Rusiya ədəıbiyyat aləminin qumarbazları: Dostayevski, Puşkin...

3-07-2023, 09:04           
Rusiya ədəıbiyyat aləminin qumarbazları: Dostayevski, Puşkin...
Dünənki yazımda rus yazıçısı Fyodr Dostoyevskinin qumar aludəçiliyindən yazmışdım. Rusiya ədəbiyyatının başqa görkəmli nümayəndəsi Aleksandr Puşkin də ondan geri qalmırdı.
Əvvəlcə kart həvəskarı olan Dostoyevski sonradan meylini ruletə saldısa, Puşkin ömrünün sonuna qədər kartlara sadiq qaldıq. Özü də son dərəcə pis oyunçu idi. Müasirlərindən biri yazırdı “Puşkin oyunda sona qədər uşaq qaldı, elə adamlara uduzurdu, onları Puşkindən başqa hamı udurdu”.
Şair tez-tez yazdığı şeirləri, poemaların fəsillərini – yəni onlar üzərindəki hüququnu uduzurdu. Məsələn, 1820-ci ildə şeirlərinin əlyazma toplusunu uduzdu. Buna baxmayaraq, borcu qar topası kimi böyüyürdü.
1829-cu ildə 20 min rubl borcu vardı. Həmin il Qafqaza səfər edən şair burada iki dəfəyə 6 min rubl uduzur. 1830-cu ilin mayında Peterburqda bir nəfərlə oyunda birdən 24 800 rubl uduzdu.
Müqayisə üçün - o zaman inəyin birini 3 rubla satırdılar. Daha bir müqayisə: 1824-cü ildə dövlət qulluğundan qovulan şairi çar I Nikolay 1831-ci ildə xarici işlər kollegiyasının arxivində işə götürür və ona illik 5 min rubl maaş kəsir, halbuki onun həmkarları cəmi 700 rubl alırdılar. Bəzi iddialara görə, imperatorun bu səxavəti Puşkinin yeni evləndiyi arvadı Natalyaya gözü düşməsi ilə əlaqədar idi.
O, bəzən “tövbə” edirdi və bir müddət oynamırdı. Amma yenə qayıdırdı. Nə aldığı maaş, nə yaradıcılığında gələn qazanc müqabilində borcu azalmırdı, əksinə, getdikcə şişirdi.
Aleksandr Puşkin öləndə 136 min rubl borcu vardı. Bunun 94 mini qumar borcu idi. Yaxınlarda aparılan hesablamalara görə 1837-ci ildəki 136 min rubl indiki 1,17 milyon ABŞ dollarına bərabərdir.
Özü də bu borc Puşkinin öz şeirlərindən xeyli pul qazanmasına baxmayaraq yaranmışdı. Puşkinist tədqiqatçı Nikolay Smirnov-Sokolskinin iddiasına görə, şair ədəbi karyerası ərzində 255 min rubl qazanıb. Bu da borcunun konvertasiyası ilə paralel aparsaq, indiki 2,2 milyon dollara yaxın məbləğdir. Bu nəhəng məbləğ əsasən qumara getmiş və üstəlik, yenə nəhəng məbləğ borc qalmışdı.
Puşkinin ölümündən sonra I Nikolay onun bütün borclarını ödəməyi, ailəsinə birdəfəlik 10 min rubl verməyi əmr etdi. Dul arvadına ildə 5000 rubl, iki qızının hər birinə ərə gedənə qədər ildə 1500 rubl pensiya təyin etdi. Şairin iki oğlu da Paj korpusuna qəbul olunacaq və qulluğa başlayana qədər hər biri ildə 1500 rubl alacaqdılar. Çarın başqa bir göstərişi ilə Puşkinin əsərlərinin toplusu dövlət hesabına çap olunacaq, əldə olunan gəlir ailəsinə veriləcəkdi.
Yadigar Sadıqlı
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.