BAŞIBƏLALI YAXIN VƏ ORTA DOĞU
13-10-2023, 08:04
...Türklərdən sonra aradan yarım əsr keçmədən belə Yaxın və Orta Doğu bir qan dənizi və barıt çəlləyi halına gəlmiş, yanğın hər tərəfə yayılmışdı. Müsəlmanlara hücum edənlər təkcə xarici güclər , etnik və fanatik qruplar deyil, işin ən dəhşətlisi din, dil və mədəniyyət gəmisi içində yetişmiş Ərəblər də bir-birlərini qəddarcasına, insafsızcasına boğazlamış və boğazlamaqdadırlar. Atılan güllələr ümumi düşmənə deyil, öz qardaşlarının boğazına saplanmaqdadır. Nəticədə bir tərəfdə hər gün nahaq yerə öldürülən yüzlərlə, minlərlə günahsız insan-qoca, qadın, cocuq, yıxılan, yandırılan evlər, yox olan, dağılan ailələr, aclıq, səfalət və yoxsulluq içində sürünməyə tərk edilmiş yüz minlərlə insan, vətənindən didərgin düşmüş milyonlarla qaçqın, digər tərəfdə isə zəngin Ərəblərin Qərb ölkələrinə axınları, zövq və səfa üçün sovrulan milyardlarla dollarlar. Bütün bunlardan daha betəri ardı-arası kəsilməyən ehtiras və eqoizmlə dolu kiçik çapsız, bacarıqsız, üstəlik özlərini hər kəsdən üstün tutan, sözdə dövlət adamı və onların toplumu fəlakətlərə sürükləyən macəraları Orta Doğunun Osmanlı Türklərinin hakimiyyətindən sonrakı bir əsrdə davam edən faciələridir.
Ən acınacaqlısı isə budur ki, XX əsrin əvvəllərində ən azı 500 il bu torpaqlarda bütün varını-yoxunu sərf edən, canını belə fəda edərək Qüds də daxil bütün müqəddəs şəhərləri göz bəbəyi kimi qoruyan, 4 kitabı müqəddəs sayan, bölgədən nəşət edən bütün Peyğəmbərlərə sayğı ilə yanaşan Türkləri imperialist dövlətlər və onların agentləri ilə birləşərək arxadan vuranlar, Orta Doğunu bu ürək yandıran hala salanlar, Türklərin bu bölgə və ümumən bütün İslam Dünyası üçün hansı dəyərdə olduğunu hələ də anlamamış, bu bölgəni 50 il belə qoruya bilməmiş, nəticədə özləri də bugünkü duruma düşmüşlər.
Bugün Orta Doğunu belə ağır bir fəlakətə düçar edənlər Ərəbistan çöllərini öz qanları ilə sulayan və bunu əsrlərcə davam etdirərək onu canları, qanları bahasına qoruyan Türk mücahidlərindən, onların şəhid ruhlarından üzür diləməlidirlər.
Bugün neftdən gələn milyardlarla dollarları öz xalqlarının rifahı üçün deyil, öz xarici ağaları ilə bölüşdürüb firavan həyat sürən ərəb şeyxləri, kral və diktatorları əldə etdikləri paraların bir hissəsini silah satın almağa, bir qismini qumara, bir qismini səyahətlərə, bir qismini rəsm əsərlərinə, heykəl və qiymətli daş-qaş almağa sərf edərək xalqlarının potensial gücünü belə tükətməklə məşğuldurlar. Bölgənin əsas etnosu olan Ərəblər uzun müddət ümumi düşmənlərinə qarşı mübarizə aparmaq əvəzinə bir-birlərini boğazlamaqla, bir-birlərini zəif duruma düşürməklə məşğul olmuş, bölgəni zillət, səfalət və lənət damğası vurulan bir bölgə durumuna salmışlar.
Bugün Orta Doğu yenidən Böyük güclər arasında siyasi və iqtisadi cəhətdən tort kimi bölünüb paylaşılmaqdadır. Bütün Böyük güclərin gözü bugün yenə də Orta Doğuda, onun zəngin yeraltı sərvətlərindədir. Bugün dünyanın 65 faiz nefti bu bölgədədir ki, indi bu neftin yalnız 4 faizindən istifadə edilir. Ona görə də bu bölgə dünyanın mərkəzi sayılmaqda və Böyük güclər XXI əsrdə dünyanı və Orta Doğunu bölüşdürən güclər bugün də bölgədədirlər və dünyaya yeni bir biçim vermək, yeni xəritə cızmaq istəyindədirlər.
Aydın Qasımlı
Teref.az