Dəli keşiş, seksual manyak, çarı idarə edən adam: Kimdir Rasputin?
22-01-2018, 19:41
Mistik qüvvəyə sahib olduğu iddia edilən, özü tərəfindən müqəddəs adlandırılan, Romanovlar ailəsinə yaxınlığı ilə tanınan Qriqori Yefimoviç Rasputin Rusiya İmperiyasının son dövrlərində əhəmiyyətli rol oynamış tarixi şəxsiyyətdir.
Qriqori Yefimoviç Rasputin 21 yanvar 1869-cu ildə Sibirin Pokrovskoye qəsəbəsində kəndli ailəsində doğulub. Atası Yefim və anası Anna Parşukovanın 7 uşağı körpəlik dövründə vəfat edib. Rasputinin daha sonra Fyeodosiya adlı bacısı dünyaya gəlib. Mənbələr bildirir ki, onun bacısı ilə yaxın əlaqəsi olub və bacısı uşaqlarının xaç atası idi. Tarixçilər Qriqori Rasputinin uşaqlıq və gənclik dövrü barədə geniş məlumatın olmadığını bildirirlər. Təxminlərə əsasən, o, rəsmi olaraq təhsil almayıb və yetkin çağlarında belə təhsilsiz olub. Bəzi yerli arxiv sənədlərində Rasputin adı ilk gənclik dövrlərində müxtəlif oğurluq, cinayət hadisələrində çəkilir, o hətta yerli camaatı narahat edən biri kimi təsvir edilir.
1886-cı ildə Rasputin Abalaka gedir və orada Praskovya Dubrovina adlı qadınla tanış olur. 1897-ci ildə evlənən cütlük daha sonra Rasputin Pokrovskoyeni tərk edəndən sonra ayrı düşür, lakin Dubrovina ömrünün sonuna kimi Rasputinə sədaqət göstərir. Onların 7 övladı dünyaya gəlsə də, yalnız 3-ü, Dimirti, Mariya və Varvara sağ qalır.
1892-ci ildə vaxtının böyük hissəsini monastrda keçirən Rasputin keşiş olmasa da, “Dəli keşiş” adını qazanır.
1900-cü illərin əvvəllərində Rasputinin xarizması və fəaliyyəti Sibir ərazisinə yayılır. 1902-1904-cü illərdə Kazan şəhərinə səfər edən Qriqori insanların psixoloji problemlərini həll etməyə başlayır. Onun bəzi qadın tərəfdarları ilə seksual münasibəti iddialar arasındadır.
Qriqori Rasputinin nüfuzu Provaslav din xadimləri, dövlət şəxslərinə gedib çatır və çar ailəsi ilə tanış olur.
Çar II Nikolay 1906-cı ildə dövlət şəxslərindən birinə yazır: “Bir neçə gün əvvəl Tobolsk vilayətindən bir kəndlini qəbul etdim. Mənə Müqəddəs Simyon Merkuşinskinin ikonasını gətirdi. O, mənə və Aleksandra Fyedorovnaya (Çar II Nikolayın həyat yoldaşı) böyük təsir göstərdi, 5 dəqiqə əvəzinə 1 saatdan çox söhbət etdik”.
Zamanla çar ailəsi Rasputinlə bir çox məsələlərdə məsləhətləşməyə başlayır. O, çarı vəzifəsini icra edərkən özünəinamlı davranmağa sövq edir. Aleksandra Fyedorovnaya narahatlıqlarının öhdəsindən gəlməyə, oğulları Alekseyin isə hemofoliliya xəstəliyinin yüngülləşməsinə kömək edir. Qriqori Rasputinin I Dünya müharibəsindən etibarən dövlət işlərinə müdaxiləsi iddialar arasındadır.
Qriqori Rasputin barədə tarixdə bir çox iddialar mövcuddur:
MİSTİK QÜVVƏYƏ SAHİB İDİ
Onun uşaqlıq dövründən bəri mistik qüvvəyə sahib olduğuna inanılırdı. Kilsəyə yaxınlığı ilə tanınan “Dəli keşiş” gələcəkdə bu ünvanı və qazandığı nüfuzundan istifadə edərək çar ailəsinə belə yaxınlaşa bildi. Xüsusilə Alekseyin müalicəsinə etdiyi köməklər onun nüfuzunun daha da artmasına ciddi təsir edib.
SEKSUAL MANYAK İDİ
Bəzi tarixçilər Qriqori Rasputinin seksual manyak olduğunu və Aleksandra Fyedorovna ilə seksual yaxınlığını vurğulayırlar. Müalicə məqsədilə yanına gələn və tərəfdarı olan qadınlarla olan münasibəti də önə atılan fikirlər arasındadır. Digər iddiaya əsasən, bu fikirlər ölümündən sonra düşmənləri tərəfindən uydurulmuş şayiələrdir.
RUSİYA İMPERİYASINI İDARƏ EDİRDİ
O, Rusiya İmperiyasının gizli idarəçisi idi. Çar sarayında daimi fəaliyyəti, Fyedorovnanın Rasputinə bağlılığı Rasputinin Rusiyanın dövlət işlərində iştirakı iddialarını daha da gücləndirən səbəblərdəndir. Bildirilir ki, Rasputinin məsləhəti ilə Çar II Nikolay 1915-ci ildə ordu üzərində şəxsi idarəsini təmin etdi və bu, məğlubiyyətlərin əsas səbəbkarı statusunu qazanmasına gətirib çıxartdı. Nəticə etibarilə, sarayda nüfuzu güclənən Aleksandra Fyedorovnanın hakimiyyəti gücləndi.
ONU ÖLDÜRMƏK QEYRİ-MÜMKÜN İDİ
Rasputinin davranış və təsirləri Rusiya siyasəti və cəmiyyətində yaşanmış mənfi hadisələrlə əlaqələndirilir. 1914-cü ilin iyun ayında Rasputin yanına kömək üçün gələn qadın tərəfindən bıçaqlanır. Qadınları yoldan çıxartmaqda ittiham edilərək sui-qəsdə məruz qalan Qriqori çoxlu qan itirməsinə, ölümə yaxın olmasına baxmayaraq, tamamilə sağala bilir. 1916-cı ilin 30 dekabr tarixində Feliks Yussupovun rəhbərliyi ilə bir qrup zadəgan Rasputinə qarşı sui-qəsd planı qururlar. Çar II Nikolayın nüfuzunu bərpa etməyə, Aleksandradan asılılığını azaltmağa, Dumanın prosesdəki rolunu artırmağa çalışan Yussupov sui-qəsd barədə 1928-ci ildə çap olunmuş xatirələrində yazır. Yeməyə dəvət edilən din xadiminə yaxşı qonaqlıq verilir və yeməyinə zəhər qatılır. Görüşün sonunda zəhər Rasputinə təsir göstərmir və o, normal davranmağa başlayır. Daha sonra Yussupov tərəfindən dəfələrlə güllələnən Rasputin nəfəs almağa davam edir və onu çaya atandan sonra ölür. Lakin Qriqorinin ölümündən sonra tibbi müayinəsində bədənində heç bir zəhər tapılmayıb və başına aldığı güllədən sonra dünyasını dəyişdiyi qeyd edilib.
ÖLÜMÜ MİFƏ ÇEVRİLDİ
Əfsanəyə görə, zəhərlənəndən, güllələnəndən və çaya atılandan sonra bir qrup şəxs onun bədənini çay sahilində görüb və o, hələ də nəfəs alırmış. Lakin keşişin cansız bədənini Malaya Nevka çayından çıxartmaq bir neçə gün çəkib, çünki çay soyuq hava səbəbilə donmuşdu. Çar II Nikolay 1917-ci ildə fevral inqilabından sonra taxtdan əl çəkdi və Romanovlar sülaləsinin hakimiyyətinə son verildi. Lakin Rasputin barədə şayiələr davam etməkdə idi.
Bu günə qədər Qriqori Rasputin barədə bir çox filmlər çəkilib:
1917-ci ildə ekranlaşdırılan “The Fall of the Romanoffs – Romanovlar ailəsinin süqutu” filmi onun ölümündən sonra çəkilmiş ilk filmdir. İrland rejissor Herbert Brenon tərəfindən ekranlaşdırılan film Hollivudda işıq üzü görüb və “Dəli keşiş”in, Rusiya çarının sui-qəsdini təsvir edir.
1932-ci ildə ekrana çıxan və Rasputin barədə növbəti ABŞ istehsalı olan “Rasputin and the Empress – Rasputin və kraliça” filminin rejissorları Riçard Boleslavski və Çarlz Brabindir. Ekran əsərində Rasputin və Aleksandra Fyedorovnanın yaxın münasibəti, keşişin ölümü təsvir edilib.
Don Şarpın rejissorluq etdiyi “Rasputin – The Mad Monk – Rasputin-Dəli keşiş (1966)” filminin əsas devizi “Qadınların kişisi – Qadınların sonu”dur. Dəli keşişin sarayda dəbdəbəli həyatı, qadınlarla münasibəti, insanları təsir dairəsinə salması, idarə etməsi göstərilib.
Elem Klimov tərəfindən ekranlaşdırılan “Agony – Əzab (1981)”kinosu Rasputinin orijinal sinematik təsviri hesab olunur. Çar II Nikolayın dövlət işlərilə məşğul olmaması, gücün Rasputinin əlində cəmləşməsi kimi məsələlər filmdə öz əksini tapıb.
“Anastasia – Anastasiya (1977)” animasiya filmində Rasputinin çar ailəsinin başına gətirdiyi müsibətlər, II Nikolayın qızı Anastasiya Romanovanın xilası, daha sonra mistik gücə sahib Rasputinə qalib gəlməsi ekranlaşdırılıb.
“Raspoutine – Rasputin (2011)” filmi fransız rejissor Jose Dayanın işidir. Məşhur fransız aktyor Cerar Depardyenin Rasputin obrazını canlandırdığı ekran əsəri o dövrdə baş verən hadisələrə işıq salır.
Almaniyanın dünya şöhrətli “Boney M” qrupunun “Rasputin”mahnısı Qriqori Rasputinə həsr edilib. İngilis dilində ifa edilən bioqrafik mahnıda insanların Rasputindən qorxması, lakin onun Rusiya İmperiyasındakı nüfuzu, şahzadə ilə şəxsi münasibəti qeyd olunur və “Dəli keşiş” seksual münasibətlərinə görə “Rusiyanın ən böyük sevgi maşını” adlandırılır. (qaynarinfo.az)