Bakının azadlığı Gəncədən başlayıb
16-09-2023, 00:08
Qafqaz İslam Ordusunun Azərbaycandakı ilk əməliyyatlarından biri Gəncə və ətraf kəndlərdəki qanunsuz erməni silahlılarının tərkisilah edilməsi əməliyyatı olub. Bakının azad edilməsi Gəncədən başlayıb. Nuru paşa Bakıya hücumdan əvvəl qərara gəlir ki, Gəncə və ətraf kəndlərdəki qanunsuz erməni silahlı dəstələrini tərkisilah etmək lazımdır. Bunsuz Bakıya hücum təhlükəli ola bilərdi. Ermənilər arxadan hücum edib Bakının azad edilməsi əməliyyatını yarımçıq saxlaya, yaxud ağır zərbə vura bilərdilər. Əməliyyatın icrası üçün minbaşı Cəmil bəyin komandanlıq etdiyi IX Qafqaz Alayı və minbaşı Zehni bəyin komandanı olduğu II Süvari Alayından ibarət Gəncə Batalyonu (Gence Müfrezesi) təşkil edilir. Gəncə Batalyonuna (Gence Müfrezesi) yerli gəncəlilərdən də qoşulanlar olur. Gəncənin Todan kəndindən (indiki Goranboy r.n Todan kəndi) sakinləri Rza Şahrzaoğlu və Ədil Sarıoğlu (yazıya əlavə olunmuş şəkillərdəki şəxslər) da Gəncə Batalyonunun (Gence Müfrezesi) sıralarında ermənilərin tərkisilah edilməsi əməliyyatında iştirak edirlər.
Ədil Sarıoğlunun kənd sakinlərinə nəql etdiklərindən belə qənaətə gəlmək olar ki, onlar minbaşı Zehni bəyin komandanı olduğu II Süvari Alayının tərkibində olublar. O, atlılardan ibarət dəstəylə hücuma keçdiklərini deyirmiş. Ümumiyyətlə, Ədil Sarıoğlunun ötən əsrin 60-70-ci illərində kənd sakinlərinə nəql etdikləriylə elmi ədəbiyyatda yazılanların bir çoxu üst-üstə düşür. Tarix elmləri doktoru Mehman Süleymanov, redaktoru olduğu “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” kitabının 172-ci səhifəsində yazır ki, 10 iyun 1918-ci ildə başlayan hücumla II Süvari Alayı Zurnabad-Hacıkənd xəttinə çıxır və bununla da Gəncə şəhər erməniləriylə ətrafdakı erməni kəndləri arasındakı əlaqə kəsilir. Ədil Sarıoğlu da Hacıkənd yaxınlığında Qaradağ deyilən yerdə erməni silahlılarını əsir aldıqlarını danışırmış. 4 günlük mühasirədən və döyüşlərdən sonra erməni silahlılarının müqaviməti qırılır. Erməni keşiş Türk Ordusunun qərargahına gəlib təslim olduqlarını bildirir. Bu hadisəni də Ədil Sarıoğlu öz xatirələrində danışırmış. Mehman Süleymanovun sözügedən kitabında qeyd edilən səhifədə bu fakt da təsdiqlənir.
Gəncə əməliyyatından sonra Qafqaz İslam Ordusu Göyçay, Ağsu, Kürdəmir,Salyan və Şamaxı əməliyyatlarını da uğurla həyata keçirib, nəhayət 15 sentyabr 1918-ci ildə Bakını azad edir.
Bakının azad edilməsinin 105-ci ildönümündə bu kiçik tarixi hadisəni yazmaqda məqsədim Qafqaz İslam Ordusuna qoşulmuş iki yerli qəhrəmanımızın xatirəsini yad etmək, qəhrəmanlarımızın nəql etdikləri və insanlar arasında şifahi gəzən söhbətlərin əslində həqiqət olduğunu diqqətə çatdırmaqdır. Digər yandan Bakının azad edilməsi əməliyyatı Azərbaycan tarixin ən mühüm hadisələrindən biri olduğundan bu əməliyyatla bağlı ən kiçik detal belə diqqətəlayiq olmalıdır.
Elnur Sadigov
Teref.azx