Küsüb Xəzərə baş vuran şəhər...
23-02-2018, 22:56
Bu yaxınlarda paytaxtda yaşayan əhali sayı ilə əlaqədar rəsmi açıqlama verildi. Bəlkə də çoxlarının diqqəti-nəfsini cəlb etməyə bilər, amma mənim üçün oradakı rəqəmlər ən azından, heyrətləndirici dərəcədə təəcüblüydü.
Demək, statistikaya görə, ölkənin əsas şəhərində sakinlərin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq 2 milyon 258 min 400 nəfərə çatmışdır. Məlumatda yenə deyilir, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1055 nəfər olub.
İndi isə keçək bu rəqəmləri, nənəm demiş, “vələvırd” etməyə, yəni seçmələməyə. Paytaxtda əhalinin say miqdarı o qədər çox görünür ki, elə bil, rayon, şəhər, bölgə, bir sözlə el- hamı buraya xəritədəki qartal başının dimdiyinə toplaşıb.
Avtobusda, metroda, ictimai nəqliyyatın digər növlərində, avtovağzalda, marketdə, küçələrdə, prospektlərdə, yolda-izdə o qədər əhali, basabas, tıxac var ki, gəl görəsən. İnsan kütləsi, maşın yığını, avtomobil axını əlindən tərpənə bilmirik. Sanki, qaynayan, dolub-daşan qarışqa yuvasıdır. Urbanizasiya, demoqrafizasiya, miqrasiya, indsutrizasiya, bir sözlə, aləm və hamı qarışır bir-birinə. Bəh-bəh, vur çatlasın, çal oynasın.
Yenə, yay aylarında, tətillərdə, dərslərə, sessiyalara fasilə verilərkən yazıq şəhər yaxasını açıb nəfəs almaq, dincəlmək şansı qazanır. Bir az ayağını ayağının üstünə aşırır, əsnəyir, mürgüləyir, yuxusunu alır.
Lakin, elə ki, tədris ili başladı, şəhər vızıldayan arı pətəyinə, poqquldayan vulkan kraterinə çevirilir.
Bəzən mənə elə gəlir, 10 milyonluq ölkə əhalisi hamılıqla Bakıya yığışıb və 1 kvadrat kilometrdə isə 1055 yox, 100055 nəfər yaşayır.
Bax o gün, batareyası ölmüş köhnə pultu dizimə vura-vura kanalları şarta-şurtla ora-bura çevirirdim. Birdən gözüm “National Geographic”də bir verilişə sataşdı.
Veriliş “Vulpes vulpesdən”, yəni adi kürən meşə tülküsündən bəhs edirdi. Heyvan narahat görünür, özünü ora-bura vurur, kötüyə-ağaca sürtünürdü. Canına nəsə vic-vicə düşmüşdü.
Başqa cür başa düşməyin, sən demə, tülkünün şümal kimi ipək dərisinə bit-birə daraşıbmış. Birələr də, nə birə, başı dırnaq, gövdəsi barmaq boyda. Necə dişləyirdilərsə yazıq heyvan gicişmədən canının qoymağa yer tapmırdı.
Heç bilirsiniz dərisinə daraşan, sancan, incidən birələrdən necə can qurtardı?
Əvvəlcə, bir sığırçın tutub, canını aldı. Ardınca da, ölü quşu ağzında tutub gölə girdi. Ağıllı heyvan bədənini suyun dərinliyinə buraxdı, özü də birdən yox, yavaş-yavaş, tədricən.
Birələr vəziyyətin gərginləşdiyini görüb, aradan necə çıxmağın planlarını cızırdılar. Onlar ora-bura vurnuxur, “quyruq üstdü nəlbəki”nin bədəni ilə üzüyuxarı dırmanırdılar.
Nəhayət, birələr son xilas istinadgahına, tülkünün bayırda qalan sivri burnuna, oradan da ağzında tutduğu sığırçının üzərinə yığışdılar.
Tülkü suya baş vurub, bir az aralıdan çıxdı və birələr quşun üzərində qaldılar.
Qorxuram üzərinə yığılmış bu qədər məhv edilmiş ağaclıqları, zibillənmiş kücə və tinləri, hər dəlmə-deşiyini doldurmuş sakinlərinin basırığından, hay-küyündən bezmiş Bakımız da, eyni hərəkəti təkrarlasın, Xəzərə baş vurub başqa yerə, başqa diyara getsin.
Vüsal Bağırlı
TEREF.İNFO