Afiyəddin Cəlilov – xəyanətə imza atmayan, evinin önündə güllələnən siyasi xadim

5-10-2023, 09:15           
Afiyəddin Cəlilov –
Naxçıvan camaatı onu məğrur, həm də sadə bir rəhbər kimi xatırlayır. Afiyəddin Cəlilov 1990-91-ci illərdə Naxçıvana rəhbərlik edərkən, əlinə silah alıb, o vaxtkı cəbhəçilərlə birlikdə Naxçıvanın işğaldan qorunmasında da iştirak edib. Bu və digər fədakarlıqları onu xalqın sevimlisinə çevirmişdi. Bu günlərdə onun qiətlə yetirilməsindən 29 il ötdü.

Azərbaycanın görkəmli və vətənpərvər dövlət xadimi Afiyyəddin Cəlilov 1994-cü il sentyabrın 29-da evinin qarşısında, sürücüsüylə birlikdə güllələnib. Bu qətli siyasi sifariş hesab edənlər də az deyil. Həmin dövrdə o, Azərbaycan Ali Sovtinin sədr müavini və o vaxtkı przident Heydər Əliyevin müşaviri vəzifələrində çalışırdı. Onun qətli ilə bağlı iddialar haqda yazının sonunda məlumat veriləcək.

Adiyəddin Cəlilov 1946-cı il avqustun 1-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Hər iki valideyni müəllim olan Afiyəddin Cəlilov Naxçıvanda orta məktəbi, Leninqradda isə Plexanov adına Dağ-Mədən İnstitutunu bitirir. Daha sonra o, 1969-1973-ci illərdə Naxçıvan duz mədənlərində işləyib. Sonrakı karyerası boyu isə siyasi vəzifələrdə çalışıb. O, 1973-1979-cu illərdə Naxçıvan vilayət komsomol komitəsinin katibi, ikinci katibi və birinci katibi, respublika komsomol təşkilatı mərkəzi komitəsinin katibi vəzifələrini tutub.

1979-1981-ci illlərdə Azərbaycan Kommunist Partyasının Mərkəzi Komitəsində təlimatçı işləyib. Eyni zamanda Moskvada İctimai Elmlər Akademiyasında təhsil alıb. 1981-1989-cu ildə Bakının Nəsimi rayonunun partiya komitəsinin birinci katibi işləyən Cəlilov sonrakı bir neçə ildə Naxçıvana qayıdaraq yüksək dövlət və partiya vəzifələri tutub. O, Naxçıvan Nazirlər Sovetinin sədri, vilayət partiya komitəsinin birinci katibi, Ali Məclisin sədri vəzifələrdə çalışıb. Afiyyəddin Cəlilov 1990-cı ildə Azərbaycan Ali sovetinin deputatı seçilib. Respublika hakimiyyəti ilə xalq hərəkatı arasında ziddiyyətlərin dərinləşdiyi həmin dövrlərdə hakimiyyət nümayəndəsi sayılsa da, özünün obyektiv mövqeyi ilə demokratik blokun da rəğbətini qazanıb. 1992-cu ildə Azərbaycan Ali sovetinin sədr müavini seçilib.
İndi isə onun ölümünün iddia olunan səbəbi haqda: 1994-cü ilin mayın 5-də Bişkek görüşündə Azərbaycanı təmsil edən Afiyyəddin Cəlilov qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndəsi ilə bir sənədə imza atmaqdan imtina edərək Bakıya qayıdır. Çünki, bu addım qondarma rejimi tərəf kimi tanımaq olardı. Tarixdə “Bişkek protokolu” kimi tanınan bu sənədə həmin il mayın 8-də, müəyyən dəyişikliklərdən sonra Ali Sovetin o vaxtkı sədri Rəsul Quliyev imza atır. Afiyəddin Cəlilovun qətlə yetirilməsinin səbəbi məhz bu protokola imza atmaması ilə əlaqələndirilir. 48 yaşlı dövlət xadiminin ölümünə görə sonralar bir neçə XTPD (OMON) üzvü tutularaq həbs cəzasına məhkum edilsə də, ölkənin ictimai fikrində cinayətin tam açılması ilə bağlı ciddi şübhələr hələ də mövcuddur.

Onun qətlində “Bişkek protokolu”nun təşəbbüsçüsü və müəllifi olan Rusiyanın əlinin olduğu istisna edilmir.(Gündəlik Naxçıvan)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.