Xruşovun qəzəbinə tuş gələn general – həmin mübahisəni unutmayıb və... - ŞOK DETALLAR.

7-10-2023, 13:23           
Xruşovun qəzəbinə tuş gələn general –
Ən yeni tarix. Maraqlı faktlar.
O, Nikita Xruşovun qəbuluna düşmək üçün bütün mümkün variantlardan istifadə edib, yazılı müraciət göndərib, dəfələrlə qəbul otağında olub, sovet liderinin köməkçiləri ilə əlaqə saxlayıb. Amma bunların heç biri nəticə verməyib.
Nəhayət, SSRİ Mülki Hava Donanması baş idarəsinin rəisi Yevgeni Loqinov birbaşa dövlət telefonu ilə Xruşova zəng etməyi qərara alıb. Loqinovun bu cəhdi baş tutub. Xruşov onu qəbul etməyə razılıq verib. Ancaq bu görüş heç də Loqinovun arzuladığı kimi olmayıb. Loqinov kabinetə daxil olanda gözlənilməyən bir mənzərə ilə qarşılaşıb.

Xruşov səsinin tonunu qaldıraraq onu qapının ağzında saxlayıb:
- Siz hansı cürətlə mənə zəng vurursunuz? Mən bu ölkənin rəhbəriyəm, bəs siz kimsiniz? Hansısa bir idarənin rəisi. İndi mən bütün işlərimi buraxıb sizinlə məşğul olmalıyam. Bilirəm nəyə görə gəlmisiniz, mənzil, avtomobil, bağ evi, güzəşt, imtiyaz. Mən işlər idarəsinin müdiri deyiləm. Ünvanı səhv salmayım. Belə düşünürəm ki, siz yerinizdə olan adam deyilsiniz...
Gözlənilməz “hücum” Loqinovu pərt etsə də, o, təmkinini pozmayıb:
- Nikita Sergeyeviç, mənə heç nə lazım deyil. Mən mülki aviasiyadakı mövcud problemləri sizə çatdırmaq istəyirdim. Digər ölkələrlə müqayisədə biz bu sahədə geri qalırıq. Mən bu məsələləri sizinlə müzakirə etmək istəyirdim.
Bu kiçik dialoqdan sonra Xruşov onu əyləşməyə dəvət edib. Loqinov mövcud problemlərdən danışıb, sonda Mülki Aviasiya Donanması baş idarəsinin nazirliyə çevrilməsinin zəruri olduğunu bildirib.
Bu təklifdən sonra Xruşov yenidən səsinin tonunu qaldırıb:
- Gərək siz gəlişinizin məqsədinizi əvvəlcədən bildirəydiniz. Deməli, nazir olmaq istəyirsiniz. Könlünüzdən nazir imtiyazlarına malik olmaq keçir. Sizi mülki aviasiyadakı problemlər yox, vəzifə statusu narahat edir. Yox, siz nazir olmayacaqsınız. Nazirlik yaradılacaq, amma siz həmin vəzifəyə təyinat almayacaqsınız. Gedə bilərsiniz.
Bu görüşdən bir ay sonra, 1964-cü ilin iyul ayında Xruşovun göstəriş və təşəbbüsü ilə Mülki Aviasiya Donanması baş idarəsinin bazasında Mülki Aviasiya Nazirliyi yaradılıb. Nazir vəzifəsinə bir neçə nəfərin namizədliyi irəli sürülüb. Onların arasında Loqinovun adı olmayıb. Müzakirələr bir neçə ay uzanıb. Loqinov ümumiyyətlə, nazir olacağı haqqında düşünməyib. Amma zaman onun xeyrinə işləyib. Xruşovun yeni nazirliyə rəhbər təyin etməyə vəzifə ömrü imkan verməyib. Belə ki, 1964-cü ildə saray çevrilişi zamanı Xruşov devrildikdən sonra hakimiyyətə gələn Leonid Brejnev Loqinovu nazir təyin edib.

Qeyd edək ki, Brejnevlə Loqinovun tanışlığı hələ sovet-alman müharibəsi illərindən başlayıb. Belə ki, əvvəlcə Leninqradda hərbi təyyarəçilər məktəbində, sonra isə Voroşilov adına Ali Hərbi Akademiyada təhsil alan Loqinov 1941-1945-ci illərdə ən ağır cəbhələrdə xidmət edib. O, Stalinqrad və Kursk döyüşlərində, Moskvanın müdafiəsində, Berlin əməliyyatında iştirak edib. Yüksək peşəkarlığına, döyüş əməliyyatlarında fərqləndiyinə görə bir sıra yüksək dövlət təltifləri ilə mükafatlandırılıb, 1942-ci ildə ona aviasiya general-mayoru rütbəsi verilib. Məhz həmin illərdə Brejnevlə Loqinov əməliyyat müşavirələrində tanış olublar, aralarında dostluq münasibətləri yaranıb.
Müharibədən sonra korpus komandiri vəzifəsində olan Loqinov 1952-ci ildən 1959-cu ilə qədər hərbi hava qüvvələri baş komandanının müavini vəzifəsində xidmət edib.
1959-cu ildə o, SSRİ-nin müdafiə naziri marşal Malinovskinin təşəbbüsü və təklifi ilə Mülki Hava Donanması baş idarəsinə rəis təyin edilib. Məhz həmin ərəfədə mülki aviasiyada olan problemləri aradan qaldırmaq üçün Kremldə müzakirələr aparılıb. Malinovski Loqinovun yüksək peşəkarlığına, təşkilatçılıq bacarığına bələd olduğu üçün onun bu vəzifəyə namizədliyini irəli sürüb. Brejnev də Loqinovu müharibə illərindən tanıdığından onu dəstəkləyib və Xruşovu razı salıblar.
Əslində Xruşov Loqinovun baş idarə rəisi təyin edilməsini istəməyib. Bu da səbəbsiz olmayıb. Hələ müharibə dövründə Xarkov və Stalinqradda təyyarə üçün yanacaq bölgüsü aparılanda Xruşovla Loqinov arasında mübahisə yaranıb və həmin mübahisəni illər ötsə də, Xruşov unutmayıb. Amma bu kadr məsələsində Xruşov Brejnev və Malinovski ilə razılaşmaq məcburiyyətində qalıb.
Brejnevin hakimiyyəti illərində Loqinov ən nüfuzlu nazirlərdən biri sayılıb. Baş katib müşavirələrdə tez-tez onun adını çəkib, digər nazirlərə nümunə göstərib. Kremldə, Mərkəzi Komitədə, ölkənin siyasi elitasında həm bacarığına, həm də insani keyfiyyətlərinə görə Loqinov böyük hörmət sahibi olub.

1970-ci ildə Loqinov könüllü olaraq nazir vəzifəsindən gedib.
Səhhətində olan ciddi problemlər haqqında Brejnevi məlumatlandırdıqdan sonra baş katib məsələyə aşağıdakı kimi münasibət bildirib:
- Siz işsiz qala bilmərsiniz. Biz sizi özümüzdən uzaqlaşdıra bilmərik. Təklif edirəm ki, fəaliyyətinizi Müdafiə Nazirliyində hərbi inspektor-müşavir kimi davam etdirəsiniz.
Loqinov Brejnevin bu təklifi ilə razılaşıb. Amma o, yeni vəzifəsində uzun müddət işləyə bilməyib. Aviasiya marşalı Yevgeni Loqinov 1970-ci ilin noyabr ayında, 62 yaşında vəfat edib.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.