Homoseksual müctəhidin amansız intiqamı

6-02-2023, 21:11           
Homoseksual müctəhidin amansız intiqamı
Mərcei-təqlid, ayətullah Ruhullah Musəvi Xomeyninin gizəmli keçmişi…

Aradan 44 il keçir… Amma sanki hər şey dünən baş verib. O zaman 13 yaşım yenicə tamam olmuşdu, 7-ci sinifdə oxuyurdum. Tarixə olduqca böyük maraq göstərirdim. Fənn müəllimimiz Xalidə xanım analıq məzuniyyətinə çıxdığına görə, tarix dərsini bizə onun böyük qardaşı Asif Hüseynov tədris edirdi. Asif müəllim yaxın qohumumuz idi. Bilmirəm bu səbəbdəndi, yaxud hər şeyə xüsusi marağımı nəzərə alıb, mənimlə digər şagirdlərdən fərqli olaraq, daha çox ilgilənirdi. Mən də bu fürsətdən istifadə edib, tarixlə bağlı ona dərslikdən kənar marağımı çəkən suallar verirdim. O da həvəslə danışırdı…

Asif müəllim həm olduqca savadlı müəllim idi, həm də sehirləyici ritorikası vardı. Desəm ki, onun və ünlü sənətkarımız Səməndər Rzayevin sehirli səsinin təsiri altına düşmüşdüm, heç də yalan olmaz. Fikir və düşüncələrimin formalaşmasında ilk və ən böyük rolu olan adam Asif müəllim idi. Onun hər sözü mənimçün Quran ayəsi qədər əhəmiyyət daşıyırdı. Onun hər fikri mənimçün həqiqətin özü demək idi. Bir sözlə, onu özümə ustad hesab etmişəm. Çox təəssüf, bu həyatdan tez köçdü… cəmi 35 yaşı vardı…

Bugünkü gün kimi xatırlayıram, 1978-ci ilin dekabr ayı idi. İranda bir ildi davam edən inqilabi hərəkata Təbriz də qoşulmuşdu…

Şaxtalı bir gecəydi, yağan qar qurşağa qədər çatırdı. İran televiziyasından Təbrizdə baş verən hadisələr göstərilirdi. Ev əhli o vaxtkı ən populyar verilişlərdən biri olan "Komediyalar aləminə səyahət”ə baxmaq istəyirdi. Ancaq ailəmiz mühafizəkar bir ailə idi, atamın avtoritar rejimi hökm sürürdü. O nə istəsə, o olurdu. Xülasə, mən də atamla birlikdə Təbrizin ayağa qalxmasını, inqilab etməsini izləyirdim. Elə bu vaxt atam dodaqaltı, ahəstə səslə, öz-özünə belə bir ifadə işlətdi: "Təbriz ayağa qalxdısa, bu, şahın sonu deməkdir!”

Tərslikdən ertəsi gün tarix dərsimiz yox idi. Dözmədim, birbaşa müəllimlər otağına gedib, atamın ifadə etdiyi fikri Asif müəllimə dedim, Təbriz və inqilabla bağlı onun düşüncələrini öyrənmək istədim. Asif müəllim Xiyabani, Pişəvəri inqilablarından danışıb, Təbrizin önəmi haqda mənə xeyli bilgi verdi. Amma axırda öz təəssüfünü də dilə gətirdi: "Bu inqilabın oradakı soydaşlarımıza heç bir xeyri olmayacaq. Adi, aşağılıq bir homoseksual – İmam Xomeyni adlı şarlatan hakimiyyətə gələcək və bütün İran xalqlarının, o cümlədən orada yaşayan Azərbaycan türklərinin haqq və hüquqlarını pozan dini rejim quracaq! Çox təəssüf!”

Asif müəllimin bu sözlərində diqqətimi çəkən iki xüsusi məqam vardı: birincisi, biz türkük; ikincisi, Xomeyni kimdi və homoseksual nə deməkdir?

Ustadın izahatından sonra bildim ki, biz türk xalqıyıq, Xomeyni haqqında da kifayət qədər məlumat verdi. O ki qaldı onun homoseksuallığına, müəllimim dedi ki, "yəni Qız Cavanşir kimi bir şeydi” o boyda inqilabın başında duran adam.

Mənə çox qəribə gəlmişdi Asif müəllimin sözləri. Axı necə ola bilər ki, böyük bir coğrafiyada müxtəlif sülalələrin hökm sürdüyü, 2700 illik tarixi olan şahlıq rejimini (Midiyalılardan tutmuş Pəhləvi rejiminin süqutuna qədər) çökdürən milyonlarca insanın qoşulduğu möhtəşəm inqilabi hərəkata bizim qonşu kəndçi "Qız Cavanşir”in prototipi olan bir məlun, aşağılıq adam rəhbərlik etsin? Amma Asif müəllimin dedikləri özünü doğrultdu, bir ay sonra – 1979-cu ilin yanvarında şah İranı tərk etdi və İmam Xomeyni adlı şəxs Fransadan sürgündən qayıdıb, bütün iqtidarı ələ keçirdi və qısa zamanda sərt dini rejim qurdu…

***



Aradan təxminən 10 il keçəndən sonra Azərbaycanın şimal hissəsində də ümumxalq hərəkatı başladı. Təbii ki, xarakterim etibarı ilə mənim bu xalq hərəkatından kənarda qalmağım mümkün deyildi. Nəinki hərəkata qoşuldum, hətta onun ön sıralarında oldum. Olduqca fəallıq göstərməyim, aqressiv xarakter və antisovet ruhum SSRİ DTK-nın diqqətini çəkməyə bilməzdi. Bu səbəblərdən dolayı, 27 yanvar 1990-cı il tarixdə SSRİ DTK-nın "Alfa” qrupu tərəfindən həbs olundum və Moskvaya, "Lefertovo” həbsxanasına göndərildim.

Məni istintaq edən müstəntiq – Mixail İvanoviç Osin olduqca maraqlı personaydı. 3 ay müddətində hər həftənin 1-5-ci günləri məni istintaq etdi. Əslində, buna istintaq da demək olmazdı. Biz sadəcə, söhbət edirdik. Mövzumuz isə müxtəlif olurdu – bir vaxtlar SSRİ-nin ABŞ-da səfiri, sonradan Sov. İKP MK katibi olmuş Anatoliy Fyodoroviç Dobrınindən tutmuş Atatürkə, Maxatma Qandidən Heydər Əliyevə, Nemət Pənahlıdan Məhəmməd Hatəmiyə, İmam Xomeynidən Teodor Herzlə qədər hər kəsi, onların fəaliyyətini, xarakterik xüsusiyyətlərini müzakirə edirdik.

Osin son dərəcə savadlı, məlumatlı şəxs idi. Hiss edirdim ki, o, müstəntiqdən daha çox diplomat, yaxud xarici kəşfiyyat mütəxəssisidir. Orta Şərqin siyasi durumunu, tarixini, mədəniyyətini, adət-ənənəsini dərindən bilirdi. Əgər gələcəkdə memuar yazaramsa, Osinlə söhbətlərimiz mütləq orada öz əksini tapacaq və mən bu haqda memuarımda daha ətraflı bəhs edəcəm…

Bir gün Osinlə İran mövzusunu müzakirə edirdik. O, əhəmənilərdən başlayaraq İmam Xomeyniyə qədər İran tarixini elə korrekt izah etdi ki, sanki 3 cildlik tarix kitabının xülasəsini oxudum. Söhbətinin sonunda isə belə bir fikir söylədi: "Жаль, что сегодня этой географией с древней и великой культурой руководит неполноценный гомосексуал…”

– О чем вы, разве был ли Хомейни гомосексуалистом? – az qala qışqıraraq sual etdim.

Mixail İvanoviç məndən fərqli olaraq, təmkinini pozmadan, sakit tərzdə dedi:

– Да, он был и гомосексуалистом, и отвратительным педофилом!

***

İl 2004, Əvəz Zeynallının "Xural” qəzetində mütəmadi olaraq geniş həcmli araşdırma yazılarım dərc olunurdu. Bəhs etdiyim mövzuların içərisində İran tarixi və hal-hazırda bu coğrafiyada iqtidarda olan dini rejim xüsusi yer tuturdu.

Bir gün Rafiq Tağı "Xural”da dərc etdirmək üçün yazı gətirmişdi. Çoxdan bu maraqlı adamla tanış olub, söhbətləşmək istəyirdim. Birlikdə çay evinə getdik. 5 saat ərzində müxtəlif mövzularda müzakirələr apardıq. Söhbət hərlənib-fırlanıb Tehran molla rejimi və bu rejimin qurucusu Xomeyninin üzərinə gəldi.

Rafiq bəy söhbət əsnasında dedi ki, Xomeyni heç də İran kökənli deyil, ingilisdir və Britaniya Krallığı xüsusi xidmətinin yetirməsidi. Sonra da özündən əmin halda bunu əlavə etdi:

– Xomeyni pedofil və homoseksual olub! Amma təəssüflər olsun ki, on milyonlarla insan bu pisliyi xilaskar obrazında görür…

Həyatım boyunca 3-cü dəfə idi ki, ciddi adamlar tərəfindən Xomeyninin pedofilliyi və homoseksuallığı barədə eşidirdim. Ancaq bunlar mənimçün əsas ola bilməzdi. Bunu sübut edən ilkin qaynaqlar olmasa, buna inanmaq çətin idi. Doğrudu, Rafiq Tağı mənə bu barədə bəzi qaynaqların adını çəkdi, ancaq həmin qaynaqlar ya fars, ya da ingilis dilində olduğundan onları axtarıb tapmağın mənası yoxuydu, çünki bu dillərin heç birini bilmirdim.

Rafiq Tağı ilə söhbətimizdən bir neçə ay sonra Türkiyənin telekanallarından birində bu mövzu ilə bağlı bir verilişə baxdım. Təəssüf ki, orada göstərilən mənbələr də fars, fransız və ingilis dillərindəydi. O vaxt mövcud internet resursları da indiki qədər inkişaf etməmişdi ki, məni maraqlandıran informasiyaları, heç olmasa, rus dilində əldə edə bilim.

Nəhayət, 2010-cu ildə lazımi informasiyaları rus dilində əldə edə bildim…

***



İran şahı Məhəmməd Rza Pəhləvi 16 sentyabr 1941-ci ildən hakimiyyətdə idi. II Dünya müharibəsinin gedişində Böyük Britaniya və SSRİ silahlı qüvvələri Hitler Almaniyası ilə yaxın münasibətləri olan İran şahı Rza Pəhləvini iqtidardan salmaq üçün bu ölkəyə qoşun yeritdilər. Şah, oğlu Məhəmmədin xeyrinə hakimiyyətdən əl çəkib, ölkəni tərk etdi. Beləliklə, 22 yaşlı gənc bir oğlan 2700 illik dövlətçilik ənənəsi olan böyük bir coğrafiyada iqtidara gəldi.

Hakimiyyətinin ilk illərində gəncliyi və təcrübəsizliyi şahı Qərb imperializminin əlində bir marionetə çevirmişdi. O da nəzərə alınmalıdır ki, İranda şahlıq rejimi olsa da, konstitusiyalı monarxiya idi. Yəni ölkənin seçkilər yoluyla qurulan məclisi və bu məclisin seçdiyi nazirlər kabineti mövcud idi.

Gənc və təcrübəsiz şahın öz hakimiyyətini qorumaq xatirinə imperialist qüvvələrə bir çox güzəştlərə getməsi şübhəsiz ki, ölkə daxilində onun avtoritetini zəiflədirdi. II Dünya müharibəsindən sonra şahın İranın neft yataqlarını dəyər-dəyməzinə ABŞ və Britaniya şirkətlərinə güzəştə getməsi ona qarşı çox güclü milliyətçi hərəkatın formalaşmasına səbəb oldu. Bu müxalif qüvvələrə Məhəmməd Musaddıq adlı şəxs liderlik edirdi. Seçki yoluyla 28 aprel 1951-ci ildə Musaddıq İranda hakimiyyəti ələ aldı və Baş Nazir kimi ölkəni idarə etməyə başladı. Şah artıq formal bir fiqur idi, heç bir səlahiyyətə malik deyildi. Bir müddət sonra isə, şah, ümumiyyətlə, ölkəni tərk edib, əvvəlcə Bağdada, sonra da Romaya getdi.

Məhəmməd Musaddıq ata tərəfdən Xorasan türkü, ana tərəfdən isə Qacar şahlarının nəslindəndi. Onun fars kökənli olmaması digər etnik qruplar tərəfindən də xoş qəbul olunmasına səbəb verirdi. Musaddıqın başlatdığı reformlar qısa müddətdə nüfuzunu xeyli yüksəltdi. Onun "Anglo-Iranian Oil Company Ltd” şirkətinin İrandakı təsislərini milliləşdirmə qərarı və kənd təsərrüfatı sahəsində köhnə feodal sisteminin ortadan qaldırılması milliyətçi çevrələrdə böyük sayğı qazansa da, özünə qarşı güclü müxalifətin ortaya çıxmasına da səbəb oldu. Bu müxalifətin başında CIA və MI6 dururdu.

1953-cü ilin avqust ayında ABŞ və İngiltərə kəşfiyyat orqanlarının birlikdə hazırladıqları "Ayaks əməliyyatı” nəticəsində Məhəmməd Musaddıq hakimiyyətdən uzaqlaşdırıldı. Romaya qaçmış İran şahı geri dönüb, xarici havadarlarının sayəsində yenidən taxta oturdu. Musaddıqın bütün İran xalqlarının azad yaşaya biləcəyi milli-liberal yönümlü respublika qurmaq xəyalı suya düşdü.

Yenidən hakimiyyətə qayıdan Məhəmməd Rza şahın ilk işi Musaddıqın İranın neft sektorunun milliləşdirmə qərarını ləğv etmək oldu. Şahın bu addımından razı qalan ABŞ və İngiltərə hökumətləri ona bütün dəstəklərini verdilər. Nəticədə bu iki dövlət xüsusi xidmət orqanlarının maddi və texniki köməyi sayəsində 1957-ci ildə gizli polis təşkilatı olan SAVAK quruldu. Şahın bu hadisələrdən sonra 20 ildən artıq bir müddətdə hakimiyyətdə qalması məhz SAVAK sayəsində olub.

Çox qəribədir ki, şah SAVAK-ın əliylə bütün müxaliflərini zərərsizləşdirsə də, dini təmayüllü radikal düşərgəyə daha loyal yanaşırdı. SSRİ DTK arxivlərindəki sənədlərdən birində bu haqda deyilir:

"Любая оппозиция монархии была запрещена в Иране и жестоко подавлялась спецслужбой САВАК, применявшей изощрённую жестокость. В её застенках сидели сотни тысяч иранцев.

Поскольку многие активные сторонники Национального фронта Ирана были или физически уничтожены или бежали из страны, единственной силой противостоящей шаху осталось духовенство, одним из ярких представителей которого был священник из города Кума Рухолла Хомейни. Духовенство опиралось на самую бедную часть населения религиозных исламских общин, где авторитет шаха был минимальным…”

DTK mənbələri siyasi fəaliyyətinin ilk dövrlərində Xomeyniyə şah rejiminin loyal yanaşmasını iki səbəblə əlaqələndirirdi:

– birincisi, dini cəbhənin kommunizmə və Sovet İttifaqına münasibəti olduqca mənfi idi. ABŞ və İngiltərə Xomeyni və tərəfdarlarından gələcəkdə CCRİ-yə qarşı istifadə etməyi planlayırdı;

– ikincisi, dini rəhbərliyə qarşı diskriminasiya siyasəti İranın kasıb təbəqələrinin şah rejiminə, dolayısıyla bu rejimin himayədarları olan ABŞ və İngiltərəyə qarşı qaldıra bilərdi.

***



Ötən əsrin 50-ci illərinin sonunda Sovet kəşfiyyatı şah rejiminin silahlı qüvvələrinin bir mənsubunu "verbovka” edir. Bu şəxs sonradan generallıq rütbəsinə yüksəlmiş və 1977-ci ildə SAVAK tərəfindən ifşa olunaraq güllələnmiş Əhməd Muharrebi idi. O, SSRİ DTK-ya şah rejiminin İngiltərə və ABŞ dövlətləri ilə gizli planları, o cümlədən rejimə qarşı radikal müxalifətçilik edən dini kəsimin lideri Ruhulla Xomeyni barədə çox qiymətli məlumatlar ötürür. Həmin məlumatlardan birində deyilir ki, əslində, Xomeynini yetişdirib ortaya çıxaran ingilis kəşfiyyatıdır. Onlar düşünürlər ki, şah fikrini dəyişib, fərqli siyasət yürüdərsə, ona qarşı Xomeyni faktorundan istifadə edə bilərlər. Muharrebi DTK-ya onu da bildirmişdi ki, Xomeyninin özəl həyatı barədə gizli dosye ingilis kəşfiyyatı tərəfindən SAVAK-a verilib, amma şahın bu dosyedən hələ xəbəri yoxdur. Məşhur agentin bu məlumatından o nəticə hasil olur ki, SAVAK şahdan daha çox İngiltərə və Amerika kəşfiyyatına bağlı imiş. Xomeyninin özəl həyatı ilə bağlı dosyenin SAVAK-a ötürülməsi də diqqəti çəkir. Görünür, ingilislər onun da (Xomeyninin) göstərilən yoldan çıxacağı təqdirdə cəzalandırılmasını əvvəlcədən düşünüblər.

Muharrebinin məlumatında özəl dosyedən bəhs olunsa da, bu dosyenin mahiyyəti barədə ya məlumatı olmayıb, ya da DTK məlumatın bu hissəsini yaymayıb. Biz bu dosyenin mahiyyəti ilə bağlı məlumatları digər mənbələrdən əldə edə bildik.

***

1970-ci illərdə İran artıq 20 il öncəki İran deyildi. Neft satışından əldə olunan gəlirlər hesabına ölkədə modernləşmə, Qərb texnologiyası əsasında sənayenin inkişafı gözlə görüləcək qədər irəli getmişdi. Şah 70-ci illərin ortalarında özünün yeni iqtisadi plan-proqramını açıqladı. Bu proqrama görə, İranın 2000-ci ildə dünyanın ən böyük 5-ci iqtisadi gücü olacaqdı.

Lakin korrupsiya və rüşvətin artması, insan haqq və hüquqlarının pozulması radikal dinçi qüvvələrin gücünü getdikcə artırır və ölkə siyasi xaosa sürüklənirdi. Dövrün Amerika prezidenti Cimmi Karter şahdan tələb edir ki, liberal reformalara getsin. Bu təzyiq nəticəsində Xomeyninin səsi yazılmış və "Soxanrani majabi” ("dini leksiyalar”) adı verilən kasetlərin yayılmasının qarşısı alınmır. O vaxt SAVAK-ın tanınmış simalarından olan Pərviz Sabiti və hökumətə yaxın media qurumlarından birinin rəhbəri Amir Tahiri belə hesab edirdilər ki, bu qərar olduqca yanlış qərarıydı və rejimin sonunu gətirdi. Hətta Tahiri qeyd edirdi ki, kasetdəki səs Xomeyniyə məxsus deyilmiş, SAVAK tərəfindən hazırlanan aktyor tərəfindən səsləndirilirmiş. O, bununla məhz ona vurğu edirdi ki, Xomeyni ingilis kəşfiyyatı tərəfindən hazırlanmış biridi, SAVAK da ingilis kəşfiyyatının göstərişini yerinə yetirir. Buradan o qənaətə gəlmək mümkündür ki, İran siyasətində müttəfiq kimi çıxış etsələr də, bəzi məqamlarda ABŞ və İngiltərənin maraqları toqquşurmuş. Bu da neftdən daha çox pay götürməklə əsaslandırılırdı.

Elə bu səbəbdən də, ABŞ şaha liberal reformalara getməyi tələb etsə də, onun hakimiyyətdə qalmasını istəyir, İngiltərə isə, SSRİ ilə birlikdə şahın getməsini istəyirdi. Bəs, burada SSRİ-nin marağı nə idi? Baxmayaraq ki, şah İranın şimalındakı neft yataqlarını şimal qonşusu ilə birlikdə işlətməyi təklif edirdi, ancaq DTK bu təklifi səmimi hesab etmir, həm də bu yataqların Fars körfəzindəki yataqlardan daha az rentabelli olduğunu düşünürdü.

Hadisələrin bu həddə qədər dırmandığı bir dövrdə Xomeyninin oğlu Mustafa dünyasını dəyişir. İngilis mediası bu faktdan dərhal istifadə edir. O dövr qəzetlərində yazılırdı ki, Mustafa Xomeyninin ölümü heş də təbii olmayıb və sui-qəsdə oxşayır. Şübhəsiz ki, belə bir versiyanın ortaya atılması ata Xomeyninin şah rejiminə qarşı daha aqressiv mövqe tutmasına hesablanmışdı. Nəticə özünü tez zamanda göstərdi. Qısa müddət ərzində dinçilərin etiraz dalğası daha da artdı və şah bir-birinin ardınca böyük səhvlər buraxmağa başladı. Bunu onun imzaladığı və müxalifətə güzəşti özündə əks etdirən bir qərarı qısa müddət sonra başqa qərarla əvəz etməsi də bariz sübut edir. Şahın bir-birinə zidd onlarca belə qərarı olub.


***



1978-ci il yanvar ayının 3-də ABŞ prezidenti Cimmi Karter Tehrana gəlir. Rus və türk qaynaqlarında bu vizit onunla əsaslandırılır ki, amerikalı prezident şahdan tələb edir ki, Ruhullah Xomeyninin özəl həyatı ilə bağlı dosye işıq üzü görsün və bu dosye onun diskriminasiyası üçün istifadə edilsin. Şah təəccüblə "hansı dosyedən söhbət gedir” deyə sorduğunda (yuxarıda da qeyd etdiyim kimi, şahın bu dosyedən xəbəri yox imiş) ona dosyenin SAVAK-da olduğu bildirilir. Lakin SAVAK əlində belə bir dosyenin olduğunu inkar edir. Bu bir daha onu sübut edir ki, həm SAVAK, həm də ingilis kəşfiyyatı şahın devrilməsində maraqlı olublar. SAVAK-ın dinçilərin protestolarına şahın əmri olmadan müdaxilə etməsi, etiraz aksiyalarına atəş açıb, minlərlə insanın ölümünə səbəb olması, əslində, bütün körpüləri yandırmağa hesablanmışdı desək, yanılmarıq.

Hadisələrin sonrakı gedişatından görünən o ki, ingilislərin hazırladığı Xomeyniyə aid dosyenin bir surəti də amerikanlarda imiş. Belə ki, Karterin şahla görüşündə SAVAK onda belə bir dosyenin olmadığını bildirsə də, amerikalı prezident əlindəki məlumatları faktoloji olaraq Məhəmməd Rzaya təklif edir. Lakin şah bəlkə də həyatının səhvini edir və Karterə bu cavabı verir: "Mən düşmənimlə də kişi kimi savaş aparmağın tərəfdarıyam!”

Şah amerikalıların təklifini rədd etsə də, Karterin gedişindən bir neçə gün sonra iki məşhur qəzetdə anonim imza ilə bir məqalə dərc olunur. Həmin bu məqalənin tam versiyası amerikalı blogger və yazıçı Etan Çukermanın yazıçıların, bloggerlərin və aktivistlərin beynəlxalq cəmiyyəti – Global Voices-də, həmçinin rus mənbələrində "Черно-красный империализм” adı altında dərc olunub.

Məqalədə Ruhullah Xomeyninin homoseksuallığı və pedofilliyi haqqında geniş bəhs olunur. Həmçinin qeyd olunur ki, bu iddialar konkret faktlara, sənədlərə əsaslanır və məqalənin növbəti hissəsində bu sənədlərin göstəriləcəyi yazılır.

Məqalə əvvəlcə dövlətə məxsus "Ettelaat” qəzetində dərc olunur (05 yanvar 1978-ci ildə). Ertəsi gün "Ayandeqan” qəzetində dərc olunur. Yazı anonim imza ilə dərc olunsa da, SAVAK məqalənin əsil müəllifini dərhal müəyyən edir. Bu, Dariyuş Xomayun adlı şəxs olub. O, şah rejiminin İnformasiya və Turizm naziri idi. Liberal yönümlü siyasətçi Xomayun həm də İranın xarici siyasət kursunda ABŞ-la daha yaxın münasibətlərin tərəfdarı idi. Dariyuş Xomayun əvvəllər "Ettelaat” qəzetində çalışıb, "Ayandeqan” isə birbaşa onun yaratdığı qəzet idi. Bu səbəbdən Xomeyninin homoseksual və pedofil olduğunu açığa çıxaran məqalənin onun tərəfindən yazıldığı şübhə doğurmurdu. SAVAK-ın təkidilə Xomayun nazir vəzifəsindən uzaqlaşdırılır və bir müddət sonra "Xomeyninin təhqir edilməsi” bəhanəsilə yeni mərhələyə qədəm qoyan və SAVAK tərəfindən qızışdırılan inqilabi dalğanı sakitləşdirmək məqsədilə Dariuş Xomayun və başqa bir neçə iri çinli məmur həbs olunurlar.

Lakin hadisələr səngimir, daha bir il davam edir. Nəhayət, 1978-ci ilin dekabr ayında Təbrizin və bütövlükdə Cənubi Azərbaycanın inqilaba qoşulması öz sözünü deyir. Bütün xarici mətbuat hadisəni "İran İslam İnqilabında Azərbaycan faktoru” kimi qiymətləndirir və qeyd edirdilər ki, əgər Azərbaycan inqilaba qoşulmasaydı, Xomeyni əsla qalib gələ bilməzdi. Ancaq bu, tamam başqa bir mövzunun söhbətidir, vaxt və imkan olsa, buna ayrıca toxunacağıq.

Son olaraq, bir məqama da toxunum. Yəqin ki, dəyərli oxucularımı bəhs olunan dosyelərin sonrakı taleyi maraqlandırır. İddialara görə, SAVAK-ın əlindəki dosye Xomeyninin özünə təqdim olunur və o da bu təşkilatla işbirliyini davam etdirir, sadəcə, bir müddət sonra adı dəyişdirilir, bütün strukturlar və işçilər qorunub saxlanır, hətta daha da təkmilləşdirilir.

Amerikalılarda olan və Dariuş Xomayunun istifadə etdiy dosye isə 1981-ci ildə ABŞ səfirliyinin girovluqda saxlanılan əməkdaşlarının azad edilməsi qarşılığında İmam Xomeyniyə təslim edilir. Dariuş Xomayun isə 1979-cu ildə, artıq Xomeyni rejimi dövründə möcüzəvi şəkildə həbsdən qaçıb, əvvəlcə Türkiyəyə, sonra da İsveçrəyə gedir. Ömrünün sonuna qədər İslam rejimi ilə mübarizə aparır. Onun qəzetlərinin fəaliyyəti islam rejiminin prokurorunun sanksiyası ilə dayandırılır və bütün mülkü, arxivlə birlikdə yandırılır.

Xomeyninin pedofilliyi və homoseksuallığını fəaliyyətindən də açıq şəkildə görmək mümkündür. Məsələn, risaləsinə – "Ət-Təhrirul-vəsilə”nin 2-cild, 241-ci səhifəsində 12-ci məsələyə baxın. Bu, onun pedofil olduğuna aşkar sübutdur. Homoseksuallıq məsələsinə gəlincə, hal-hazırda İran homoseksualların cinslərini dəyişmək məsələsində dünya ölkələri arasında liderlərdəndir. Onlar bunu 1982-ci ildə Xomeyninin fitvası ilə əlaqələndirirlər. Risalənin 12-ci məsələsi (pedofillik) və 1982-ci il fitvası (homoseksuallıq və cinsiyyətin dəyişməsi ilə bağlı) ayrıca bir mövzudur və bu məsələyə də gələcəkdə mütləq toxunacağıq.

Hesab edirəm ki, mövzuya imkan daxilində geniş və əhatəli toxuna bildik. Belə bir rəzil adamın – Ruhullah Xomeyninin qurduğu rejim bu gün bütün dünyanın qarşısında böyük problemə çevrilib. Ən çox əziyyət çəkən isə Azərbaycandır. Ölkəmizdə 10 minlərlə Xomeyni və İran yanlısı var. Onların müəyyən qismi molla rejiminə nökərçilik etsələr də, əksər hissəsi yanılan, təsirə düşən cahil və zavallılardır. Bax, təsirə düşən həmin zavallı insanlarımızı mütləq şəkildə cinayətkar molla rejiminin təsirindən qurtarmalıyıq…

Müəllif: Fərəməz Novruzoğlu

Mənbə: Boyuksherg.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.