“Göytürk” dastanından “Kitabi Dədə-Qorqud”a kimi…

6-01-2018, 00:29           

“Türk” sözünü ilk dəfə Göytürklər işlətmişlər. “Göy”, “tan”, “dan”, “mavi” anlayışları həm də ucalıq mənası daşıyır. Göy ucalıqla yanaşı həm də dövlətin böyüklüyünə işarədir. Məhz buna görə də onlar Çindən Qara dənizə qədər, cənubda Hindistana qədər böyük ərazinin sahibi olmuşlar. Və neçə yüzillər bu ərazilər onların nəzarətində olub…
Tarix boyu müxtəlif adlar daşıyan türk dövlətləri arasında öz milli özəllikləri ilə seçilən, milli duyğuları, düşüncələri ilə tanınan türk dövləti Göytürkdür.
“Göytürk” dastanından “Kitabi Dədə-Qorqud”a kimi…
Çin mənbələrində Göytürklərin dövlət qurmadan daha öncə bəzi miflərdə onların haqqında bilgilər verilir. Bu, miflərdə də iz buraxıb. Ancaq Göytürklər əslində öz tarixlərini zamanında daha çox daşlara köçürüblər. Göytürklər haqqında iki əsatir Çin qaynaqlarında yaşayıb.
Əsatirin birində türklərin yox olma təhlükəsindən xilas olmalarıdır. Əsatirdə deyilir: “Hunlarla eyni soydan olan Göytürklər Hun yurdunun şimalındakı So ölkəsindən çıxdılar. Başqanlarının adı Ka-Pan-Pu idi. Ka-Pan-Punun on altı qardaşı var idi. Onlardan birinin anası qurd idi. Bir qurd – yəni totem uşağı olan bu gənc yağışa və havaya hökm edirdi. Göytürklərin düşmənləri savaş zamanı onun qardaşlarını qırmış, yalnız bu gənc sağ qalmışdı. Bu gəncin iki qadını vardı. Biri Yaz tanrısının qızı, o birisi isə Qış tanrısının qızı idi. Bunlardan iki oğul doğulmuşdu. Xalq bunlardan birini – No-tu-lu-şeyi özlərinə hakim seçdilər. No-tu-lu-şe xaqan Türk adını aldı. Türkün on qadını vardı. Bu qadınlardan doğan bütün uşaqlar analarının adını daşıyırdılar. Bunlardan Asena (dişi qurd) adı alan gənc türklərə hakim oldu.

İkinci əsatirdə deyilir: “Türklərin ilk atası qərb dənizinin (mənbələrdə Xəzər nəzərdə tutulur) qərb sınırlarında oturmuşdu. Bunun xalqı hunların bir boyu idi və Aşina adını daşıyırdı. Aşina boyu qonşu millətlər tərəfindən yox edildi. Bunlardan ancaq bir oğlan sağ qaldı. Düşmənlərin bu oğlana yazığı gəlib onu öldürmədilər, ayaqlarını, qollarını kəsib bir qamışlığa atdılar. Düşmənlər getdikdən sonra bir dişi qurd bu oğlanı mağaraya aparıb yemləyib sağaltdı və ondan hamilə qaldı. Düşmənlər oğlanın sağ olduğunu eşidib onu öldürməyə adam göndərdilər. Adam oğlanın yanında qurdu görüb qorxub geri qayıtdı. Qurd mağarada on uşaq doğdu. Bu uşaqlar böyüyüb sonradan hər birindən bir boy törədi. Bunlardan biri Aşina boyu idi. Aşina qardaşlarının hamısından daha bacarıqlı olduğu üçün türklərə hökmdar oldu. Nəslini unutmamaq üçün çadırının önündə bayrağına qurd şəkli vurdu. Bir çox illərdən sonra Aşinadan törəyən yeni bir soya Asena hökmdar oldu”. Bu mif türklərin törəmişinin bir-birini əvəz edən ən qədim nümunəsidir. Bu mifdən sonra yaranmış Ərkənəkon dastanı həmin bu dastanların çox sonralar inkişaf etmiş bir hun səltənətini özündə əks etdirir.


Oğuzlar dünyanın qədim sakinlərindən olub. Oğuzların qədim dövlət quruculuğu illərindən başlayaraq onların səfərləri, qəhrəmanlıqları haqqında o dövrün ozanları tərəfindən dastanlar yaradılıb, rəvayətçilər, təzkirələr, salnamələr və şəcərələr tərtib edilib. Bütün bu söylənənlər, yazıya alınanlar “Oğuznamə” adı ilə tarixə daxil olub. Onların bir qismi bütöv halda, digər bir qismi natamam və ya fraqmental şəkildə gəlib bizə çatıb. Bu “Oğuznamə”ləri bir-biri ilə müqayisə etdikdə bəlli olur ki, onların bəziləri bir-birini təsbit edir və ya bir-birinə bənzəyir, yaxud bir-birini inkar edir. Onların içərisində biri digərindən bəhrələnənlər daha çoxdur.
XIX əsrin birinci rübündən başlayaraq “Kitabi-Dədə Qorqud” əldə edildikdən sonra dünya qorqudşünaslıq institutu yaranıb, görkəmli şərqşünaslar “Dədə Qorqud” dastanının tarixi qaynaqları, ideya-bədii mənbələri, türk-oğuz səltənəti haqqında geniş və zəngin araşdırmalar aparıb tarixşünaslıq baxımından çox dəyərli elmi nəticələr əldə ediblər. Bütün bu Qorqudşünaslıq Araşdırma İnstitutunun əldə etdiyi dəyərli bilgilər Azərbaycan-türk epik mədəniyyətinin kompleks şəkildə öyrənilməsinə əvəzsiz töhfədir.
“Oğuz Kağan” dastanı “Oğuznamə”lərin ilkini sayıldığı kimi, “Kitabi-Dədə Qorqud” dastanı da sonuncusu sayılmalıdır. “Oğuz Kağan” dastanı Oğuzun doğulması, qeyri-adi şəkildə böyüməsi, vəhşi heyvanları tutub öldürməsi, savaş səfərlərinə çox tez hazırlaşması, nəhayət, tanrıya üz tutması, bu zaman göydən nur içində bir qızın yerə enməsi, Oğuzun da bu qızı sevib evlənməsi, üç oğlunun doğulması, onlara Gün, Ay, Ulduz adlarının qoyulması, ikinci dəfə su içində ağacın koğuşunda parlaq bir qızı görüb sevməsi və ondan üç oğlu olması, onlara Göy, Dəniz və Dağ adlarının verilməsi Oğuzun cahanın sahibi olmaq məramını əks etdirir. Xatırladaq ki, qədim əsatirə görə, Yerlə Göy bir zaman bitişik olub, bir-birilərini sevib, sonra onlar ayrılıb, bu üzdən də həyat, canlılar və nəhayət, insanlar yaranıb. Buna görə də ata – at – od Göyü (Günəşi) təmsil etdiyi kimi, ana da Yeri (ana vətən, ana yurd ifadələri də buradan doğub) təmsil edir. Görünür, bu qədim əsatir Oğuzu yaradan ozana bəlli olub, məhz bu məramla da onu göyün pərisi, yerin parlaq qızı (suda, ağacın koğuşunda) ilə evləndirib, övladlarına da göy və göy cisimlərini, yerin və dənizin adlarını verib.


F.Rəşidəddinə görə, “Oğuznamə” nisbətən tarixə söykənməklə “Oğuz Kağan” dastanındakı bəzi hadisələrin təfsilatını, orada xatırlanan toponimləri əks etdirir. Əlbəttə, XIV əsrin əvvəlində şəcərə-salnamə tərtib edən Rəşidəddin də, Əbül Qazi də ilk növbədə rəvayətçilərin və ozanların yaddaşlarına söykəniblər.
“Kitabi-Dədə Qorqud” dastanında isə Qafqazda, əsasən Azərbaycan ərazisində səltənət qurmuş, mükəmməl dövlət quruluşuna malik olan oğuzlardan bəhs olunur. Ayrı-ayrı xanlıqları birləşdirən bu səltənətin başında xanlar xanı Bayandır xan durur. Onun kürəkəni Qazan xan isə əslində sərkərdə kimi əksər boylarda iştirak edir. Onların mənəvi atası müşkül işləri həll edən, qaibdən xəbərlər verən Rəsul Əleyhüssəlamın zamanına yaxın bayat boyundan çıxmış Dədə Qorquddur.



“Oğuz Kağan” dastanındakı Ulu Türk də peyğəmbərin zamanına yaxın dünyaya gəlib. Ulu Türk də Qorqud Ata kimi keçmişdən və gələcəkdən xəbərlər verir, Oğuz xana ağıllı məsləhətləri ilə kömək edən, onun yuxularını yozan, müşkül işləri yoluna qoyan, maraqlı hekayələr söyləyən ağ saqqallı, uzun saçlı xocadır. Bu əlamətlər eynilə Dədə Qorqudda da müşahidə olunur. Boylarda da Dədə Qorqudun keçmişdə yaşadığı söylənilir. Çox güman ki, Ulu Türklə Qorqud Ata eyni dərəcədə müdrik şəxs olub.


“Oğuz Kağan” dastanındakı hadisələr VI-VII əsrlərin – yeni Göytürklərin dövrü ilə daoa çox səsləşir. Türk adı burada rəsmən həm səltənətin adını daşıyır, həm də vəzir Ulu Türkün adıdır. “Kitabi-Dədə Qorqud” dastanında da təsvir olunan oğuz qəbilə birləşmələri “Oğuz Kağan” dastanındakı qəbilələrin davamçısı olaraq məkan və zamanca ondan xeyli fərqlənir. Burada coğrafi ərazi bütün Azərbaycan ərazisini əhatə etməklə hadisələr Dəmirqapı Dərbənddə, Abxaz və Gürcüstan ağızlarında, Gəncə, Sisian və oradakı Şəkidə, Ağrıdağda, Göyçə dənizi sınırlarında, Əlincə (Alınca) qalasında, Bərdədə, Qara dəniz ətraflarında, Qazlıq (Qafqaz) dağlarında, Qarabağda, Güney Azərbaycanla həmsərhəd ərazilərdə cərəyan edir. Oğuzların coğrafi əraziləri tam aydındır və “Bəkil oğlu İmran boyu”nda deyildiyi kimi möhkəm qorunur. Onlar özgə torpaqlarına basqın və yürüş etmirlər. Ancaq yağılar onlardan əsir aparanda gedib döyüşür, qalib gəlir və əsirlərini xilas edirlər. “Dədə Qorqud”dakı oğuzlar qonşulardan qız da alırlar (Qanturalı Trabzona gedib təkurun Selcan adlı qızını alır), ticarət də edirlər, o ölkələrdən bəyləri üçün hədiyyələr alıb gətirirlər. Onlar yurdlarını da möhkəm qoruyurlar. “Dədə Qorqud” boylarında təsvir olunan oğuzlar çox qədimdən burada yaşayıblar. Bununla belə Şərqdən Göytürklərlə gələn və Qərbdən hunların əsasını təşkil edən oğuzlar (onlara oğurlar da deyiblər) Qafqazda, xüsusən Urmiya ətraflarında, Quzey Azərbaycanda və Anadoluda eyniadlı, eynidilli oğuzlarla qovuşub möhtəşəm səltənət qurublar. Bu birləşmə Azərbaycan-türk dilinin yüksək ədəbi dil səviyyəsinə qalxmasına, XIII-XIV əsrlərdə Yunis İmrə, Həsənoğlu, Şirvanda Molla Qasım və nəhayət, Nəsimi kimi əzəmətli ədəbi və ictimai xadimlərin yetişməsinə səbəb oldu. Bu, həmin dil idi ki, XIV əsrdə Dədə Qorqud söyləmələrini onun varisi Dədə Kərəm Gəncədən el-el gəzə-gəzə Ərzurum dolaylarında danışır, üzünü xaraba şəhərə, rast gəldiyi kəlləyə, qəbiristanlıqda göz yaşı tökən Nazlıya, “Dağıldı dövlətim tamam bad oldu, viranə Gəncənin yiyəsiyəm mən” deyib məclislərdə oxuyurdu.
Dədə Qorqud da öz məclislərində Oğuz bəylərini xatırlayırdı:

Hanı gördüyün bəy ərənlər,
Dünya mənim deyənlər,
Əcəl aldı, yer gizlədi,
Fani dünya yenə qaldı,
Gədimli-gedimli dünya
Son ucu ölümlü dünya.

Kərəmin bu söyləmələrində həmin o keçmiş səltənətin dağılması dönə-dönə xatırlanır. “Ağqovaq qız Beyrək bəyinin dəngi” deyə Beyrək də yad edilir. “Dədə Qorqud” boyları özünəqədərki “Oğuznamə”lərdən və başqa əfsanə və rəvayətlərdən qidalanıb, onları təkrarlamadan zaman-zaman cilalana-cilanana möhtəşəm məzmun və mündəricəyə malik milli epos səviyyəsinə qalxıb. Bu epos oğuz səltənətinin həyatını, məişət, mədəniyyət və mənəvi dəyərlərini, qəhrəmanlıq salnaməsini özündə yaşadan oğuz-türk dünyasının şah kitabıdır.

“Oğuz Kağan” dastanı Oğuz səltənətinin başlanğıcını özündə yaşatdığı kimi “Kitabi-Dədə Qorqud” dastanı da oğuzların qədim Azərbaycan ərazisində mükəmməl dövlət quruluşunu əks etdirir. Son boyda isə Oğuz dövlət təşkilatının pozulmasının səbəblərinə işarə edilir. Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud” dastanı yeni məkan və zaman mühitində “Oğuz Kağan” dastanının davamı kimi anlaşılmalıdır. Təəssüf ki, bu eposların tədqiqi ilə məşğul olan müəlliflər “Kitabi-Dədə Qorqud” dastanını “Oğuz Kağan” dastanının islama uyğunlaşdırılmış variantı kimi qəbul edirlər. Bu mülahizəni “Türkün qızıl kitabı”nın müəllifi Rəfik Özdək söyləyir. “Oğuzlar” kitabının müəllifi F.Sümər də həmin əsərdə buna yaxın fikir söyləyib, hətta “Dədə Qorqud” boylarının yazıya alınmasını XVI əsrin ikinci yarısına gətirib çıxarıb.

Əvvəlcə qeyd etdiyimiz kimi, bu dastanların quruluşu bir-birinə bənzəmir. İkincisi, “Oğuz Kağan” dastanında Oğuz xan “Dədə Qorqud” boylarında iştirak etmir. Burada əsas personajlar xanlar xanı Bayandır xan, onun kürəkəni, boyların əksəriyyətində iştirak edən sərkərdə Qazan xan və qəbilələrin mənəvi atası Dədə Qorquddur.

Qara Namazov, professor
Yurdaz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.