74 yaşlı Əhməd Əhmədzadə istefaya hazırlaşır - İDDİA

23-10-2019, 20:29           
74 yaşlı Əhməd Əhmədzadə istefaya hazırlaşır - İDDİA
Teref.az yazır ki, Prezident İlham Əliyevin yaşlı məmurlara istefa müraciətindən sonra iqtidarda olan pensiya yaşını adlamış 2 nazir qalıb.
69 yaşlı Səhiyyə naziri Oqtay Şirəliyev və 74 yaşlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə.
Teref.info yazır ki, Əhməd Əhmədzadə – Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır. Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamış Əhmədzadə necə olubsa, indi bu günə kimi vəzifədədir. Rəhbərlik etdiyi müəssənin adı bir çox rüşvət, yeyinti qalmaqalında hallanması ilə yanaşı, cənab Əhmədzadə həm də bütün qohum əqrəbasını yaxşı vəzifələrə yerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib. Tanınmış professor Cuma Əhmədzadənin oğlu olan Əhməd Əhmədzadə oğluna da atasının adını verib. Oğlunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evləndirərək qohumluq əlaqələrini daha da möhkəmləndirib.
Xatırladaq ki, hal-hazırda Əhmədzadənin başçılıq elədiyi Meliorasiya və Su Təsərrüfatı ASC ümumilikdə 120 idarədən ibarət bir qurumdur. ASC Suvarma Sistemləri İdarələri – 48 idarə, Kollektorların İstismar İdarələri – 8 idarə, Su Anbarların, hidroqovşaqların və Magistral Kanalların İstismar İdarələri – 13 idarə, Meliorasiya İdarələri – 4 idarə, Mexaniki Suvarma İdarələri – 10 idarə, Subartezan Quyularının İstismar İdarələri – 9 idarə, Melioservis İdarələr – 23 idarə, Azmelsutəsərrüfat – ASC, Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi, Su Təsərrüfatı Obyektlərinin Lahiyyələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Azərbaycan Hidrotexnika və Melorasiya Elm-İstehsalat Birliyi, Hidrogeoloji Meliorativ Xidmət İdarəsi, Tikintidə olan Meliorasiya və İriqasiya Obyektlərinin Birləşmiş İdarəsini və Bəhrəmtəpə Dəmir Beton Zavodunu özündə birləşdirir. Eyni zamanda bu ACS-də 25 minə yaxın adam işləyir. İl ərzində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 1 milyard manatı keçir.

Jurnalist araşdırmasına görə, Əhməd Əhmədzadənin oğlu və onun həyat yoldaşı olan Elman Rüstəmovun qızı Günel Rüstəmova uzun müddətdir ki, Londonda yaşayırlar. Mediada gedən və təkzib olunmayan məlumatlara görə Əhmədzadələr ailəsinin bir çox qalmaqallarda adları hallanır. Bura Cuma Əhmədzadə və həyat yoldaşı olan baş bankirimiz Elman Rüstəmovun qızı Günel Rüstəmovanın bir ucu İngiltərədə başlayıb Çexiya Respublikasına qədər uzanan çox milyonluq biznes imperiyasında erməni qohumları ilə əlaqələrindən tutmuş, Əhməd Əhmədzadənin büdcə pullarını talamasına qədər ittihamlar var.
Bütün bunları nəzərə alaraq demək olar ki, yaxın günlərdə biz 74 yaşlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin vəzifəsi ilə vidalaşacağının şahidi olacağıq!
Məlumatlı mənbənin teref.az-a verdiyi xəbərə görə bu günlərdə 74 yaşlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə hansısa bir ordenlə təltif edilərək pensiyaya göndəriləcək!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.