Sarmatların yaziq (az, as) tayfası ilə Azərbaycan arasında hansı bağlılıq var?
11-09-2023, 15:37
Azərbaycan adının mənasını izah edən 12 fərziyyə
Osilər – Publius Kornelius Tasitus (50–120) yazırdı ki, bu tayfa Avropada yaşayır. Sarmatlara bac-xərac vermiş osilərin etnik mənsubiyyəti bəlli deyil. Onları qerman, daki, kelt hesab edənlər var. Onu da vurğulayaq ki, ehtimala görə, daki qəbiləsi saka (skif) xalqının daha tayfasının Trakiyada yaşamış hissəsi idi. Qədim keltlərə isə həm də kelt-skiflər deyirdilər.
Asurlar – Hinduizmdə kiçik ilahlardır.
Asurlar – Buddizmdə ilahların dünyasından qovulmuş varlıqlardır.
Asur – Zərdüştilikdə Ahura-Mazdanın digər adıdır.
Aslar, Asirlər – Skandinaviya mifologiyasında əsas ilahlardır. Onların sayı on ikidir: Odin, Tor, Tür, Bragi, Nyörör, Heimdallr, Höör, Viöarr, Əli, Ulrr, Forseti, Loki.
İsland şairi Snorri Sturlusonun (1178–1243) “Kiçik Edda” adlı əsərinə görə, aslar Skandinaviyaya Asiyadan gəlmişdilər. Məhz vikinq saqalarındakı bu məlumata əsaslanan bəzi tədqiqatçılar as xalqının izlərini Rusiyanın cənubunda – Azov dənizinin və Don çayının sahillərində axtarırlar. Əslində, onlar bəlkə də yanılmırlar.
Yaszlar – XIII əsrin I yarısınadək Şimali Qafqazda yaşamış xalq olmuşdur. Yaszların bir hissəsi monqol istilasından qaçaraq Macarıstana sığınmışdı. Hazırda macar xalqının subqrupu sayılırr. Yaszlar XVII əsrin sonlarınadək indiki osetin dilinə yaxın bir dildə danışmışlar. Onu da qeyd edək ki, macar tarixçiləri və linqvistləri yasz və yaziq xalqlarını eyniləşdirmir, onları ayrı-ayrı etnoslar hesab edirlər.
Yazıqlar – Ən azı eramızın II–III əsrlərinədək indiki Rusiyanın cənub çöllərində yaşamış sarmat tayfalarından biri idi. Zənnimizcə, bu tayfanın adı qədim türkcədən çölçü kimi tərcümə olunmalıdır. Belə ki, qədim türk dilində çölə “yazı” deyilirdi. Yeri gəlmişkən, Zəngilan rayonunda Yazı Düzü adlanan ərazi vardır. Həmçinin qırğız xalqının bir neçə nəslinin adı azıkdır. Digər maraqlı fakt isə ondan ibarətdir ki, qədim tarixçilər sarmatlarla madayları, yəni qədim azərbaycanlıları eyni xalq hesab edirdilər. İki mənbəyə nəzər salaq:
Qədim yunan tarixçisi Siciliyalı Diodorus (e.ə. 90–30) “Tarixi kitabxana” adlı əsərinin II kitabının 43-cü səhifəsində yazırdı: “Skif çarları onlara tabe olmuş xalqların çoxunu köçürdülər. Bu köçlərdən ikisi daha mühüm idi: Biri Assuriyadan Paflaqoniya ilə Pont arasındakı torpaqlara, digəri isə Midiyadan Tanais (Don) çayının sahillərinə. Həmin köçkünlərə savromatlar deyirdilər”.
Qədim Roma salnaməçisi Gaius Plinius Sekundus (22–79) “Təbii tarix” adlı əsərinin VI kitabının 19-cu səhifəsində yazırdı: “Sarmatlar iki qolla dənizə axan Tanais (Don) çayı boyunca yaşayırlar. Rəvayətə görə, midiyalıların törəməsi olan bu xalq bir çox qəbilələrə bölünür. Burada ilk yaşayanlar amazon qadınlarla evlilikdən doğulduqları üçün onları belə adlandırmışdılar: Sahibləri qadınlar olan savromatlar”.
Bu faktlar ona dəlalət edir ki, Skandinaviya dastanlarında xatırlanan aslar məhz Don çayı ətrafında yaşamış sarmatlar olmuşlar. Həmin sarmatlar isə mənşə etibarı ilə madaylar, yəni qədim azərbaycanlılar idilər.
Göründüyü kimi, akademik Mahmud İsmayılovun fərziyyəsi olduqca məntiqlidir. Çəkdiyimiz misallar onu göstərir ki, həqiqətən də sarmatların yaziq (az, as) tayfası ilə Azərbaycan arasında real bağlılıq vardır.
Sözsüz ki, Azərbaycan Respublikasının Xocavənd rayonunda yerləşən qədim yaşayış məskəni – Azıx mağarası məhz sarmatların (madayların) yazıq (az, as) tayfasının adını daşıyır.
Ardı var...
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Teref.az