Bu gün Seyid Əli İmaddədin Nəsiminin anadan olduğu gün kimi qeyd olunur

7-10-2023, 13:43           
Bu gün Seyid Əli İmaddədin Nəsiminin anadan olduğu gün kimi qeyd olunur·
Bu bizik?!
Bu gün 1369 –cu ilin 7 oktyabr günü "hüt- hüt dilidi, dəxi Süleyman belə bilməz" və "mən bu cəhanə sığmazam " deyən Seyid Əli İmaddədin Nəsiminin anadan olduğu gün kimi qeyd olunur O, Azərbaycanın dilbər guşəsi Şamaxıda anadan olub.
Həmişə fikirləşmişəm görən necə olb ki, dərinin soyulması kimi son dərəcə işgəncəli bir cəza tədbiri məhz Nəsimi şəxsiyyəti ilə bağlı aktuallaşıb? Nəsimini edam etməyə başqa bir üsul tapılmırdı bəyəm? Niyə Misir sultanı Əlmüəyyəd hərlənib, fırlanıb elə bu sadistcəza formasının üstündə dayanıb?
Əgər Nəsiminin dilini kəssəydilər, qurğuşunu əridib boğazına töksəydilər, deyərdim ki, yeri var. Çünki o, məhz “ənəlhəq” söyləyən dilinin ucbatından kafir, mülhü adlandırılıb. Bəs onda “dərisi soyulsun” hökmünü hansı ayağa yazmaq olar ? Birdən birə belə edam üsulu haradan gəlib düşüb fitva verənin başına ?
Fikrə dalıram.. Bəlkə Nəsiminin özü bu müdhiş edam hökmünün təhrikçisi olub ? Gümanlarım öz yerində və təbii ki, bunlar mübahisə obyekti ola bilər. Ancaq bununla yanaşı mən haradasa tam əminəm ki, Nəsimi öz karmasından xəbərdar idi və şüurlu surətdə ömrünün fəciəvi sonluğuna doğru gedirdi. Yoxsa bu şerini ölümündə çox əvvəllər yazmazdı axı ...
«Soydular, çıxardılar başdan ayağa pustumu,
Aşiqəm, ah eyləməm, qurbanə xoşdur, yaxşıdır.
Həm soyan, həm soyduran zahid mənəm, səndən deyil,
Cümlədə ayinəyəm pünhanə, xoşdur yaxşıdır.
Mənsur oldum, çün bu gün aləmdə faş oldum sizə
Mən ənəlhəq söylərəm, ürfanə xoşdur, yaxşıdır».
Buradan bəlli olur ki, soyulmaq Nəsimidən ötrü libasların dəyişdirilməsindən başqa bir şey olmayıb, sadəcə bir surətin digəri ilə əvəzlənməsi olub.
Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.