18 dəfə marşal roluna çəkilən aktyor - Ulyanov sovet vaxtı marşallar qədər hörmət yiyəsi olub.

12-05-2023, 12:38           
18 dəfə marşal roluna çəkilən aktyor -
Ən yeni tarix. Maraqlı faktlar.
Onun da uşaqlığı həmyaşıdları kimi keçib, məhlədə futbol oynamaqla, arada dərsdən qaçıb kinoya getməklə, bəzən də nadincliyinə görə müəllimləri tərəfindən tənbeh edilməklə. Amma həmin vaxtlar heç kimin ağlına gəlməyib ki, uzaq Omsk vilayətinin Berqamak kəndində gününün çox hissəsini kənd klubunda kinolara baxmaqla keçirən balaca Mixail nə vaxtsa SSRİ-nin ən tanınmış kino ulduzu, kinonun “marşal”ı olacaq, hətta ona Moskva küçələrində gəzişərkən Jukov deyə müraciət edib avtoqraf alacaqlar...
Mixail Ulyanov 1927-ci ildə Omsk vilayətində, Beqramak kəndində anadan olub. 1941-ci ildə atasını cəbhəyə aparıblar, dörd ildən sonra isə 17 yaşlı Mixailin özünü hərbi komissarlığa çağırıblar. Ancaq yerli komissarlıq onun hərbi xidmətə göndərilməsini hələ məqbul saymayıb.
1945-ci ilin əvvəllərindən ailə maddi vəziyyətinə görə kənddən Omsk şəhərinə köçüb. Moskvanın və Ukraynanın bir neçə teatrının Omska təxliyə edilməsi Mixail Ulyanovun gələcək həyatını müəyyənləşdirib. O, bu teatrlarda dərnəklərə yazılıb, tamaşalarda epizodik rollar oynayıb. Uzun müddət bir yerdə qərarlaşmağı bacarmayan Ulyanov bu məşğuliyyətindən əl cəkmək istəyəndə rejissorlar onun qərarına qarşı çıxıblar, teatr təhsili almağını vacib sayıblar.
Ulyanovun atası cəbhədən 1946-cı ildə qayıdıb. O, incəsənət sahəsində təhsil almaq istəyini bildirəndə atası etiraz etməyib. Beləliklə, Ulyanov 1946-cı ildə Moskvaya yollanıb. Yola çıxanda atası ona almanlardan qənimət götürdüyü tapança hədiyyə edib.
Ulyanov Moskvada qohumlarının evində məskunlaşıb. Paytaxtda olduğu ikinci gün o, küçədə milislər tərəfindən saxlanılıb. Ulyanov elə düşünüb ki, üstündə gəzdirdiyi silah haqqında milislərə kimsə xəbər verib. Amma saxlanmanın səbəbi sadəcə sənədlərin yoxlanması bağlı keçirilən növbəti reyd olub. Bu hadisədən sonra Ulyanov tapançasını bir daha özü ilə gəzdirməyib.
Böyük Moskvada Ulyanov üçün təhsil ocağı seçmək çətinlik yaradıb. O, bir neçə instituta müraciət etsə də, fərqli səbəblərdən onu qəbul etməyiblər. Nəhayət, gələcəyin “marşal”ı özünə Yevgeni Vaxtanqov adına teatrın nəzdində fəaliyyət göstərən studiyada yer edə bilib.
İlk illər Ulyanovun teatr səhnəsinə hazırlığı olduqca gərgin keçib. Saatlarla davam edən məşqlərdən, rejissorların tələbkarlığından bezən gənc hətta bir neçə dəfə bu sahədən uzalaşmaq da istəyib. Yalnız rejissorların təkidindən sonra o, hazırlığını davam etdirib.
Ulyanova teatrda işlədiyi ilk illərdən tarxi personajların obrazları həvalə edilib. O, teatr səhnəsində Leninin, Sergey Kirovun, İosif Stalinin obrazlarını yaradıb və obrazlar o dərəcədə mükəmməl olub ki, Ulyanov çox qısa illər ərzində aktyor kimi böyük populyarlıq qazanıb.
Ulyanov eyni zamanda kino rejssorlarından da çoxsaylı dəvətlər alıb. Onun “Sədr” filmində sədr obrazına çəkilməsi isə gələcək kino karyerasında xüsusi rol oynayıb.
Sovet kino sənayesinin ən böyük uğurlarından biri olan, beş filmdən ibarət “Azadlıq” kinoepopeyasının çəklişinə hazırlıq işləri gedəndə film Mərkəzi Komitədə ciddi müzakirələrə səbəb olub. Rejissor Yuri Ozerov aktyor seçimində böyük problemlərlə üzləşib. Belə ki, həmin dövrdə müharibə sərkərdələrinin bir çoxu sağ olduğundan onlar öz obrazlarını yaradacaq aktyorların seçiminə müdaxilə ediblər. O cümlədən marşal Konstantin Jukov da kaprizlərini əsirgəməyib. Jukovun obrazını yaratmaq üçün sınaq çəkilişindən bir neçə aktyor keçsə də, Jukov onların heç birini qəbul etməyib.
Jukovla rejissor Yuri Ozerovun növbəti məsləhətləşmə görüşündə marşal adını bilmədiyi bir aktyorun onun obrazını yaratmağı tövsiyə edib. Həmin aktyoru o “sədr” adı ilə tanıtdırıb, “Sədr” filmindəki sədr kimi.
Yuri Ozerov Mixail Ulyanovu sınaq çəkilişinə dəvət edib. Çəkiliş uğurlu olsa da, Ulyanov bu roldan imtina edib: “Mən bu rola çəkilə bilmərəm. Qələbə marşalı xalq arasında elə bir nüfuza, elə bir hörmətə malikdir ki, mən onu olduğu kimi canlandıra bilməyəcəyəm...”
Bu haqda Jukova məlumat veriləndə marşal Ulyanova yazılı müraciət göndərib: “Mən sizi yaxından tanımıram. Siz mənə yalnız “sədr” kimi tanışsınız. Həmin sədr hərbi mundirdə mənim obrazımı yarada biləcək. Sizə uğurlar arzulayıram...”
Beləliklə, “Azadlıq” kinoepopeyasında Jukov roluna Mixail Ulyanov çəkilib. Çəkilis ərəfəsində və çəkilişdən sonra Ulyanovla Jukov bir neçə dəfə görüşmək istəsələr də bu görüş alınmayıb. Birinci dəfə görüş təyin ediləndə Jukovun səhhətində yaranan problemlər görüşü təxirə salıb. İkinci görüşün vaxtı müəyyənləşəndə Ulyanov çəkilişlərlə bağlı xarici səfərə gedib. 1974-cü ildə isə Jukov vəfat edəndə Ulyanov yalnız onu son mənzilə yola sala bilib.
Ulyanovun Jukov obrazı o qədər uğurlu alınıb ki, o, “Azadlıq”dan sonra daha 17 filmdə marşalın rolunda çəklib. Bu obrazla milyonların sevimlisinə çevrilən Ulyanovu tənqid edənlərdən tapılıb. Əsas tənqidşi isə həmin dövrdə SSRİ-nin müdafiə naziri vəzifəsini daşıyan marşal Andrey Qreçko olub, o, aktyoru Jukovu aşırı dərəcədə şişirtməkdə ittiham edib.
SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları lauretı Mixail Ulyanov 2007-ci ildə, 79 yaşında vəfat edib. O, əsl marşallara məxsus hərbi şərəflə Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.