Müşfiqin Dilbərinin başına gələn dəhşətlər - Mühacir xatirəsi

18-02-2018, 10:53           

İstanbuldan gətirdiyim mühacirət nəşrlərini tədqiq edərkən Lətif Elsevər imzalı bir yazıya rast gəldim. II Dünya müharibəsi illərində mühacirət həyatı yaşayan Lətif bəy mühacirətdə çap olunan jurnallarda Azərbaycan ədəbiyyatı tarixi haqqında silsilə yazılar yazıb.

L.Elsevərin Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, mühacir Məhəmmədsadıq Axundzadə Aranın baş redaktoru olduğu “Türk yolu” jurnalında yayımlanan məqalələrindən biri də repressiya qurbanı olan Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər haqqındadır.

Biz ötən illərdə “XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasından Dilbərin “Müşfiqli günlər” adlı kitabını yeni redaktədə təqdim etmişdik. Həmin xatirələrdə Dilbər istər Müşfiqin repressiyası, istərsə də özü ilə bağlı məsələlərin üzərindən sükutla keçib. Təbii ki, buna səbəb Sovet senzurası və xatirələrin verdiyi əzablar olub.

Müşfiqlə Dilbər 1932-ci ilin aprelində nişanlanıblar. Nişanda Hüseyin Cavid həyat yoldaşı Müşgünaz xanımla, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla, həmçinin məşhur müğənni Bülbül də iştirak edib. Eyni zamanda dövrün gənc şair və yazıçılarından Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn (xanımı Fatma ilə), Rəsul Rza (Nigar Rəfibəyli ilə birgə), Məmməd Rahim (xanımı Mələklə) nişana gəliblər. 1933-cü ilin iyunun 20-də isə onlar ailə həyatı qurublar.

Dilbər xatirələrində evlilikləri ilə bağlı yazır:

“Evləndiyimiz vaxt Müşfiq “Azərnəşr”də redaktor vəzifəsində və 18 saylı məktəbdə müəllim işləyirdi. Qazancı da pis deyildi. Balaca otağımızda Müşfiq dağ şəlaləsi kimi coşub-daşır, yazıb-yaradırdı. Müşfiqin bütün varlığı şeirlə nəfəs alırdı. O, məni yuxudan şeirlə oyadar, şeirlə söhbət edər, axşamlar şeirin xoş zümzümələri ilə yatırardı”.

1937-ci ilin repressiyası Mikayıl Müşfiqdən yan keçmir. Baxmayaraq ki, o, şeirlərində yeni quruluşu mədh edirdi, amma onun istedadı, gənc yaşda qazandığı uğurlar, 10 kitabının çap edilməsi və hələ də isbat edilməmiş bəzi iddialar onu da güllələnənlər sırasına aparır.

Müşfiqin ölümündən sonra 1937-ci il noyabrın 1-də Dilbərin həbsi üçün də qərar çıxarılır, iki aylıq əzab-əziyyətli işgəncələrə dözməyən Dilbər xanım psixi gərginlik keçirir. O, 28 fevral 1938-ci ildə 1 saylı əsəb xəstəlikləri xəstəxanasına müalicəyə göndərilir. Getdikcə qarabasmalar yaşayır, vəziyyəti daha da çətinləşir. Buna görə də 7 mart 1939-cu ildə Respublika prokurorluğunun xüsusi işlər şöbəsi onun həbsdən azad olunması üçün təqdimat yazır. 10 mart 1939-cu ildə NKVD-nin rəis müavini Kərimovun imzaladığı qərara əsasən, Dilbər həbsdən azad edilir və istintaq işi arxivə verilir.

Mühacirin xatirələri

Lətif Elsevərin “Ağrılı bir qarşılaşma” adlı yazısı “Türk yolu” jurnalının 1954-cü ildə yayımlanan 6-cı sayında çap edilib. Məqalədən mövzumuzla bağlı olan önəmli hissələri təqdim edirik:

“... 1937-ci ildə Bakıda ali təhsilimə davam edirdim. NKVD-nin ölüm maşınları burada-Azərbaycanın incisi olan bu qara qızıl şəhərində daha sürətlə çalışırdı. Sabahından əmin olmayan zavallı insanların yaşayan ölülərdən fərqi qalmamışdı.

Gecələr yata bilmirdik. Hər gecə yataqxana binasının önündə dayanan NKVD-nin qara maşını bir-iki dostumuzu aparır, onları bir daha görmürdük. Hər dəfə universitetə gələndə bir müəllimimizin aparıldığını eşidirdik.

Bir gün universitetdən çıxıb dərin bir kədərin verdiyi dalğınıqlıqla yol gedirdim. İçimdəki bu dərin sızıltı məni ətrafdan ayırmış, ana vətənimizdə bizi məhbus edən ruslara qarşı qabaran kinimlə baş-başa buraxmışdı. Küçədəkilərin ani bir həyəcanı ilə daxili aləmimdən ayrıldım. Baxdım. Faciəli bir mənzərə ilə qarşı-qarşıya idim. Pəjmürdə geyimli bir qadın önümdə dayanmışdı. Saçları “maşinka” ilə dibdən kəsilmişdi. Paltarları bədəninin bir çox yerlərini göstərəcək qədər yırtıq və köhnə idi. Bənizi solmuş, gözləri hədəqəsindən çıxmış kimi idi. Nə edəcəyini, hara gedəcəyini bilmir, vurnuxub dururdu. Qadını tanımışdım. O, gözəlliyi və zəkası ilə bir zamanlar Bakıya ün salan Dilbər xanım idi... Bir neçə ay öncə NKVD cəlladlarının gecə evindən apardığı şair Müşfiqin xanımı Dilbər! Onun da əri ilə birgə həbs edildiyini, edilən işgəncə və təhdidlərə təhəmmül edə bilməyərək ağlını itirdiyini eşitmişdim. Qarşımda ağlını itirmiş Dilbər durmuşdu.

Müşfiqi son dəfə Azərbaycan Yazıçılar İttifaqının toplanma salonunda dinləmişdim. NKVD tərəfindən bir neçə gecə öncə aparılaraq sorğulanmış, “doğru yola gəlməsi” tənbeh edilmişdi. Fəqət 28 yaşındakı bu igid türk gənci salonu titrədən gur səsi ilə belə hayqırırdı:

Mən gəncəm, bilirəm istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var,

Yelkənim açılır, qara yel, əsmə!

Mənim bu dəryada bir sandalım var.

Şair hilalın bədrlənməsini, ay-ulduzlu bayrağının çox sevdiyi yurdu üzərində dalğalanmasını görmədən qara yel onu aldı, sonsuzluğa apardı...”
teleqraf.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.