Kremlin prinsipiallıq və təmizlik nümunəsi olan “qaloşlu adamı” – O, erməni birinci katibi necə susdurdu?

26-07-2023, 10:28           
Kremlin prinsipiallıq və təmizlik nümunəsi olan “qaloşlu adamı” –
Ən yeni tarix. Maraqlı faktlar.
“Qaloş möcüzəsi” bir günlük də olsa gündəmi zəbt etdi. Təbii ki, “qaloşlu kişi” uzun müddət müzakrə obyektində qala bilməzdi. Amma yaxın tariximizdə, SSRİ məkanında digər bir “qaloşlu kişi” düz 35 il Mərkəzi Komitənin katibi olaraq ölkənin siyasi müstəvisində həmişə diqqət mərkəzində dayanıb. Bu Mixail Suslovdur. Suslov həm də qaloşları ilə yadda qalıb...
Partiya xətti ilə ölkənin ikinci şəxsi sayılan Mixail Suslov uzun illər Kremlə qaloşla gəlib. Onun kabinetində olub olmamasını bilmək üçün qəbul otağna nəzər yetirmək kifayət edib. Əgər asılqanın aşağı tərəfində səliqə ilə cütlənmiş qaloşlar görünübsə, demək, Mərkəzi Komitənin katibi iş başındadır.
Mixail Suslovun həyatı və siyasi fəaliyyəti ilə bağlı oxuculara bir dəfə yazı təqdim etmişik. Amma bu dəfə onun haqqında fərqli bir yazı, Suslovun millətçi ermənilərə münasibəti haqqında yazını təqdim edirik.
1970-ci ilin əvvələrindən yenidən fəallaşan ermənilər növbəti dəfə Kremlə kütləvi şəkildə məktublar, müraciətlər göndərməklə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsini gündəmə gətirməyə cəhd ediblər. Bu dəfə isə sükanda Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyan dayanıb.
Uzun illər Ermənistanın komsomol və partiya orqanlarında çalışan Anton Koçinyan respublikaya rəhbərlik etdiyi dövrdə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi ilə bağlı çox cəhdlər edib. O, bu məqsədlə Moskvada və xarici ölkələrdə yaşayan ermənilərlə sıx əlaqələr qurub. Koçinyan həmin dövrün mövcud rejimini pozaraq Kremldən icazə almadan gizli şəkildə Ermənistanı tərk edərək tez-tez Dağlıq Qarabağ Muxtar Vilayətinə, Xankəndinə səfərlər edib. Məqsəd isə Dağlıq Qarabağla bağlı gizli planların hazırlanması olub. Qeyd edək ki, həmin dövrdə müttəfiq respublikaların birinci katibləri respublikadan kənara çıxanda Kremldən icazə almaları mütləq şərt sayılıb.
Anton Koçinyan hər dəfə Kremldə olarkən bu və ya digər şəkildə SSRİ rəhbərliyinə Dağlıq Qarabağla bağlı fikirlərini çatdırıb, əsassız və uydurma arqumentlərlə vilayətin Ermənistanın tərkibinə verilməsinin vacibliyini, zəruriliyini sübut etməyə çalışıb.

Bu məsələ ilə bağlı Koçinyan hətta birbaşa baş katib Leonid İliç Brejnevə bir neçə dəfə müraciət edib. Brejnev SSRİ-də milli məsələlərin həssas nöqtə olduğunu nəzərə alaraq Koçinyanın “xahiş”i ilə bağlı qərar verməkdə tələskənliyə yol verməyib. Nəhayət, Ermənistanın birinci katibinin sonuncu dəfə təkidlə məsələyə Siyasi Büroda və Ali Sovetin iclasında baxılmasını xahiş edəndə Brejnev Suslovla məsləhətləşməyi qərara alıb. Suslov Koçinyanı qəbul etməzdən əvvəl məsələni Brejnevlə elə telefonda həll edib. Belə ki, Brejnev Koçinyanın qaldırdığı məsələni Suslova telefonda belə anladıb:
- Mixail Andreyeviç, indi Ermənistanın birinci katibi sizin qəbulunuza gələcək. Siz onu diqqətlə dinləyin, Koçinyan sizə Ermənistanın ərazi məsələsi ilə bağlı fikirlərini bildirəcək. Düşünürəm ki, bu məsələni rəsmi müstəviyə çıxarana qədər sizin münasibətinizi bilmək vacibdir.
Suslov düşünmədən və fikirləşmədən cavab verib:
- Leonid İliç, mən Koçinyanı qəbul etmədən belə münasibətimi ifadə edə bilərəm. Bu məsələ haqqında tam məlumatlıyam, söhbət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tabeliyinə verilməsindən gedir. Ancaq bunun heç bir hüquqi, tarixi, sosial əsası yoxdur. Və qətiyyətlə bildirirəm ki, Koçinyan adlı bir cini şüşə qabdan qətiyyən buraxmaq olmaz.

Bununla da Brejnevlə Suslov arasındakı telefon danışığı bitib. Amma buna baxmayaraq, Koçinyan əsl erməni xislətinə xas həyasızlıqla Suslovun qəbuluna gedib.
Kifayət qədər səbrli, ən mürəkkəb məsələlərin müzakirəsində belə heç vaxt təmkinini pozmayan Suslov sona qədər Koçinyanı dinləyib. Sonda isə növbəti dəfə Qarabağla bağlı məsələ qaldıran birinci katibi birdəfəlik susdurub. Səbri tükənən “boz kardinal” yüksək tonla erməni katibin cavabını verib:
- Son qoyun erməni millətçiliyinə!
Təbii ki, “qaloşlu kişi”nin bu qətiyyəti Koçinyanı pərt edib. Amma məsələ təkcə pərt olmaqla bitməyib. Koçinyan bəlkə də ağlına belə gətirməyib ki, bu sərsəm fikirlərinə görə az bir müddətdən sonra elə Suslovun təşəbbüsü ilə vəzifəsini də itirəcək...
Bununla da 70-ci illərin əvvəllərində ermənilər bir müddət susaraq növbəti əlverişli məqamı gözləyiblər.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.