Fələstin-İsrail qarşıdurması İncil və Quranda belə əks olunub - SENSASİON DETALLAR
12-10-2023, 08:14
Yəhudiliyə görə, Yehova (İudaizmdə Tanrının 7 adından biridir. İvrit dilində olan müqəddəs mətnlərdə bu ad 6828 dəfə istifadə olunub) tərəfindən İsrail övladlarına vəd edilən torpaq Vəd edilmiş torpaqlar adlanır.
Tövratın Təkvin kitabının XV Babında belə yazılıb: "O gündə Rəbb, İbrahim ilə əhd edib dedi: Misir çayından böyük çaya, Fərat çayına qədər bu məmləkəti, Keniləri və Kenizziləri və Kadmoniləri və Hetləri və Perizziləri və Refaları və Amoriləri və Kənanlıları və Girgaşiləri və Yəbusiləri sənin zürriyyətinə (soyuna) verdim".
Bu tərifə görə isə Fərat çayından Nil çayına kimi geniş region İsrail övladlarına vəd edilib. Vəd edilmiş torpaqların dəqiq sərhədləri məlum olmasa da, bu gün İsrail torpaqlarını formalaşdıran regionun vəd edilmiş torpaqlar olduğu inancı geniş şəkildə yayılıb.
Yəni söhbət ondan gedir ki, İudaizmə görə, bu torpaqları Allah yəhudilərə verib və o torpaqlar yəhudilərə məxsusdur. Təkcə yəhudilərmi belə fikirləşir? Yox. Xristianlar arasında da bu düşüncə geniş yayılıb. İncilə görə də Allahın yəhudilərə vəd etdiyi torpaqlar onlara çatmalıdır. Bütün xristian dünyası bu məsələdə ona görə yəhudilərin yanındadır ki, onların dini inancı bu düşüncə üzərində qərar tutub. Yəni bir dindar xristian tərəddüd etmədən deyə bilər ki, həmin torpaqlar yəhudilərindir...
Elə Qurana görə də həmin torpaqlar yəhudilərə - yəni İbrahim övladlarına vəd olunub. İbrahim isə sıradan peyğəmbər deyil. Onu bütün peyğəmbərlərin atası adlandırırlar...
Quranda əl-Maidə surəsi/Mədinə surəsi 20 və 21-ci ayə.
20. Bir zamanlar Musa öz qövmünə belə demişdi: "Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın! Vaxtilə O sizin içinizdən peyğəmbərlər göndərdi, sizi hökmdarlar etdi və aləmlərdən (insanlardan) heç kimə vermədiyini sizə verdi.
21.Ey qövmüm! Allahın sizin üçün (vətən olaraq) yazdığı o müqəddəs torpağa daxil olun! Geri dönməyin, yoxsa zərər çəkmiş bir halda geri qayıtmış olarsınız.
Məşhur sünni və şiə alimləri Təbəri, Əl-Qurtubi, İbn Kəsir, İbn Əbi Zeyd, Mahmud əl-Əlusi, Əl-Bəğavi təsdiq edir ki, Qurana görə, Allah yəhudilərə Nildən Fərata qədər olan əraziləri verdi. Yəni söhbət təkcə Qüds və Fələstindən getmir. Vəd olunmuş torpaqlara Misir və İraqın böyük bir hissəsi, bütün İordaniya, Suriya və Livanı əhatə edən ərazilər daxildir.
Turan Rzayev
Teref.az