Qəmlo ləqəbli Qəmbəralı...
Bu gün, 09:14

Fotodakı qadın Teyfə xanımdır. "Qarlı aşırım" romanının və "Axırıncı aşırım" filminin qəhrəmanı Qəmlonun (Qəmbəralı) həyat yoldaşı. Qəmlonun Mafərə, Mahı, İbrahim, Əşrəf adlarında 4 övladı olub. Onun ölümündən bir neçə il sonra kiçik oğlu Əşrəf vəfat edib. Qəmlonun ailəsi başsız qalmasın deyə, ögey qardaşı Mehdiqulu onun arvadı Teyfə ilə ailə həyatı qurub. Bu nikahdan da üç uşaq dünyaya gəlib.
Qəmlo ləqəbi ilə tarixdə iz qoyan Qəmbəralı İsmayıl oğlu təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Qərbi Azərbaycanda qoçaqlığı, cəsarəti ilə ad çıxarıbmış. Sərrast atıcı imiş, atdığı güllə boşa çıxmazmış. Yaxın-uzaq 72 kənddə onun dediyi qanun imiş. Basdığını kəsməz, dost olduğu, duz-çörək kəsdiyi insanlar üçün canını qurban verərmiş. Sovet hökuməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı "Özünümüdafiə dəstəsi”nin (1921-ci ildən “Qırmızı Tabor” adlandırılmışdır) ən döyüşkən üzvlərindən olub. Bununla yanaşı, Qəmlo 1918-ci ildə türk - müsəlman əhaliyə qarşı törədilən soyqırımlar zamanı daşnaklarla mübarizə aparıb.
Bolşevik hökumətinin qurulması ilə köhnə dostlar (yəni Abbasqulu bəy Şadlinski və Qəmlo) da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxır. 72 kəndin dəliqanlılarını başına yığıb, qırmızılarla "çilingağac” oynamağa başlayır. Əski silahdaşının taleyinə biganə qalmayan Şadlinskiyə sonda Qəmlonu ipə-sapa yatırtmaq müyəssər olur. Beləcə, aradan bir müddət keçir. Qəmbəralının qardaşı Vəli Hand kəndinin Şura sədri seçilir. Kolxozların yaradılmasıyla münasibətlər yenidən gərginləşir. Kolxozlaşmanın qəti əleyhdarı olan Qəmlo qonşu Qarabağlar rayonunun Kolanlı kəndinin onun kimi kolxoz əleyhdarı olan ağası Kərbəlayı İsmayılla birləşir. Yenidən 72 kəndin dəliqanlılarını başına toplayır.
Məcid_Rəşadətoğlu
TEREF