Apardı sellər Parisi...

26-01-2018, 20:13           
Apardı sellər Parisi...
Dostum Fransada yaşayır. O gün “vatsap”da yazır ki, bəs xəbərin var, Parisi sel-su götürüb gedir!? Deməli, Burqund şərabı üçün şəhərin o biri tərəfinə getməliymiş, amma qayıqdan başqa minik vasitəsi tapa bilməyib, qalıb naəlac. Əvvəlcə inanmadım, elə bildim zarafat edir.
Amma, axşam saytları vərəqləyərkən informasiya lentləri gözümün qarşısından sel suyu kimi axıb getməyə başladı və gəlib bir hadisənin üstündə dayandı. Sən demə, aramsız yağan yağışlardan Sena çayı daşmış və şəhərin kanalizasiya xətləri gur axının öhdəsindən gələ bilməyərək, küçə və prospektlər kanallara çevrilib su altında qalmışdır. Özü də həmin kanalizasiya yolları ki, onların unikal dolanbacları, qeyri-adi labirintləri haqqında Viktor Hüqonun məşhur “Səfillər”ində belə rast gəlmək mümkündür..
Deməli, bu inqilablar beşiyi, yüksək dəb, əsrarəngiz parfümlər, şampan və şərablar diyarı, sevgi şəhəri adicə yağışın, daşan çayın əlində aciz qalmışdır.
Napaleon Moskvaya kimi gedib çıxıb, Didro, Russo, Volter və Monteskyo rasionalizmi, ağılı, elmi ön plana çəkərək bütün Avropanı maarifləndirib, dünyaya Emil Zolya, Gi de Mopassan, Balzak, Merime kimi yazıçılar bəxş ediblər, amma bir yağış suyu ilə bacara bilmirlər.
Əlavə edim ki, yerli kanallarımızın (bu dəfə televiziya nəzərdə tutulur) operativ və gərgin işi bizi daha çox Almaniyanın dağılması barədə xəbərlərdən hali edirdi. Fəqət, bu dəfə ənənənin dəyişərək Parisə istiqamətlənməsi hansısa sirli, fövqəl böhranlardan xəbər verir.

Bax, əsrin əvvələrində Parisi partlatmaq üçün min cür plan, fitnə-fəsad qurub, dərviş-cadugər çağırırdıqsa, indi belə şeylərə qətiyyən ehtiyac qalmayıb. Qos-qoca şəhər göz önündə batır. Paris yox e, lap elə bütün Avropadan gələn bəd xəbərlər ard-arda düzülərək domino effekti yaradır.
Kataloniya İspaniyadan ayrılır, Brexit Britaniyanı maliyyə krizisiylə üz-üzə qoyur, Polşa avrobürokratiyaya yox deyir, Yunanıstansa böhran və işsizliyi ilə xroniki Avropa xəstəsinə çevirilir.
Bir sözlə, Almaniya, Fransa, İspaniya o yana, Avropa qitəsi belə bizə çata bilmir. Mayakovski demişkən, “alın a, yana-yana qalın a...”
Amma, bir şeyi də unutmayaq ki, hər böhran növbəti şaquli sıçrayışın, qəfil inkişafın təkanıdır.
Vüsal Bağırlı
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.