PREZİDENT FƏRMANI VƏ YAZIÇI SÖZÜ. HANSI AĞIR GƏLƏR?

4-09-2023, 15:45           
PREZİDENT FƏRMANI VƏ YAZIÇI SÖZÜ.
Peru prezidenti Alan Qarsia öz fərmanını ləğv edib. Prezident Qarsia fərmanını məşhur Peru yazıçısı və ictimai xadimi, Nobel mükafatı laureatı Mario Varqas Lyosanın müraciətindən sonra ləğv edib. Yazıçı deyib ki fərman insan oğurluğu ilə məşğul olan, əlləri qana bulaşıq hərbçilərin, xüsusi xidmət əməkdaşlarının "üstüörtülü amnistiyasıdır” və bu söz fərmanı ləğv etməyə kifayət edib.
Deməli, Mario Varqasın sözünün kəsəri, çəkisi elədir ki, prezidentin mövqeyinə bu dərəcədə təsir edə bilər?! Bu təəccüb, hətta heyrət doğurur. İstər-istəməz bu reallığı Azərbaycandakıyla müqayisə edirsən. Peru inkişaf etmiş demokratik ölkələrdən deyil. Bir də ki, demokratik ölkələrin heç də hamısında məşhur yazıçılarla bu dərəcədə hesablaşmırlar. Bəs bizdə belə olayın mümkünsüzlüyünün səbəbi nədir?
Mario Varqas Lyosa mənimçün təkcə məşhur perulu yazıçı və publisist, ötən əsrin ortalarında bütün dünyaya səs salan Latın Amerikasının ulduzlarından biri deyil, sevimli, dönə-dönə oxuduğum yazıçılardan biridir. Qabriel Qarsia Markesi Azərbaycanda az qala hamı tanıyır, Lyosanı isə yox.
70-ci illərdə, hələ tələbə ikən Lyosanın paytaxtın "qızıl gəncləri” haqqında "Küçüklər” povestini necə maraqla oxuduğum yadımdadır. O vaxt özümü elit, Azərbaycanın “qızıl gənclərindən” sayırdım, sonra anladım ki, deyiləm - bir tərəfdən, “qızıl” statusumu saxlamağa geyimim, pulum çatmır, başqa tərəfdən daha ağıllı, oxumuş, dərin düşüncəli, onlardan artıq adamam.
Mario Varqas oxuduğu hərbi məktəb haqqında "Şəhər və köpəklər”, əyalət fahişəxanası, orada işləyən qadınlar və müştəriləri haqqında "Yaşıl ev”, orduda seks xidmətlər taqımı yaradılması haqqında "Kapitan Pantaleon və xeyirxah xidmətlər taqımı”, zəif, kasıb olduğu üçün ilk baxışda xırda, cılız görünən, lakin əqidənin birləşdirdiyi insanların necə nəhəng güc, nələrə qadir olduğu haqqında "Dünyanın sonunun müharibəsi” və başqa romanları bütün dünya dillərinə çevrilib.
2010-cu ilin senyabrında yazılan köşəmin linkini şərh bölümünə atıram.

Чингиз Султансой
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.