Nazim Hikmət Rəsul Rza haqqında - Yorulmadınmı?
25-01-2018, 00:28
Enter.News tarixi məktublar, araşdırmalar və təhlil yazılarla yanaşı, eyni zamanda şair və yazıçılarımızın illər əvvəl qələmə aldıqları memuar və kiçik yazılardan ibarət olan maraqlı materialları axtarıb hazırlayaraq oxucuların diqqətinə yetirir. Bu gün təqdim edəcəyimiz yazı isə Nazim Hikmət tərəfindən Rəsul Rzaya həsr edilən yazıdır. 1960-cı ilin mayında “Literaturnaya qazeta”da “Dostum Rəsul Rza” adı ilə çap olunan həmin yazını təqdim edirik:
Bugünkü poeziya ilə şərab arasında nəsə bir oxşarlıq var. Belə ki, şərab nə qədər təzədirsə, o qədər təravətlidir, yaşı çoxaldıqca, köhnəldikcə bir o qədər tündləşir. Bunu tamamilə Azərbaycan şairi Rəsul Rzanın şeirlərinə aid etmək olar.
Mən Rəsul Rzanın 1958-ci ildə “Qoslitızdat”ın çap elədiyi məcmuəsini oxumuşam. Burada 1931-ci ildə yazılmış şeirler var. Məsələn, “Bolşevik yazı”. Bu şeirlər indiyəcən öz təravətini itirməyib. İllər keçdikcə onlar yaşlanıb böyüyür, ancaq köhnəlmirlər. Kitabdakı son şeir 1956-cı ildə yazılıb. Ancaq mən Rəsul Rzanın lap sonra yazılmış təzə, canlı şeirlərini oxumuşam. İnanıram ki, bunlardan çoxu 1975-ci ildə də beləcə təravətli qalacaq.
Azərbaycan ədəbiyyatında gözəl şairlər çoxdur. Vaqif, Sabir, Vurğun, Süleyman Rüstəmin şeirlərini imzasına baxmadan əlüstü tanıyırıq. Hətta başqa dilə çevriləndə belə. Rəsul Rza da belə şairdir. Onun şeirlərini bəyənib bəyənməmək öz işinizdi, ancaq siz onun şeirlərini başqa şairlərin şeiri ilə qarışdıra bilməzsiniz. Məncə, şairin şeirlərinin bəyənilib bəyənilməməsindən daha çox, onun özümlü və bənzərsiz olması gərəkdir. Məni düz başa düşün. Əsla o fıkirdə deyiləm ki, sənətkarlar bir-birinə təsir etməməlidir. Yer üzündə elə bir şair yoxdur ki, o, sevdiyi bir, yaxud bir neçə şairin təsiri altında olmasın. Rəsul Rzanın şeirlərində də Füzulinin, Sabirin, Mayakovskinin təsiri görünür. Ancaq bu təsir öz dərinliyi baxımından çox müxtəlifdir. O, hər şeydən öncə yağışın taxıl zəmisinə etdiyi təsirə bənzəyir. Yağış dənin üzərində ona görə qalır ki, onun cücərib boy atmasına yardım eləsin.
Ötən il Rəsul Rza İraqa getmişdi. Qayıdanda əlində bir kitab gördüm. Elə bil şair əlində öz ürəyini aparırdı. Azərbaycancaya çox, lap çox yaxın olan bu şeirlər İraqda yaşayan türkmənlərin şeirləri idi.
Rəsul Rza xalq və klassik ədəbiyyata böyük pərəstiş edən bənzərsiz bir şair, Azərbaycan poeziyasının novatorlarından biridir. Üç ildir o, Füzuli haqqında böyük bir poema üzərində işləyir. Axı, novatorçuluq inkar etməkdən deyil, ədəbi irsdən bəhrələnməkdən başlayır. Azərbaycan ədəbi irsində, eləcə də başqa xalqların - onların içində birinci sırada rus ədəbi irsində şair üçün dərin, dəyərli, yararlı nə varsa Rəsul Rza götürüb bəhrələnir.
Rəsul Rza bugünkü Azərbaycan poeziyasına şəhərin danışıq dilini, bu dilin ahəngini gətirib. Danışıq dili deyəndə Bakı, Kirovabad (Gəncə-red.) dialektlərini nəzərdə tutmuram, bütün Azərbaycan şəhərlisinin dilini deyirəm. Bu baxımdan Rəsul Rza Sabir gələnəyinin - ənənəsinin davamçısıdır. Məgər yaşadığı çağın poeziyasına şəhərli dilini Sabir gətirməyib? Yeri gəlmişkən, demək lazımdır ki, Rəsul Rza yaradıcılığı Sabirdən qeyri-adi şəkildə faydalanmışdır. Sabir poeziyasındakı satirik elementlər, polemik kəskinlik, məntiq üstündə satira və polemika yaratma bacarığı, şeir texnikası Rəsul Rza poeziyasına təbii, orqanik bir şəkildə təsir edib. Rəsul Rza sözü nə şişirdir, nə də bayağılaşdırır. O inanır ki, hər bir söz öz yerində olsa, poeziya bağında çiçəkləyə bilər. Məzmunu, mövzu baxımından şeirin imkanları nə qədər hüdudsuzdursa, bu mövzunun ifadəsi üçün işlənən sözlər də o qədər sonsuz olmalıdır.
Rəsul Rza şeirin texnikasına bir doqmatik kimi baxmır. O, qafiyəni, ölçünü rədd etmir, ancaq nəzm aləmindəki qayda-qanunları da qəbul etmir. Şeiri ölçülü də yazmaq olar, ölçüsüz də, qafıyəli də, qafıyəsiz də. Bilə-bilə, qəsdən qafiyəsiz yazmaq və qafkiyə işlətmək xatirinə qafiyə ilə şeir yazmaq ən böyük formalizmdir. Rəsul Rza qafiyə məsələsini belə başa düşür: Yorulmadınmı?
Cüt olur qulaqları
insanın,
Nə olsun?
Elə buna görə gərək
bütün sətirləri
divara xalça mıxlayan kimi
qafiyələyək?
Həm də yan-yana,
cüt-cüt.
Şairə yazığın gəlmirsə
oxucuya yazığın gəlsin.
Qoy qulaqları bir az...
Gözləyirsən, deyim:
dincəlsin!
Yox, “sakit olsun”.
Belə!
Qafiyəsiz.
Bu sözlərin
elə bilmə
hər cürə qafiyəyə dairdir
Yox.
Qafiyəyə nə gəlib
Axtaran olsun gərək.
Qafiyəyə nə olub
Çeynəyib gövşəməsək.
Onu yaman günə qoyan
Qələmi küt şairdir.
Sözüm belələrinə dairdir.
Dünya ədəbiyyatında bütün xalqların dilində Lenin haqqında çox şeirlər yazılıb. Bu şeirlərin hamısını oxuyub qurtarmağa insanın ömrü çatmaz. Məncə Rəsul Rzanın “Lenin” poeması bu mövzuda yazılmış yaxşı poemalardan biridir.
May ayının on doqquzunda Rəsul Rzanın 50 yaşı tamam olur. Dostuma can sağlığı diləyirəm.