Analar şəhid olmuş övladlarının tabutu önündə niyə "vağzalı" oynayırlar?

22-09-2023, 00:18           
Analar şəhid olmuş övladlarının tabutu önündə niyə "vağzalı" oynayırlar?
Kulis.az Rəna Nevzatın "Tabutun önündə oynayan anaların toy dərdi" adlı yeni yazısını təqdim edir.

Adətən analar yeniyetmə, subay övladları şəhid olanda onun tabutunun önündə oynayırlar. Əlbəttə, fərqi yoxdur, o uşaq hansısa xəstəlikdən, yaxud qəzada ölsün, - ana oğlunun çalınmayan vağzalısına əl qaldırır, hönkürə-hönkürə ağlayır…

Düzdür, bəzən bu ani şok effekti ciddi təsir edir, psixoloji fəsadları yaranır, - olsun ki, bəziləri çalınmayan havaya oynaya-oynaya havalanırlar, fəqət valideynlərin əksəriyyəti qısa müddətdən sonra özünə gəlir.
Hə, əlbəttə, ölənlə ölməsələr də, mənən ölürlər. Yenə dünya fırlanır, yenə kimlərsə böyüyür, kimlərsə ölür; boşanan da olur, evlənən də, - həyat beləcə axıb gedir…
Vaxt ötür, ölən adam da statistikaya çevrilir, unudulur. Bir də anım günündə, doğum günündə xatırlanacaq... Torpağın başına daş düşsün, torpağın üzü soyuqdur…

Bir dəfə şahidi olmuşam.
Ana "vağzalı" mızıldana-mızıldana tabutun önündə oynayırdı.

Ürəyim bulandı, mənə elə gəldi ki, haman uşağın ətini yeyirəm.

Bəs bu yaralı valideynlər niyə subay övladları öləndə əl açıb oynayırlar?

Serotonin olsun, melatonin olsun, - bu hormonlar çox ifraz olunanda da, az ifraz olunanda da adamın əslini, kimliyini, özünü çıxarır üzə.
Bir növ, bu hormonlar, əslin, mahiyyətin güzgüsüdür.

Bizim valideynlərimizin əksəriyyəti üçün övladın ümdə vəzifəsi evlənmək, "ailə-uşaq sahibi" olmaq, xülasə, ömrün sonunacan ata-anaya xidmət etməkdir.

Bəs nə? Xeyli valideynin ən böyük arzusu min əziyyətlə boya-başa çatdırdığı uşaqlarının toyunda oynamaqdır.

Bu tip valideynlər üçün övlad ikinəfərlik sərmayədir.

Ali təhsil? Nə danışırsan, məhz öz adlarına görə... Əziyyətləri hədər getsə, uşağın gününü göy əskiyə bükərlər.

Bizim ölkəmiz ən çox tələbəli ölkələrdəndir. Ən çox ali təhsilli bizdədir.

Yox, canım, özü oxumaq istəyən, məhz universitetə qəbul olmaq istəyənlərin sayı azdır.

Qızların ayrı məqsədi var, oğlanların ayrı. Ümumiləşdirsək, demək olar ki, onlar əyalətdən baş götürüb qaçmaq istəyirlər…

Valideyn məcbur edir. Özü də uşağın fikri bir o qədər önəmli deyil. Oxumalısan, vəssalam! Niyə? Necə yəni niyə? Bəs kişinin adı, sanı?

Bu da ayrıca mövzudur, fəqət səbəblərdən biridir deyə, cıkkan xatırlatmaq istədim.

Hə… qadağalar, çərçivələr...

Yox, mən demirəm, uşağın başını buraxmaq lazımdır, əlbəttə, nəzarət vacibdir, fəqət bu nəzarət valideynin özünün, öz düşüncələrinin diktəsi şəklində yox, qarşılıqlı müzakirə, etik-estetik dəyərlər müstəvisində olmalıdır; uşaq-sahib çərçivəsində yox, iki müstəqil fərdin qənaətləri üzərində davam etməlidir.

Uşaqlar ata-ananın özünə, öz gələcəklərinə sərmayəsi kimi yox, bütün uşaqların, ölkənin, nəhayət, dünyanın işıqlı gələcəyinə sərmayə kimi yetişdirilməlidir.

Belə olmayanda, ölən uşağın digər arzuları unudulur, əvəzində valideynin: ölən oğlan övladdırsa, "mən sənin toyunu görmədim" , "bəylik geyinməyən balam" , ölən qız övladdırsa, "cehizin açılmadı", "vağzalın çalınmadı" yəni, "sən mənim arzularımı yarımçıq qoydun", "missiyanı tamamlamadın" ağrısı gözə çıxır, ümidsizlik özünü ələ verir, əllər qalxır… və beləcə yarımçıq ömrün nəğməsi "vağzalı"ya çevrilir.

Ölənin digər arzuları, evlənməkdən başqa məqsədi, məramı deyəndə, hamını nəzərdə tutmuram.

O uşağı deyirəm ki, mühit onun üçün ya vəlvələdən ya zəlzələdən görüb-götürməyə, işığın ucundan xəbərdar olmağa zəmin yaradıb...

Valideynləri imkan verməsə də... O heç olmasa, düşüncəsində ailəsini aşıb, öz həyatı ilə bağlı plan qurub...

Yoxsa bölgələrin əksəriyyətində uşaqların arzuları polis olmaqdır.

Belə ailələrdə arzu ata-ana boyda olur.

Valideynin diktəsiylə böyüyən, diktəsiylə yox e, birbaşa valideynin “burnu”ilə böyüyən uşaqlar ölüncə, onların potensialı unudulur, daha doğrusu, onun insan potensialını valideynin yarımçıq "layihəsi" kölgələyir.

"Layihə" baş tutmayıb, valideynin qurduğu plan işləməyib: əllər qalxır, qərib "vağzalı" mızıldanır...
Xülaseyi-kəlam, qənaətimcə, yeniyetmələrin, hələ ailə qurmamış gənclərin birinci qatili onun tabutunun qabağında əl açıb oynayan valideynləridir.

Başqa biri də övladını diktəylə (yəni müəllif demək istəyir ki, ata uşağın fikrini soruşmur, uşağın fikri heç onun üçün maraqlı da deyil - R.BİNƏQƏDİLİ) evləndirir, qana buladığı şəhadət barmağını onun alnına sıxır, yaxud xınayla ovcuna ömrünün sərhədini çəkir, beləcə onları öldürürlər.

Uşaqlar ölür, əllər qalxır…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.