Buş və Saakaşvilini eyni vaxtda məhv etmək istəyən erməni cinayətkar – ŞOK DETALLAR.
24-09-2023, 12:05
Ən yeni tarix. Maraqlı faktlar.
O, həm istintaq dövründə, həm də məhkəmə prosesində ifadə verməkdən imtina edib. Vladimir Arutunyanın bu susqunluğu müstəntiqləri və hakimləri heç də çətinliyə salmayıb. Çünki onun törətdiyi cinayətin sübutu üçün kifayət qədər tutarlı dəlillər olub...
Erməni cinayətkarın eyni vaxtda iki prezidentə qarşı sui-qəsd cəhdi saatlar ərzində dünyanın aparıcı kütləvi informasiya vasitələrində tirajlanıb. Arutunyan eyni vaxtda iki dövlət başçısını, ABŞ prezidenti Corc Buşu və Gürcüstan prezidenti Mixail Saakaşvilini hədəf seçib. Hadisə 2005-ci ilin may ayının 10-da Tiflisdə baş verib.
Qeyd edək ki, sui-qəsd planlarında eyni vaxtda bir neçə dövlət başçısının həyatına son qoymaq cəhdləri yalnız iki dəfə qeydə alınıb. Birinci dəfə 1943-cü ildə Tehran konfransında Stalin, Ruzvelt və Çörçilli məhv etmək planlaşdırılıb, lakin almanların bu planı baş tutmayıb. İkinci dəfə isə iki prezidentin həyatına son qoymağı məhz Arutunyan planlaşdırıb.
2005-ci ilin mayın 10-da ABŞ prezidentinin Gürcüstana səfəri çərçivəsində Tiflisdə Azadlıq meydanında çıxışı nəzərdə tutulub. Bunun üçün meydanda xüsusi səhnə də yaradılıb. Hər iki prezident səhnədə yerlərini tutanda Arutunyan hədəfinə doğru istiqamət alıb və əl qumbarasını iki prezidentin yan-yana dayandığı istiqamətə atıb.
Sui-qəsdi həyata keçirmək üçün Arutunyanın istifadə etdiyi “RQD-5” əl qumbarasının tullama uzaqlığı 40-50 metr, qəlpələrinin yayılma radiusunun 25 metr olduğunu nəzərə alsaq, qənaətə gəlmək olar ki, hədəfin məhv edilməsi real görünüb və yəqin ki, Arutunyan bunları əvvəlcədən çox ciddi şəkildə götür-qoy edib.
“RQD-5” əl qumbarasının həcminin kiçik, çəkisinin isə cəmisi 300 qram olması da Arutunyanın planı üçün münasib sayılıb. O, qumbaranı qırmızı rəngli əl dəsmalına bükərək hədəfinə doğru kifayət qədər yaxında mövqe tutmağa nail olub. Amerika prezidenti çıxışına başlayanda Arutunyan qumbaranı səhnəyə atıb. Sırf təsadüf nəticəsində, qumbaranın əl dəsmalına sıx bağlanmasına görə partlayış baş verməyib. Prezident Buş və prezident Saakaşvili real ölüm təhlükəsindən sovuşa biliblər.
Hadisə anında Arutunyanı tutmaq mümkün olmayıb, o, hadisə yerindən yüksək göstəricili idmançı kimi qaça bilib. Yalnız iyulun 20-də Arutunyanı Tiflisdə yaşadığı evin yaxınlığında ələ keçirmək mümkün olub. Cinayətkarın yaxalanmasında polşalı fotojurnalistin çəkilişləri əsas rol oynayıb. O, Arutunyanın qumbara atdığı məqamı kamerasına köçürməyə imkan tapıb.
Arutunyanı zərərsizləşdirmək hüquq-mühafizə orqanlarının əməkdaşlarına asan başa gəlməyib. Belə ki, yüksək fiziki hazırlığı olan Arutunyan sona qədər silahlı müqavimət göstərib və əməliyyat zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin idarə rəisi həlak olub.
Həbsindən sonra Arutunyanın yaşadığı evin zirzəmisindən müxtəlif partalıyıcılar, zəhərli kimyəvi maddələr, ayrı-ayrı silahların detalları aşkar olunub. Mənzilindən isə çox “maraqlı” bir kitab, Fransa prezidenti (1959-1969) Şarl de Qolla qarşı hazırlanmış sui-qəsd haqqında yazılmış “Çaqqalın günü” (müəllif Frederik Forsayt) kitabı tapılıb.
Arutunyan haqqında 8 maddə üzrə çinayət işi açılıb. O, Tiflis məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Arutunyana prezidentləri məhv etmək planının sifarişinin kim tərəfindən verildiyi məlum olmayıb. Amma istintaq zamanı aşkar edilib ki, sui-qəsdə cəhddə istifadə olunan əl qumbarası Gürcüstana Ermənistandan keçirilib və bəzi versiyalara görə sifariş də Ermənistan tərəfindən olub.
Qeyd edək ki, milliyyətcə erməni olan Arutunyan 1978-ci ildə Gürcüstanda anadan olub. O,1983-cü ildən paytaxt Tiflisdə yaşayıb. Hələ uşaq olarkən atası vəfat edib. Heç bir təhsili olmayan anası bazarda alver edərək Vladimiri böyüdüb. Arutunyan doqquz illik təhsildən sonra anasına kömək etmək qərarına gəlib. Amma heç vaxt konkret bir işə sahib olmayıb.
Təbii ki, dünyanın dövlət başçıları arasında kifayət qədər populyar olan Buş və Saakaşviliyə qarşı sui-qəsd cəhdinin kim tərəfindən törədilməsini, həmin şəxsin adının açıqlanmasını kütləvi informasiya vasitələri səbirsizliklə gözləyib. Nəhayət, Arutunyanın adı manşetlərdə əsas xəbər başlığı kimi yer alıb. Erməni cinayətkarın adının bu cür hallanması Ermənistan rəhbərliyinin qıcığına səbəb olub. Onlar bununla bağlı bir neçə dəfə bəyanat yayıblar: “...Arutunyan Ermənistan vətəndaşı deyil, onun milliyyətcə erməni olması da sual altındadır...”
Bəli, bu, ermənilərin xisləti üçün adi bir məsələdir, onlar lazım gələndə bir-birlərindən imtina etməyi də bacarırlar.
İlham Cəmiloğlu.
Teref.az