Batin alimi yazır: "Hanı öydüyümüz bəg ərənlər..."
7-02-2023, 11:38
Kitabi Dədə Qorqudun sirli cümlələrindən biri
də bəg ərənlər haqqındakı -"Hanı öydüyümüz bəg ərənlər, "Dünya mənim" deyənlər" cümləsidir. Kitabda bəg ərənlərin "Dünya mənim" deyərək öyünməsi təbii ki, təsadüfi ola bilməz. Dünyanı özününkü, yalnız onun sahibləri saya bilər və bu o deməkdir ki, qədim dünyanın sahibləri məhz bəg ərənlər olmuşlar. Sahib sözü məntiqlə ya yaradana, ya da onu qanuni yolla başqasından alana deyirlər. Başqa sözlə, bəg ərənlər dünyanı ya özləri yaradıblar, ya da kimdən isə alıblar, qəbul ediblər.
Qədim mənbələrdə dünya dedikdə yaşadığımız fiziki dünya yox, göydəki dünya, yəni cənnət nəzərdə tutulur ki, Tövrata görə bu dünyanı Allah altı günə yaratmış, yeddinci gün isə dincəlmişdir. Qədim İran mənbələrində, göydə yaradılmış bu dünya Raman dünyası adlanır və bu da qədim Misirin Ra-Amon Allahının göydə yaratdığı dünya anlamındadır. Mətnlərdə bu dünya Arian, yəni Aran - ərənlərin mistik dünyası kimi də göstərilir və məhz bu dünyanın hesabına farnbaqlar (firon-bəglər) nəsli fövqəladə qüdrətə malik olmuşdular. Avestada və Əhəmənilərin Hörmüzü ilə bağlı təriqətlərdə, xoşbəxtliyin səbəbləri - qüdrətli və ədalətli hökmdar dünyasının olmasıdır. Qatalarda bu dünya - bilavasitə hakimiyyət, qüdrət, güclə əlaqələndirilib, xoşbəxt həyatın, inkişafın əsası sayılırdı. İran mənbələrinə görə ərənlərin İlahi qüdrəti farbaq/farnbaq odu ilə bağlıdır ki, bu da bəglərin far (fərr) adlanan İlahi odunun hesabına qüdrətli olması anlamındadır. Far/fərr rəmzi efir, yəni ilkin materiya mənasındadır və sufilər bu substansiyanı Hü, İlah adlandırırlar. Deməli, farbaq - "İlahla vəhdətdə olan bəg" deməkdir ki, sufizmdə bəg rəmzi, bəqa fazasında İlahla vəhdətə nail olmuş pirə, yəni firona deyilir. Tərikə yolunu gedən Türk bəqa fazasında, yəni bəglik məqamında İlahla vəhdətə nail olub, ondan ölümsüzlüyün və əbədi şahlığı yolunu öyrənir.
Sufizmdə Hu, İlah - göyləri təşkil edən energetik sahələrdir və bu sahələri qədim müdriklər səhra kimi də rəmzləndirmişlər. Hind fəlsəfəsində bu "sahəni dərk etmiş", yəni bəqa səviyyəsinə yüksəlmiş insan kşetracna adlanır. Kşatriya isə, bu sahəni qurban ruhları ilə qarışdırıb, özünə tabe edən teurqa, yəni Türkə deyilir. Kşatriya təkcə göy sahələrinin sahibi deyil, o həm də İlahi qüdrətə malık olan deməkdir.
Bxaqavad-Gita kitabının ilk cümlələrindən aydın olur ki, döyüş səhnəsi adi sahədə yox, Dxarmo (Dxarmakşetra) sahəsində baş verir ki, burada Allahlar qurban mərasimi keçirirlər. Bu döyüş göylərlə "döyüş" mənasında, qurban ruhlarının İlahla qarışması və bundan sonra İlahın, göylərin Türk bəginə tabe olması deməkdir. Tövratda bu "döyüş" - Yaqubun (bəqa) Allahla güləşməsi kimi qeyd olunur ki, bundan sonra Yaqub - İsrail, yəni Osiris Allahı adlanır. Bu haqda mən - "Расшифровка Торы с помощью "язык птиц". С кем боролся Иаков?" adlı məqaləmdə geniş yazmışam (sayt:
http://gilarbey.blogspot.com/2017/03/blog-post.html). Başqa sözlə, Türk bəgi bəqa fazasında İlahla vəhdətə nail olduqdan sonra o Asar/Azər, yəni Osiris Allahı adlanmağa başladı. Digər tərəfdən, qurban mərasimi nəticəsində göydə çadır formasında Osirisin ölüm şahlığı, ruhlar dünyası yaranır ki, bu dünya Tövratda Skiniya, yəni Allahın Sakinliyi adlanır. Məhz bu Skiniya ruhlar dünyası, hind mənbələrindəki - günahlardan, bədbəxtlikdən kənar brahman dünyası mənasındadır və bu da əbədi xoşbəxtlik səbəbi olan cənnət deməkdir.
Sufizmdə Brahman rəmzi Ba-Rahman (Bəsmələ-Rəhman), Kşatriya rəmzi isə Xaos-Taur, yəni ilkin materiyada yaradılmış İlahi "torpaq" deməkdir. Başqa sözlə, kşatriya - göylərdən yaranmış Oğuz bəgləri anlamındadır. Mənbələrdə onlar Muarye/Mariye də adlanırlar ki, bu da onların Midiya marları, amoreyləri, yəni miri seyid-bəgləri olması deməkdir. Onların Midiyadakı qalası Silxazi adlanırdı və bu da batini mənada "Oğuz-Ulusu" fikrini ifadə edir.
Alban mənbələrində, Oğuz bəglərinin göy sahələrini qurban mərasimi ilə özlərinə tabe etmələri - paronterlərin Sünik-Gelarkünidə "səhra tikməsi" kimi rəmzləndirilmişdir. Səhra "tikilib" qurtardıqdan sonra Sünik göylərində - "mələklərin yaşadığı məskən və müqəddəs səhra", yəni cənnət var olmuşdur. Çin tarixçiləri bu müqəddəs səhra əhlini şato adlandırırdılar ki, onlar da "Böyük Monqollar" hesab olunan Cəlair nəslidir. Cəlair rəmzi isə elə Gelar, yəni Gelarküni rəmzinin ərəbləşmiş variantıdır. Türk mənbələrində şato rəmzi şad kimi keçir və şad-apıt formasında bəglərə aid edilir. Apıt - qədim Misirin Pta Allahıdır və o firon Amonun sözü və fikrinin obrazıdır. Mətnlərdən Yafət kimi də məlum olan Pta rəmzi qədim Misir yazılarında nəhəng bədənli Atum Allahının digər adı kimi keçir. Başqa sözlə, şad-apıt bəgləri elə Atum Allahının obrazı və bənzəri kimi yaradılmış ilk Allahlardır. Alban mənbələrində, bədəni ərazi kimi nəhəng göstərilən obraz Aran obrazıdır. Bu o deməkdir ki, qədim Misir mənbələrindəki kosmik Atum Allahı elə Alban mənbələrindəki Arandır.
Aran rəmzi qədim Misir mətnlərində Orion kimi qeyd olunur və göydəki Duat ölüm şahlığının yerləşdiyi bürcü bildirir. Qədim Misirin ilk pir-fironu Amon öləndən sonra onun ruhu, əvvəlcədən göydə yaratdığı Ra diski ilə birləşərək Ra-Amona çevrilib, Orion bürcünə qalxmışdı. Göydə ölümsüzlük qazanan Ra-Amon Allahı məhz bundan sonra Osiris Allahı adlanmağa başladı. Firon Amonun göydə ölümsüzlük qazanmış ruhu yazılarda Osiris-Orion, yəni Orion bürcündəki Osiris kimi də qeyd olunur. Pir-firon Amondan sonra, onun Qor fironları nəslinin nümayəndələri də öləndən sonra, ruhları onun bu yolunu təkrarlayaraq, Osiris Allahlarına çevrilib Orion bürcünə, buradakı Duat ölüm şahlığına köçürlər. Bunlar haqda mən, "Расшифровка древнеегипетских текстов с помощью «языка птиц» царя Соломона" adlı məqaləmdə geniş yazmışam (sayt: https://firudin.blogspot.com/2021/08/blog-post.html?m=1).
İslamda Qor yolu ilə gedənlər - "əhli-sünnə vəl-cəmaa", yəni "Məhəmməd peyğəmbər və onun əshabələrinin yolunu gedənlər" adlanırlar. Əhli-sünnə, yəni Süni-Sina dağında yaşayan Süni şahzadələri mənbələrdə Aranşahlar nəsli də adlanır ki, bu da onların Aran-Orion bürcündəki Duat cənnətində ölümsülük qazananlar nəsli olması deməkdir (Məqaləm: "Əhli-sünnə və onların ağlasığmaz sirləri", sayt: https://firudin.blogspot.com/2023/01/hli-sunn-v-onlarn-aglasgmaz-sirlri.html?m=1). Onların dini də İsna-Aşəriyə adlanırdı ki, bu da "Süni (Sina) dağındakı Aşər, yəni Azər/Osiris Allahı" fikrini ifadə edir.
Qədim Misir və İsmaililərin Duat adlandırdığı cənnətin sahibləri ərəb mənbələrində Dai adlanır və bu da Deo/Teos mənasında Allah deməkdir.
Bütün bunlardan çıxan nəticə odur ki, Kitabi Dədə Qorquddakı öyünən və "Dünya mənim" deyən bəg ərənlər - öləndən sonra Osiris (Azər) Allahına çevrilib Orion bürcündəki cənnətdə ölümsüzlük qazanan pirlər nəslidir. Onların "Dünya mənim" deməsi də göydəki Osiris ölüm şahlığının, yəni cənnətin onların olması mənasındadır. Göydə ruhlar dünyası yaradıb, adi insanlara xoşbəxt həyat bəxş edən, möminlərin də onların cənnətinə düşməsi üçün Tərikə yolu yaradan pirlərin öyünməyə həqiqətən haqqları vardır. Çünki onlar insan nəslini heyvan səviyyəsindən çıxarmaq üçün, onların beyninə yeni qat əlavə edib, onları düşünən insana çevirmişlər. Bu gün bütün bəşəriyyət düşünən insan kimi yaşadığına görə Azəri Türk pir-bəglərinin əcdadına mənəvi borcludur. Təəsüf ki, insanların marifətullahdan, qədim həqiqətlərdən xəbərləri yoxdur və onlara səadət bəxş etmiş Allahını belə tanımırlar.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
07.02.2023