Toğrul İsmayıl: “Ən dəyər verdiyim tələbələrimdən biri öldürüldü”

20-07-2016, 09:56           
Toğrul İsmayıl: “Ən dəyər verdiyim tələbələrimdən biri öldürüldü”
“Türkiyədə gerçək mənada xunta quruluşuna qarşı bir xalq dirənişi var idi”
Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl qardaş ölkədə baş verənlərlə əlaqədar “Yeni Müsavat”ın suallarını cavablandırıb. İlginc müşahidələr, maraqlı şərhlərlə zəngin olan müsahibəni diqqətinizə təqdim edirik:

- Toğrul bəy, bildiyimə görə, sizin yaşayış yeriniz 15 iyul gecəsi ən gərgin hadisələrin yaşandığı ərazidədir. İstərdim şəxsən müşahidə etdikləriniz barədə danışasınız. Həmin gecə gözünüzün qabağında nələr baş verdi?

- Axşam saat 09.30 radələrində təyyarələr çox aşağıdan uçmağa başladılar. Bir ay sonra keçiriləcək Zəfər bayramı ərəfəsində təyyarələrin məşq uçuşlarını görmüşük. Amma bunların uçuşu çox fərqliydi, həm də gecəydi. Təbii ki, bu, nədir, nə baş verir deyə, hamıda şübhə yarandı. Yaşayış evlərinin üstündən çox alçaqdan uçurdular.

Nələr baş verdiyi haqda maraqlandığımız zaman xəbərlər gəldi ki, Boğaziçi, Sultan Fateh Məhəmməd körpüləri təktərəfli olaraq bağlanıb, Avropadan Asiyaya keçid qapadılıb. Əvvəlcə düşündük ki, yəqin antiterror əməliyyatıdır. Amma az sonra baş nazir televiziya ilə bəyan etdi ki, ölkədə çevriliş cəhdi var. Bunun ardınca xuntaçılar televiziyanı tutdular, ordan elan etdilər ki, ölkədə hakimiyyəti tam ələ alıblar.

Hökumət isə bildirdi ki, ölkə onların nəzarətindədir. Düzdür, kimin dediyinin daha doğru olduğunu bilmək çətin idi. Bundan sonra isə Milli Məclis və Silahlı Qüvvələrin Baş Qərargahının qarşısındakı yolun bağlı olduğu, hər tərəfdən qarşıdurma xəbərləri gəldi. Hərbi çevriliş elanından sonra təyyarələr daha alçaqdan uçmağa başladı, uçuşlar aktivləşdi. Hətta helikopterlərdən bəzi yerlər vurulmağa başladı, səsləri aydın eşidirdik. Çünki mənim evim həm Əmniyyət Müdürlüyü, həm MİT, həm də Jandarma Genel Kurmanlığının arasında yerləşir, səsləri də rahatlıqla eşidirdik. Çox vahiməli partlama səsi gəlirdi, sanki evin içində bombalar partlayırdı. Ankaranın üstündə 2 təyyarə uçurdu, helikopterlərsə çox idi, özü də atırdılar. Bizim ətrafda dükan və evlərin pəncərələri qalmadı, hamısı qırılıb-dağıldı. Parlamentin giriş qapısını öncə tankla vurdular, sonra da təyyarələrdən raket atıldı. Eyni zamanda vertolyotlardan atəş açırdılar.

Baş Qərargah, parlament, Prezident Sarayı atəşə məruz qaldı. Səhər saat 06.16-da Prezident Sarayının yanındakı bir yeri də vurdular, ölən və yaralananlar oldu. Atəşlər nəticəsində çoxlu sayda heç bir günahı olmayan, dinc insan öldü. Bundan başqa, şəhərə tanklar gəldi və yolda nə qədər maşın vardısa, hamısını əzib keçmişdilər, onların bir çoxunun fotosunu özüm çəkmişəm. Amma çevriliş cəhdi edənlərin əlindəki hərbi texnikanın sayı çox deyildi. Həmən an mən hiss etdim ki, çevriliş baş tutmayacaq. Çünki ordunun hamısını tərəflərinə çəkə bilmədilər. Baş Qərargah daxilində hər şey çevriliş tərəfdarlarının istəyincə olsaydı, onların arasında qarşıdurma da baş verməzdi.

- Baş verənlərə fərqli münasibət var. Ona görə də xahiş edirəm müstəqil siyasi analitik olaraq deyəsiniz, dövlət çevrilişi baş tutsaydı, Türkiyənin taleyi necə olardı?

- Çox bərbad. İqtisadiyyat çökərdi, ölkə xaotik bir vəziyyətə sürüklənərdi, hətta məncə, vətəndaş müharibəsi də baş verə bilərdi. Diqqət etdinizsə, xalq çevrilişi dəstəkləmədi. Ərdoğanın çağırışı, liderin arxasınca getmək və s. məsələlər effektiv rol oynadı, bu, ayrı. Amma məsələ burasındadır ki, hamı bir nəfər kimi mövqe qoydu. Azərbaycandan baxanda elə görünə bilər ki, sanki AKP-lilər, yaxud Ərdoğan tərəfdarları küçələrə çıxdı. Amma çevrilişə qarşı çıxanlar arasında çoxlu ülküçülər, MHP-lilər, liberallar, digər insanlar var idi. Həmçinin heç bir partiyaya aid olmayan insanlar, amma ordusunu sevənlər var idi orada. Adamlar deyirdi ki, baş qərargah rəisi hardadır, gedək, alaq, qurtaraq!

Ölümündən qorxmayan, əliyalın tankın üstünə gedən, əsgərinə sahib çıxan insanlar var idi. Bəlli media orqanları - xüsusilə də Qərb və Rusiyaya məxsus olanlar - xalq hərəkatını kiçiltmək üçün “İslami hərəkat” və s. kimi təqdim etməyə başladılar.

Elə deyil. Türkiyədə gerçək mənada xunta quruluşuna qarşı bir xalq dirənişi var idi. Qiyamçılara simpatiyası olan çox az adamların olması mümkündür. Amma ümumiləşdirəndə hər yerdə xalq ayağa qalxdı. Generalitet tam olaraq çevrilişə sahib çıxmadı, digər tərəfdən də əsgəri tam şəkildə öz tərəflərinə çəkə bilmədilər.

Əsgərlər əvvəl təyyarələri bombalarla təmin edirdilərsə, sonra baxdılar ki, bunlar çevrilişdir, qeyri-qanuni hərəkətlərdir, canları bahasına, hətta silah gücünə belə, bundan imtina etmişdilər. Xuntaçılar hətta öz yoldaşlarını belə vurmuşdular. Məsələn, bəzən tankın içində, digər yerlərdə ölən əsgərləri göstərirlər. Onların bir qismini xuntaçılar öldürüblər, xalqa atəş açmadıqları üçün.

Təbii ki, öz xalqına silah qaldırmış, bombalamış qatillər, canilər layiqli cəzalarını almalıdırlar. Məncə, onların heç birinin terrorçulardan fərqi yoxdur. Mənim ən sevdiyim, dəyər verdiyim tələbələrimdən biri öldürüldü, digəri yaralandı. Evimdə yaşadığım o dramanı anlada bilmərəm. Mən Ankarada bomba partladan terrorçularla Türkiyə parlamentini bombalayan terrorçunun arasında heç bir fərq görmürəm.

- Çevriliş etmək istəyənlərin işində İŞİD-çi, PKK-lı ola bilərmi?

- Yox, əksəriyyəti camaatçı idi, Fətullah Gülənin adamları idi.

- Elə isə necə olub ki, təmizlənmələrə rəğmən indiyə qədər orduda bu qədər Gülənçi qala bilib?

- Onları necə çıxartmaq olardı? İnsanı Fətullahçı olduğuna görə işdən ata bilməzsən ki. Bir təşəbbüs olmalıdır ki, onu işdən atmaq mümkün olsun. Çox ehtimal ki, bu addımlar atılacaqdı və həmin qüvvələr bunu hiss etmişdilər, ona görə də ayağa qalxdılar. Hansı ki, çevriliş etmək üçün ölkədə zəmin, şərait yox idi.

- Türkiyənin hüquq-mühafizə orqanları bu boyda əməliyyatdan doğrudanmı tam məlumatsız olub, yoxsa müəyyən bilgilər var imiş?

“Ankarada bomba partladan terrorçularla Türkiyə parlamentini bombalayan terrorçu arasında fərq görmürəm”


- Bu çevrilişin baş tutmamasının əsas səbəbləri tədricən ortaya çıxır. Birincisi, bunlar səhərə yaxın çevriliş etməliydilər. MİT saat 16-da olaydan xəbər tutur. Ona görə də çevrilişlə bağlı əməliyyatın zamanı irəli çəkilir. İkincisi də gözlənilməz bir şey olur. Xuntaçı generallardan biri Semih Terzi tərəfdarları ilə birgə Özel Kuvvetler Komutanlığını ələ keçirmək istəyəndə ordakı yavər silahını çəkərək onu alnından vurub öldürür. Düzdür, özü də atışmada öldürülür. Dolayısı ilə həmin yavərin etdiyi xuntanı tamamilə başsız qoyur. Çünki bu general xuntanın əsas liderlərindən biri idi. 15 dəqiqəlik zaman çərçivəsində Ərdoğan məlumatlanır və gizlənə bilir. Daha sonra ən önəmli məsələlərdən biri budur ki, 1-ci ordu generalı qiyamçılara cavabında “düşünərəm” deyir, amma Ərdoğana sahib çıxır. Hətta Ərdoğan Ankaraya getmək istəyəndə deyir, yox, Ankara təhlükəsiz deyil, İstanbula uç, mən təminat verirəm! Kənardan belə görünür ki, bunu kimsə səhnələşdirib. Xunta baş tutmadığı üçün bu, şouya bənzəyir. Yoxsa çox ciddi hadisələrdir. Bunlar dəmir yolu ilə çox ağır topları gətirirdilər, yolda polis tutub onları endirdi. Bir çox yerlərə zərbə endirmişdilər. Sadəcə, planlarından öncədən xəbər tutulduğu üçün çevriliş istəyi uğursuzluqla bitdi.

- Qiyamçıların istəyi reallaşsaydı, onların prezident görmək istədikləri namizəd olubmu?

- Bilmirəm. Bunu ancaq onlar özləri deyə bilər. Bir neçə generalın üzərindən çıxmış siyahılarda kimin hansı vəzifəyə gətiriləcəyi əksini tapıbmış.

- Demək, bu prosesdə hansısa siyasi müxalif qüvvəyə “stavka” olmayıb?

- Yox. Ümumiyyətlə, hərbi çevrilişlərdə siyasilər yer almaz. Belə hallarda siyasilərə güvənmirlər.

- Fətullah Gülənin təhvil verilməsi ilə bağlı Vaşinqton qarşısındakı tələbləri Türkiyə-ABŞ münasibətlərini kəskin şəkildə soyuda bilərmi? Hətta bu arada Con Kerri Türkiyəni NATO-dan çıxarılacağı ilə hədələyib...

- Soyuqluq əvvəldən var idi. Amerika bir yandan “müttəfiqim” deyir, digər tərəfdən bölücü qrupları dəstəkləyir. Məsələn, Suriyada olduğu kimi, terrorçu qrupları yanına alaraq öz bildiyini edir. Yəni Amerika bölgədə öz oyununu oynayır. Öz oyununu oynadığı üçün də müttəfiqləri ilə münasibətlərdə bu cür soyuqlaşmanın olması təbiidir. Ancaq zənn etmirəm ki, bir Fətullah Gülənə görə iki ölkə arasında ciddi problemlər yarana bilər. Bu, hüquqi prosesdir. Mən ekspert olaraq hiss edirəm ki, Amerika Fətullah Güləni Türkiyəyə vermək istəmir. Verilən dəstəyə baxın, “Türkiyə demokratiyadan yanadır”, yaxud NATO məsələsi ilə bağlı deyilənlər... Bu cür fikirlər bazarlıq deməkdir. Türkiyənin qarşısına ön şərtlər qoyaraq nəsə etmək istəyirlərsə, bu, yolveriməzdir. Türkiyə NATO-dan çıxsa nə olar, NATO-da qalsa, nə olar? Sanki NATO-dan çıxan dövlətlər hamısı dağılıb məhv olub.

- Çevrilişdən sonra Türkiyədə ölüm hökmünün bərpası məsələsi gündəmə gəlib. Bu, nə qədər realdır?

- Bu, ciddi siyasi məsələdir. Ölüm hökmü bir çox ölkələrdə, Rusiyada, elə ABŞ-ın özündə var. Avropa Birliyində yoxdur və Türkiyə Avropa yolunda idi deyə, ölüm hökmünü ləğv etmişdi. İndi geri atarmı, bunu demək çətindir. Məncə, hazırda deyilənlərin hamısı insanları sakitləşdirmək, rahatlamaq üçündür. Mitinqlərdə bəlli adamların bu barədə tələblər səsləndirməsi hələ Türkiyə toplumunun edam hökmünü istəməsi anlamına gəlmir. Türkiyə hüquqi dövlətdir və fikrimcə, hər şeyi hüquq çərçivəsində yoluna qoyacaq. Beynəlxalq hüquq var, üzərinə görülən öhdəliklər, anlaşmalar var. Bunlar asan məsələ deyil. “Biz bunu belə edəcəyik” deməklə iş bitmir. Bu daha çox daxildəki ictimai rəyi rahatlatmağa xidmət edir. Diqqət edirsinizsə, prezident çox məharətlə bu məsələni parlamentin üstünə atdı, özünü daha güclü göstərdi. Dedi, “mən imzalaram, amma parlament qərar versin”. Yəni topu parlamentin üstünə atdı.

- Türkiyədə Azərbaycandakı mövqelərə münasibət necə qarşılandı?

- Rəsmi Bakı çevriliş cəhdini qınadı, burda da xəbərlərdə verildi, normal yanaşıldı. Amma Türkiyədəki hadisələrin Azərbaycana təsiri başqa məsələdir. Allahdan hadisələr uzun sürmədi və olan münasibətlər, əlaqələr, məncə, daha da yaxşı davam edəcək. Bu proseslər Azərbaycan ictimaiyyətinə təsir edir. Müstəqil yayın quruluşları var, oturub izləsinlər. Yoxsa sosial şəbəkədə hətta çox ciddi saydığım bəzi şəxslər də bir foto paylaşır, “vay İŞİD-çilər Türkiyəni ələ keçirdi” kimi çox səviyyəsiz şərhlər yazırlar. Bu, onu göstərir ki, Azərbaycan gerçəkdən Türkiyədə nələr yaşandığını, nələrin baş verdiyini hələ də anlamır. İkincisi, məncə, Azərbaycan xalqı demokratiyanın yanındadır. Ona görə də qardaş ölkədə xalq hərəkatının zəfərinin azərbaycanlıları sevindirməsi lazımdır. Amma hardasa bunun əksini görürük. Həyatında bir dəfə Türkiyədə olmayan, Türkiyə ordu sisteminə bələd olmayan insanların “yox, bu, iqtidarın ssenarisidir”, “Ərdoğan bunu təşkil etdi” söyləməsi Türkiyəni banan ölkəsi kimi təqdim etməkdir. Belə çıxır ki, bir nəfər hamını barmağına dolayıb. Belə şey olarmı? Bu qədər qeyri-ciddilik olmaz.

- Yəqin ANS-in qapadılması da Türkiyədə müzakirə olunur...

- Bir sujetin verilməsi ANS-in bağlanmasına səbəb olubsa, bu, Azərbaycanın daxili məsələsidir. Mən inanmıram ki, Türkiyə deyib bunu belə edin. Hər halda, həssas məqamdır. ANS-in də bunu göz önünə alması gərəkdir. Bu, ANS-in daxili problemidir, özləri bilər. Məncə, ANS Amerikadan reportaj verməkdənsə, Türkiyədən canlı reportaj versə, yaxşı olardı, yaxud gəlib burda prezident, yaxud baş nazirdən münasibət alardı. Yəni operativlik Amerikada oturub Pensilvaniyadakı adamdan müsahibə almaq deyil, hadisə yerindən xəbər verməkdir. Nə məqsədə xidmət edirlər, özləri bilər. Amma bunu deyə bilərəm ki, ANS-in bağlanması Türkiyənin təkidi və tələbi ilə deyil, Azərbaycandakı daxili siyasi tələb və istəklə olub.

Elşad PAŞASOY












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.