Qaradağda toz basan günəş panelləri... - Pulu çöldən tapmışıq?
8-05-2018, 11:10

Qaradağda toz basan günəş panelləri... - Pulu çöldən tapmışıq?
Tarix: Bu gün, 09:48 | Çap et
Qaradağda toz basan günəş panelləri...
İnkişaf etmiş dünya ölkələri böyük sürətlə alternativ enerji istehsalını genişləndirirlər. Bu sahədə Avropa Birliyi ölkələri və ABŞ daha böyük nailiyyətlər əldə edirlər. Belə ki, son 2 ildə bu ölkələr alternativ mənbələrdən əldə olunan enerjinin maya dəyərini ənənəvi mənbələrdən əldə olunanla bərabərləşdirməyə çox yaxınlaşıblar.
Hesablamalara görə, dünyaya günəşdən 150 milyon km qət edərək gələn gündəlik enerji, dünyada ildə istifadə edilən enerjidən təxminən 1,5 dəfə çoxdur. Nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən aparılmış təhlillərə və proqnozlara əsasən 2020-ci ilin sonuna qədər dünyada günəş enerjisi gücünün 500 GVt-a qədər artacaq. Avropa Birliyi Parlamenti tərəfindən hazırlanan “Günəş Enerjisi İstehsal Hesabatında” 2020-ci ildə günəş enerjisi istehsal olunan elektrik enerjisinin dünyada 1 milyard insana çatacağı, 2,2 milyon insanın bu sahədə işlə təmin ediləcəyi bildirilir.
Hazırda Azərbaycanda elektrik enerjisinin təxminən 8 faizi alternativ enerji mənbələri tərəfindən ödənilir. Günəş və külək enerjisi sayəsində bu rəqəmin 2020-ci ilə qədər 20 faizə qədər artırılması nəzərdə tutulur.
Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında 2020-ci ilədək alternativ və bərpa olunan enerji mənbələri hesabına 420 MVt yeni generasiya güclərinin yaradılması gözlənilir. Bu prioritet üzrə yeni elektrik stansiyalarının (külək, günəş enerjisi və bioenerji) tikintisinə təqribən 1 milyard 40 milyon manat həcmində investisiya tələb olunduğu proqnozlaşdırılır. Bu hədəfə çatılacağı təqdirdə, ildə 1,6 milyard kVtX/saata yaxın elektrik enerjisinin istehsalına və 390.0 milyon kubmetr təbii qaza qənaət olunmasına imkan yaranacaq. Yol Xəritəsində 2020-ci ilə qədər külək enerjisi üzrə 350 MVt, günəş enerjisi üzrə 50 MVt və bioenerji üzrə 20 MVt olmaqla yeni enerji güclərinin istifadəyə verilməsi planlaşdırılır.
2015-ci ildə ölkədə günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin miqdarı 4,57 milyon kVt /saat, 2016-cı ildə 35,2 milyon kVt /saat olub. Hazırda Qobustan və Samuxda, həmçinin Pirallahı və Suraxanı qəsəbələrində günəş elektrik stansiyaları fəaliyyət göstərir.
Bu günlərdə sosial şəbəkələrdə yayılan məlumatda Səngəçal qəsəbəsində quraşdırıldığı deyilən günəş panellərinin istifadəsiz qaldığı və üzərini toz basdığı qeyd olunub. Eyni zamanda bildirilir ki, stansiyanın quraşdırılmasına 450 milyon manat vəsait sərf olunub.
Qeyd edək ki, rəsmi dövlət mətbuatının 2015-ci ildə yaydığı məlumatda Səngəçal Günəş Elektrik Stansiyasının layihə gücünün 9 MVt olduğu qeyd edilir. Bildirilir ki, Qaradağ rayonunun Səngəçal qəsəbəsinin yaxınlığında quraşdırılan stansiyanın tikintisinə 2014-cü ildə başlanılıb: “Stansiyada ən son texnologiyalarla hazırlanan 36 minə yaxın günəş panelinin quraşdırılması və etibarlı elektrik ötürmə sisteminin yaradılması nəzərdə tutulur. ”Qaradağ-Səngəçal" günəş elektrik stansiyası (GES) layihəsi 2016-cı ildə yekunlaşdırılacaq".
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə istinadla yayılan məlumatda stansiyanı bu quruma məxsus “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quraşdırdığı qeyd olunur.
Maraqlıdır ki, məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarına agentlikdən verilən cavabda qeyd olunur ki, Səngəçalda günəş elektrik stansiyasının tikintisinə hələ başlanmayıb(?!): “Səngəçal Günəş Elektrik Stansiyası layihəsinin qoyuluş gücü 9 MVt təşkil edir və stansiyanın layihə-smeta sənədləri hazırlanmışdır. İlkin hesabatlar göstərir ki, layihənin həyata keçirilməsi üçün təqribən 18-20 milyon manat həcmində maliyyə vəsaiti tələb olunur və hal-hazırda dövlət-özəl tərəfdaşlığı prinsipi çərçivəsində investorların layihəyə cəlb olunması istiqamətində işlər aparılır”.
Onu da qeyd edək ki, hazırda Qaradağ rayonu ərazisində daha bir günəş elektrik stansiyası qurulur. Agentlikdən verilən məlumata görə, rayonun Sahil qəsəbəsində quraşdırılan, ümumi qoyuluş gücü 2,8 MVt olan stansiyanın birinci mərhələ üzrə 1,9 MVt-lıq hissəsi quraşdırılıb və 1,5 MVt-lıq hissəsi şəbəkəyə qoşularaq sınaq rejimində işə salınıb: “Yəni layihə çərçivəsində quraşdırılmış günəş panellərinin bir hissəsinin şəbəkəyə qoşulması istiqamətində işlər davam etdirildiyinə görə günəş panellərinin birləşmə kabelləri şəbəkəyə qoşulmamışdır.
Hazırda stansiyada nəzərdə tutulan işlərin tamamlanması istiqamətində və açılış üçün hazırlıq işləri görülür və ən qısa zamanda istifadəyə verilməsi planlaşdırılır.
Panellərin üzərində toz örtüyünün olması ilə bağlı qeyd edirik ki, dünyanın bir çox ölkəsində günəş elektrik stansiyalarının yararsız torpaq sahələrində və yol qovşaqlarında quraşdırılması təcrübəsi geniş yayılıb. Ölkəmizdə də münbit torpaqların istifadəsində israfçılığa yol verilməməsi məqsədilə günəş elektrik stansiyalarının erroziyaya məruz qalmış torpaq sahələrində quraşdırılması daha məqsədəuyğun hesab edilir. Abşeron yarımadasında, o cümlədən Qaradağ rayonunda daha çox erroziyaya məruz qalmış torpaqların mövcudluğu və küləkli ərazi olması panellərin atmosfer təsirlərinə və tozlanmaya məruz qalmasını labüd edir. Eyni zamanda pilot layihə olaraq stansiyanın həmin ərazidə quraşdırılması intensiv çirklənən ərazilərdə günəş elektrik stansiyalarının effektivliyinin müəyyən olunması məqsədi daşıyır. Sınaq rejimində işləyən stansiyanın fəaliyyəti dövründə aparılan araşdırmalara əsasən tozlanmanın stansiyanın enerji effektivliyinə təsirləri təqribən 5 faiz qiymətləndirilmişdir.
Texniki reqlamentə uyğun olaraq stansiya istifadəyə verildikdən sonra günəş panellərinin mütəmadi yuyulması təmin ediləcəkdir.
Məlumat üçün bildiririk ki, bu layihənin həyata keçirilməsində məqsəd ərazinin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz enerji vasitəsi ilə ərazidan keçən yol infrastukturunun və yaxın ərazilərdə yerləşən obyektlərin elektrik enerjisi ilə təmin olunmasıdır".
Maraqlıdır ki, Dövlət Agentliyindən Sahil GES-in neçəyə başa gələcəyinə dair suallarımıza heç bir cavab verilmədi.