“Tank hakimin üstündən keçdi…” – Qanlı 20 Yanvar hekayəsi
20-01-2018, 22:25
Bu sözləri tanınmış yazar Azad Qaradərəlinin 20 Yanvar hadisələri zamanı itkin düşmüş hakim Şövkət Ağayevin xatirəsinə həsr etdiyi “Qalxmayin, məhkəmə gəlir!” hekayəsində deyib.
Həmin hekayəni təqdim edirik:
****
– Qalxın, məhkəmə gəlir!
Hamı qalxsa da, orta cərgədə əyləşmiş iki gənc qalxmadı. Hamı, o cümlədən artıq yerlərini tutmaqda olan hakim və iclasçılar da təəccüblə onlara baxdılar. Bunu görən gənclərdən biri cəld ayağa qalxıb bağıra-bağıra dedi:
– Bu gün-sabah rus ordusu Bakıya girəcək. Siz isə hələ də burada saxta ittihamla həbs olunan bir gənci məhkəmə önünə çıxardırsınız. Məhkəmə qarşısına çıxarılası biriləri varsa, o da sizlərsiniz! Rüşvətxor, xalqının cibinə girən, rus boyunduruğundan azad olmaq istəməyən müftəxor məmurlar! Biz tələb edirik: bu məhkəmə komediyası dərhal dayandırılsın, hamı Azadlıq meydanına yollansın! Əks təqdirdə…
– Əks təqdirdə nə olacaq? – Orta yaşlarında, güləriz hakim gəncə baxdı. Oğlan elə bil utandı. Başını aşağı salıb yavaş səslə:
– Pribaltikada, Gürcüstanda məmurlar da xalqın tərəfinə keçiblər… Amma siz burada bir günahsız gənci mühakimə edirsiniz… Bütün şəhər bilir ki, o günahsızdır… Siz isə bildiyinizi edirsiniz, halbuki rus ordusu sərhədlərimizi keçməyə hazırlaşır…
– Siz hardan bilirsiniz ki, ordu sərhədlərimizi keçməyə hazırlaşır?
– Dəqiq məlumatdır… Qoşunlar artıq bizi üzük qaşı kimi mühasirəyə alıblar… – Bunu qabaq sırada oturmuş gənc və gözəl bir xanım dedi. Hakim bir onunla çənə-boğaz edən gənc oğlana, bir gözəl xanıma, bir də yanındakı iclasçılara baxıb ah çəkdi. Sonra iki milis işçisinin arasında durmuş oğurluqda ittiham olunan kəndli oğlana üzünü tutub dedi:
– Bax, hamı deyir ki, sən o bankdan oğurluq etməmisən. Ya da kimlərinsə əlində alət olmusan… Elə mən də bu fikirdəyəm. Amma sən deyirsən ki, o boyda pulu sən özün tək oğurlamısan… İndi mən sənə nə edim? Bax, yaşıdların da neçə gündür deyirlər ki, sən oğurluq edə bilməzsən… Səni qorxudan varsa, qorxma, düzünü de.
Oğlan qıpqırmızı oldu. Burnunu çəkdi və kəkələyə-kəkələyə dedi:
– Mm..mən… mən ööözüm oğurlamışam…
Bankın vəkili ayağa qalxdı:
– Cənab hakim, mən etiraz edirəm! Bu adam hər şeyi boynuna alıb. Daha nə çək-çevirə salırsınız? Bir aydır davam edən bu çevir tatı, vur tatı nəyə lazımdır? Pulu bu adam oğurlayıb, boynuna da alır, vəssalam.
İkinci vəkil qəfil yerindən qalxdı:
– Bəs o boyda pulu kimə verib? Qoy yerini desin!
Sonra qovluğundan bir sənəd çıxardıb hakimə üz tutdu:
– Möhtərəm hakim! Mən bu oğlanın doğulub boya-başa çatdığı kəndə gedib bu məlumatları toplamışam. Oğlan məktəbdə əlaçı olub. Amma ali məktəbə girə bilməyib…
Bayaqkı gənclərdən biri söz atdı:
– Adamı olmayıb, ona görə!
Hakim qələmi stola döyəclədi:
– Xahiş edirəm, yerdən danışmayın.
Vəkil davam etdi:
– O, halal çörəklə böyüyüb. Atası kolxozda suçu olub. Anası klubda xadimə. Özünü də bu banka qarovulçuluğa bankın milisoneri düzəldib… Nəzərə alın ki, o milisoner də bank müdirinin qohumudur. Bu yazıq heç seyfin kodunu belə bilməyib. Kodu bilməyibsə, pulları oradan necə çıxarda bilərdi?
Bayaqkı gəncin yanındakı oğlan üzünü təqsirləndirilənə tutub yerindən qışqırdı:
– Ay bədbəxt oğlu bədbəxt! Dünya dağılır, rus qoşunu sərhəddimizdədir, əmr gözləyir ki, Bakıya girib dinc adamları qırsınlar! Sən isə hələ də kimlərinsə təhriki ilə suçu öz üzərinə götürürsən!.. Heç olmasa indi ayıl… Bax, sənə deyirəm: bu gün tarixi bir gündür… Sabah bu millət nə gündə olacaq, kim öləcək, kim qalacaq, bilmək olmaz… Sən isə tarixin yaddaşında bir qorxaq, rəzil adam kimi qalacaqsan… Boynuna al: pulu kimin təkidi ilə götürmüsən? Kimə vermisən?!
Prokuror hirslə hakimə dedi:
– Möhtərəm hakim! Mən anlamıram, bura məhkəmədir, ya obşi dvordur?! Hər kəs yerindən danışır, atmaca atır, hakim gələndə ayağa qalxmır?! Bu nə deməkdir, anlamıram!?
Hakim prokurora etiraz etdi:
– Demokratiyadır, yoldaş prokuror… Mən xalqın səsini boğa bilmərəm.
Təqsirləndirilən şəxs yerində qurcuxdu. Başını qaldırıb qeyzlə danışan gəncə, sonra isə dərin fikrə getmiş hakimə baxdı. Hakim bunu sezib gülümsədi. Sonra başını bulayaraq dedi:
– Hə, mənim balam, o oğlan sənin yaşıdındır. Biz içəri girəndə hətta ayağa belə durmadı. İndi də yerdən icazəsiz danışır. Amma düz danışır… Ona görə sözünü kəsmədim… Sən, deyəsən nəsə demək istəyirsən? Qorxma, biz səni sonacan müdafiə edəcəyik…
(Aylardır içəridə olan oğlan indi, deyəsən anlamağa başlayırdı vəziyyəti: artıq gedişat onun xeyrinə dəyişirdi. Təqsirləndiriləni müdafiə edənlərin sayı çoxalır. Hətta hakim də! Ölkədəki ab-hava məhkəməyə də sirayət etmişdi.)
Təqsirləndirilən gəncin gözlərindən böyük bir vahimə oxunurdu. Əllərində, üzündə işgəncə izləri görünürdü. Hələ boynunun yetim tükü tökülməyən bu oğlan qəfildən ağlamağa başladı və öz vəkilinə yazıq-yazıq baxıb güclə dedi:
– Ggggecə ssseyfin ağzını açıq qqqoymuşdular….Pppulu… pppulu bankın müdirinin oğluna vermişəm – Kərəmə…
Zala çaxnaşma düşdü. Bayqkı gənclər də, qabaq sırada əyləşən gözəl xanım da ayağa qalxıb əl çaldılar. Hakimin üstündən elə bil dağ götürüldü. İlk dəfə anladı ki, ölkəyə əsən azadlıq küləyi onun da ruhuna toxunub. O da həqiqətin üzə çıxmasına sevinirdi. Baxmayaraq ki, prokurorun dediyinə görə, bu kəndli oğlanı içəri basandan sonra hakimə də, prokurora da yaxşı rüşvət vəd olunurdu…
(O da zaman-zaman rüşvət almışdı, zatən bu ölkədə rüşvət almayanı yüksək posta yaxın qoymazdılar ki. Hakim isə heç qoymazdılar. Hər rübün sonunda yuxarı distansiyaya hesabat təqdim ediləndə müəyyən məbləğdə haqq da verməliydin. Haqq… Sözə baxırsınızmı? Gör haqq kimi müqəddəs söz hansı məqamda işlənirdi… Amma o imkan dairəsində haqsızlıq etməməyə çalışmışdı. Rüşvəti o adamdan alırdı ki, onun verməyə varıydı və o alacağı bir başqasının haqlarını tapdamırdı. Və ölkənin belə ağır günündə həqiqətin üzə çıxması naminə bütün ömrü boyu ona bəs edəcək böyük məbləğdə puldan imtina etdi.)
***
Axşam işdən evə gələndə özünü çox gümrah hiss edirdi. Tez televizoru açdı ki, çay içə-içə son xəbərlərə baxsın. Amma televizorun ekranı qaralıb söndü. Ürəyi sıxıldı. Bayaqkı gəncin sözləri yadına düşdü: “Bu gün-sabah rus ordusu Bakıya girəcək. Siz isə hələ də burada saxta ittihamla həbs olunan bir gənci məhkəmə önünə çıxardırsınız. Məhkəmə qarşısına çıxarılası biriləri varsa, o da sizlərsiniz! Rüşvətxor, xalqının cibinə girən, rus boyunduruğundan azad olmaq istəməyən müftəxor məmurlar! Biz tələb edirik: bu məhkəmə komediyası dərhal dayandırılsın!”
“Doğru sözə nə deyəsən? – içində gumuldandı. – O gün eşidirəm ki, bütün idarə müdirləri xidməti maşınlarını “istifadəyə yararsız” adı altında sildirmiş, sonra suyu qiymətinə özləri almışlar. Sual verən də yoxdur ki, bəs istifadəyə yararsız idisə, niyə alırdın?… Görünür, bu bank müdiri də deyib day belə soxhasoxda kimdi pul axtaran?! Rayon əhalisinin iki aylıq əmək haqqını o kəndli balasının əli ilə oğurladıb… Gündə bir maşın minən oğlu isə pulu götürüb ölkəni tərk edib… Ay siz öləsiniz! Son qəpiyinəcən ödəyəcəksiniz!..”
Telefonu qaldırdı, o da işləmirdi.
– Zakon podlosti! – deyib qapıya yönələndə arvadı qabağını kəsdi:
– Hara? Bu gün şəhərdə bəd sözlər danışırdılar… Ordu girəcəkmiş… Otur yerində…
Həmişə ona iltifat göstərsə də, bu dəfə acıqla “çəıkil” deyib çölə çıxdı. Elə bil bankı qarət edənlərin də, şəhərə ordu yeridənlərin də günahını ondan çıxacaqdı.
Soyuq yanvar havası sümüklərinə işlədi. Alaqaranlıqda hamı şəhərə tərəf tələsirdi. Qəsəbənin girəcəyində bir dəstə adam gördü. Məhkəmədəki gənclərdən biri də onların arasında idi. Oğlan əllərini ölçə-ölçə danışır, həyəcandan səsi titrəyirdi:
– Binə tərəfdən uje giriblər. Əsas hücum Şamaxinkadan olacaq. Dənizdən də şturm gözlənilir. Bizim gəmiçilər silahsız olsalar da artıq müdafiə mövqeyi tutublar… Biz də buranı bağlamalıyıq. Avtobusları, bartovoy maşınları yığırıq yola… Biz burada barrikada qura bilsək, onları bircə saat saxlaya bilsək…
– Nəylə, a bala? Boş əllə nə barrikada? Bəlkə heç atmayacaqlar? Elə-belə, şəhərə girəcəklər? – Bunu o dedi və deməyinə peşman oldu. Hərə bir tərəfdən töküldü üstünə. Məhkəmədə qəzəblə danışan gənc onu tanıdı:
– Uşaqlar, bu bizdən deyil… sudyadı… Onun beyni Moskva vaxtıyla işləyir, fikir verməyin…
Pərt olsa da, onlardan aralanmadı. Nədənsə ürəyinin harasındasa artıq bu cavanların tərəfində olmalı olduğunu düşünür, içindəki ikinci məni ilə çarpışırdı.
“Mən bilirəm, ordu şəhərə ona görə girir ki, paqromların qarşısını alsın, ermənilərlə toqquşmaya imkan verməsin… Heç bir günahsız adama güllə atılmayacaq…”
“Bəs elə isə niyə üç-dörd gün qabaq eləmirdilər bunu? Niyə ermənilər şəhəri tərk edəndən sonra əl-ayağa düşüblər?”
“Şişirtmə, partiya belə məsləhət bilib…”
“Məncə, artıq partiya deyilən bir şey qalmayıb…”
O bu çək-çevirdə ikən odlu güllələr qəsəbənin üzərinə yağmağa başladı. Hətta uzaqdan, Qala tərəfdən tank gurultusu eşidildi. Təxminən 15-20 dəqiqə sonra tanklar yola düzülmüş avtobusları, yük maşınlarını əzib keçdi. Tankların tırtılları arasında qalan yeddi-səkkiz cavanın qanı yola çiləndi. Kişi barrikadanı dağıdıb şəhərə üz tutan tankların ardınca baxa-baxa qaldı. Bu vaxt bayqkı gənc hardansa çıxıb onun qarşısında dayandı və bağırdı:
– Həəəə! Gördün?! Bəs deyirdin atmayacaqlar?! Gördün uşaqları nə günə qoydular, yoldaş hakim?!
O, əyilib cəsədi asvalta yapışmış gənclərin meyidlərini qaldırmaq istədi. Amma yeni tank kalonları buna imkan vermədi.
Ona yaxın tank düz əzilmiş avtobusların və cəsədlərin olduğu yerə şütüyürdü. O, əlini cibinə salıb cib yaylığını çıxartdı, açıb əlində bayraq kimi yelləyə-yelləyə tankların qabağına yürərək bağırdı:
– Rebyata, astanavitis! Ya kak sudya Sovetskoqo Soyuza, volya qosudarstvo i naroda prikazıvayu! Ne strelyayti!
Arxadan gəncin qışqırtısı eşidildi:
– Sudya, qayıt! Onlar dayanmayacaq! Səni də əzərlər!..
Amma onun son kəlmələri tankların nəriltisi altında əzilib yox oldu və o dəmir azmanlar hakimi də bayaqkı cəsədlərin üstünə yoğurub irəli şığıdılar. Gənc oğlan da tanqların atdığı güllələrdən ağır yaralanıb yerə yıxıldı.
Arxadan gələn yük maşınlarındakı əsgərlər yerə atılıb tanınmaz hala düşmüş cəsədləri qaldırıb maşınların banına atdılar və rus dilində söyə-söyə maşınlara minib tanklar irəliləyən istiqamətdə uzaqlaşdılar.
***
O gecə Bakıda qanlı hadisələr oldu. Azğınlaşmış Sovet ordusunun “smertnik”ləri şəhərdə sağa-sola güllə yağdıra-yağdıra insanlara divan tutdular. Küçələrdə üst-üstə qalanan meyidləri maşınlara doldurub dənizə tökdülər. 147 nəfər öldürüldü, 744 nəfər yaralandı. Bu da hamısı deyildi. Neçə-neçə soydaşımız itkin düşdü. Onlardan biri də bizim qəhrəmanımız – hakim idi. Onun ailəsi hələ də yolunu gözləyir. Vəfalı həyat yoldaşı isə ölümünə qəti inanmır…
***
Bu hadisəni mənə hakimin apardığı məhkəmə işində təqsirləndirilmiş şəxs qismində iştirak edən kəndli Oğlan danışıb. Deyir ki, bankın müdiri iki çamadan pulu mənim əlimlə bankdan çıxartmışdı oğurluq adı ilə. Hətta atamgilə də çoxlu pul vermişdilər. Elə hakimə da yaxşı rüşvət vəd olunmuşdu. Amma o, rüşvəti yox, şəhidliyi seçdi.
Teleqraf.com