İlahiləşdirilən şairin “baltaladığı” talelər: Oğlu onu ömür boyu bağışlamadı - ARAŞDIRMA + FOTO
12-09-2023, 09:38
Ölənə qədər çimməyən, qadınların ağlını başdan alan şair.
Bu mavi gözlü, sarışın, yaraşıqlı kişi yazdığı sevgi şeirləri ilə çox qadının ürəyini ovsunlamışdı, çox qadının xəyallarını bəzəmişdi. Onun həsrət dolu sevgi şeirlərinin qəhrəmanlarına həsəd aparmışdı Nazimin iç üzünü tanımayanlar. Onu ilahiləşdirdilər, o isə əslində...
Əslində o həyatına toxunduğu qadınların hamısını gözü yaşlı qoymuş, vəfadan, sədaqətdən uzaq bir insan idi. Ən pisi də yaşatdıqlarından peşman olmur, yalnız özünü düşünürdü.
Lent.az Nazim Hikmətin sevgi dünyası barədə maraqlı faktları təqdim edir.
Medalyonun o biri üzünü görəndən sonra “kimmiş o ?” sualına bir çoxları “əclaf” deyə cavab verib.
Bir dəfə aldadan hər zaman aldadar deyə məşhur bir misal var. Nazim ömrü ilə tanış olanda görürsən ki, haqlıymışlar.
Nazim Hikmət bacısının rəfiqəsi Pirayəni görəndə Pirayə ailəli və 2 uşaq anası bir qadın idi. Nazim Hikmət düz bir il onun ardınca qaçır, əldə etmək üçün dəridən-qabıqdan çıxır. Pirayə isə ailəsini dağıtmaq istəmir. Nəhayət, qadının qəlbini oğurlaya bilir. Pirayə bu barədə ərinə deyir və ondan ayrılır. Rəsmi şəkildə boşanmadığı üçün nikahsız eyni evdə yaşamalı olurlar Nazimlə. Şair Pirayənin uşaqlarını da yanına almalı olur. Çünki qadının əri xarici səfərlərə tez-tez çıxan bir məmur idi və Türkiyədə az tapılırdı. Elə bu səbəblə də ötən əsrin ortaları üçün yasaq, qorxunc sayılan bu sevgiyə (heç indi də normal qarşılanmır) maneə olan tapılmır.
Pirayə boşanan kimi cütlük evlənir, amma hekayə burda bitmir. Nazim Hikməti siyasi baxışlarına görə (kommunist idi) 28 il müddətinə həbsə atırlar.
Pirayə düz 12 il Nazimin yollarını gözləyir, dərdinə ortaq olur. Cütlük bir-birinə sevgi dolu məktublar göndərirlər.
Lakin Nazimin sevgisi həbsdə başqa birinə aşiq olana qədər davam edir. Onun özündən 16 yaş kiçik dayısı qızı Münəvvər Nazim Hikmətə baş çəkməyə gəlir. Nazim bu yaşıl gözlü gözəl qızı həyatında ikinci dəfə görürdü. İlk gördüyündə Münəvvər çox balacaydı, indi isə gözəllər gözəli bir qadına çevrilmişdi. Nazim görən kimi ona aşiq olur və Pirayəyə haqsızlıq etməmək üçün düzünü yazmaq qərarına gəlir. Aralarındakı sevginin bitdiyini, bir başqasını sevdiyini yazır.
Münəvvər də romantik şairi sevir, di gəl ki, o da evlidir, əri var.
Nazim Hikmət 1 il sonra əfv olunacağını düşünərək Münəvvəri ərindən boşanmağa inandırır. Bu bir il ərzində Münəvvər tərəddüd içində qalır, Nazimə əfv çıxmayınca ərindən boşanmaqdan imtina edir və onunla münasibətlərini dayandırır.
Nazim Hikmət tərk edilincə dərhal kağız qələmi əlinə alıb Pirayəyə məktub yazır.
“Alçaq bir adam ola bilərəm. Eləyəm. Amma sən hər şeyə rəğmən gəl”, - deyə yazır. Könlü qırılmış Pirayə Nazimin görüşünə gəlmir. Aclıq elan edən şair bir neçə gündən sonra halsız düşür və xəstəxanaya aparılır. Onun səhhəti ilə problemi olduğuna görə, vəkillər Nazim Hikmətin həbsdən çıxacağına dair imkan yarandığını deyirlər. Nazim nə edir? Dərhal ikinci sevgisi Münəvvəri xatırlayır, “ərindən ayrıl, birlikdə olaq” yazır. Münəvvər razılaşır və onun görüşünə gəlir.
Nazimin ağır xəstələndiyini eşidən Pirayə keçmiş ərinə vəfa borcu olaraq onun görmək üçün ziyarətə gəlir. Bəlkə hər şey fərqli bitəcəkdi, əgər həmin anlarda qapı açılıb içəriyə yaşıl gözlü gözəl Münəvvər gəlməsəydi. Pirayə ərinin onu kimə görə tərk etdiyini öz gözləri ilə görür və qaçaraq xəstəxananı tərk edir.
Şair heç Münəvvərə də sadiq qala bilmir. Baxmayaraq ki, ondan Mehmet adlı bir oğlu olur. Nazim Hikmət həbsdən canını qurtarır, hökumət şairi əsgərliyə çağırır. Şair Münəvvəri və oğlu Mehmeti Türkiyədə təkbaşına qoyub Moskvaya qaçır. Yeni sevgilərə yelkən açır. Bir dəfə sağlığında Varşavada oğlu və Münəvvəri görür. Onların yanında qalmır, oğlunu da, Münəvvəri də tərk edib yeni sevgilisinin yanına qayıdır. Deyilənə görə, oğlu bunu ona ömür boyu bağışlamayıb.
Rusiyadakı ilk sevgisi Qalina olur. Birlikdə olurlar, lakin tezliklə Vera adlı xanıma aşiq olan Nazim Qalinanı tərk edir. Qalina həqiqəti öyrənəndə heç nə demir və Nazimin o qadına getməyini bağışlayır. Çünki Nazim Hikmətin Veranı sevəndən sonra yaxşı şeirlər yazırdı. Qəribədir deyilmi?
Həkimlər ürək xəstəsi olan Nazimə “sevsən 3 il, sevməsən 10 il yaşayacaqsan” deyir. Veranın gözəlliyi onun başını döndərirdi. Sevgisiz qala bilmirdi, uzun ömürdənsə sevgini, ehtirası seçir. Nazim Hikmət Vera ilə birlikdə 3 il 4 ay yaşadı. Ürəyi fırtınalı sevgilərdən yorulan adam infarktdan öldü.
O, əslində qadınları yox, sevilməyi, özünü sevirdi, aldığı həzzi sevirdi.
Nazim Hikmətin dəfnində məzarı başında Qalina, Vera və Münəvvər sıra ilə dayanıb göz yaşı tökmüşdü.
Həbsdə su işgəncəsinə məruz qaldığına görə, ömrünün sonuna qədər bədəninə su vurmamış, çimə bilməmiş bu kişiyə qadınlar niyə belə heyran idilər? Sadəcə tanımadıqları üçünmü? Bu sualların cavabı isə yoxdur.
Ağlatdığı qadınlar sarıdan bəxti yaman gətirmişdi. Hamısı onu gerçəkdən sevmiş, böyük ürəkli qadınlar idilər. Əslində Nazimi var edən də onun fədailəri deyildimi?