Futbola baxa bilməyim üçün bütün şərtlər vardı. Həm Seman özü futbol azarkeşiydi, həm də çox mehriban qonşuluq münasibətlərimiz vardı, yəni gecənin gec saatlarında oyunları izləmək üçün heç bir problem yoxdu. Digər tərəfdən, qısa müddətdə rus dilində sərbəst danışa biləcək və kommentatorun dediklərini tərcümə edəcək qədər xeyli irəliləyiş etmişdim. Oyunlar Moskvanın “Ostankino” kanalı ilə translyasiya edildiyindən bir gün Seman məni çağırıb dedi ki, çempionatı bizim evdə izləyəcəyik və lazım olan anları mənə izah edərsən. Göylərdə uçurdum… Bu mənim canlı olaraq televizordan izlədiyim ilk dünya çempionatı idi…

Çempionatı boykot təşəbbüsü

Bəlkə də çoxlarınıza məlum deyil – Argentinada keçirilən futbol üzrə XI Dünya Çempionatı keçirilməyə də bilərdi. Çünki çempionat boykot təhlükəsi ilə üz-üzə qalmışdı…

XI Dünya Çempionatı ən maraqlı çempionatlardan biri olmasıyla bərabər, həm də ən mübahisəli çempionatlardan biridir. Argentina millisinin möhtəşəm zəfəri, aradan 45 il keçməsinə baxmayaraq, hələ də mübahisə mövzusudur. Belə ki, çempionatın başlanmasına 2 il qalmış – 1976-cı ildə Argentinada general Xorxe Rafael Videlanın başçılığı altında hərbi xunta Xuan Peronun qanuni hakimiyyətini devirib iqtidarı ələ almışdı. Bu günün özündə də düşüncələrdə belə bir iddia hakimdir ki, hərbi xuntanın, konkret olaraq general Videlanın yardımı olmasaydı, Sezar Luis Menottinin yetirmələri əsla çempion ola bilməzdilər. Bir sözlə, xuntanın törətdiyi vəhşətlərin səbəb olduğu xəbər kirliliyi “La Albiceleste”nin – “ağ-mavililər”in görkəmli başarısının üstünə bu günün özündə də kölgə salır.

Burada əhəmiyyət kəsb edən bir məqama da diqqət etmək lazımdır ki, Videla xuntası bu çempionata bir fürsət kimi baxırdı – siyasi basqılardan qurtulmaq və ölkə əhalisini rahatlatmaq fürsəti kimi. General bu çempionatdan iki məqsəd güdürdü:

– çempionatın yüksək səviyyədə təşkil edilməsi ilə hərbi xunta dünya ictimaiyyətinin diqqətini ölkədə baş verən siyasi cinayətlərdən yayındırmaq və bütün diqqəti futbola fokuslandırmaq niyyəti güdürdü;

– elə bir komanda formalaşdırmaq istənirdi ki, bu komanda çempionluğa oynasın. Əldə olunacaq çempionluq xuntanın siyasi repressiyalarından bitmiş, tükənmiş Argentina vətəndaşlarında vətən duyğusu oyatmaq, vətənləriylə qürur duymaq duyğusu aşılamaq üçün bir fürsət olaraq görülürdü.

Təsadüfi deyil ki, həmin çempion komandanın üzvlərindən biri, Argentina millisinin sabiq yarımmüdafiəçisi Rikardo Vilya illər sonra deyəcəkdi: “Heç bir şübhə yoxdur ki, bizdən siyasi məqsədlər üçün istifadə olundu!”

1978-ci il dünya çempionatına ev sahibliyi etmək hələ 1964-cü ildə argentinalılara vəd edilmişdi. İki il sonra FİFA Konqresi rəsmi olaraq Argentinanı 1978-ci il dünya çempionatının ev sahibi kimi təsdiqlədi. Bu turnir iyirmi dörd komandanın iştirak edəcəyi ilk turnir ola bilərdi (bu reforma 4 il sonra İspaniyada gerçəkləşdirildi). FİFA prezidenti vəzifəsini icra edən braziliyalı Joao Avelanj vəzifəsinə başladığı ilk günlərdən Dünya Kubokunu genişləndirmək ideyasını irəli sürmüşdü. Ancaq 1974-cü ildə FİFA prezidenti Argentinadan ölkənin 24 və ya ən azı 20 komandanın iştirak edəcəyi turnirə ev sahibliyi edə biləcəyini soruşduqda, mənfi cavab aldı.

Baxmayaraq ki, argentinalıların çempionata hazırlıq üçün 12 il vaxtları vardı, ancaq sonradan məlum oldu ki, təşkilatçılar əvvəlcədən müəyyən olunan vaxta qədər hazırlıqları tamamlaya bilməyəcəklər. Məlum 1976-cı il hadisələri vəziyyəti daha da gərginləşdirdi. Videlanın müşavirləri ona vəsait çatışmazlığı üzündən çempionatı keçirməkdən imtina etməyi təklif etsələr də, o, buna razılıq vermədi. Çünki, yuxarıda da qeyd edildiyi kimi, general Videla xunta rejiminin imici üçün bu çempionatı böyük bir fürsət olaraq görürdü.

Ancaq həm çempionata hazırlıq işlərinin gecikməsi, həm də iqtidarı ələ alan xunta rejiminin törətdiyi vəhşətlər FİFA-nı sərt addımlar atmağa sövq etdi. Belə ki, bütün ölkədə hərbi vəziyyət elan edilmiş, repressiyalar nəticəsində 5000-dən yuxarı vətəndaşın həyatını itirdiyi barədə dünya mediasında xəbərlər yayılmışdı. Təbii ki, FİFA siyasi hadisələrə qarışmadığını bildirsə də, Argentinanın yeni rəhbərliyindən tam təhlükəsizlik qarantiyası tələb etdi, əks-təqdirdə Argentina çempionatı keçirmək hüququndan məhrum edilə bilərdi.

General Videla FİFA-ya istədiyi qarantiyanı verdi. Dünya çempionatının keçirilməsi üçün Təşkilat Komitəsinin başına Xorxe Rafaelin yaxın çevrəsinə daxil olan Omar Aktisin gətirilməsi FİFA-nı bir az da olsun rahatlatmış oldu. Çünki Omar Aktis təşkilatçılığı və futbola bağlılığı ilə tanınırdı. Lakin onun partizanlar tərəfindən öldürülməsi vəziyyəti daha da gərginləşdirdi. Nəticədə bir çox Avropa ölkəsi, başda Niderland olmaqla, dünya çempionatını boykot taktikasını seçdilər. Həmin dövrün Qərb mətbuatını araşdırarkən məlum olur ki, boykotçular sırasında siyasilərlə yanaşı məşhur futbolçuların da adı keçir. Məsələn, Niderland millisinin ulduzu, “Qızıl top” mükafatının üçqat sahibi niderlandlı Yohan Kroyf və Qərbi Almaniya yığmasının üzvü Paul Braytner…

Ardı var
Fərəməz Novruzoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.