“Baş verənlərin arxasında Amerikanın dayandığı barədə fikrim qətidir”

21-07-2016, 09:37           
“Baş verənlərin arxasında Amerikanın dayandığı barədə fikrim qətidir”
Atilla Kaya: “Azərbaycan prezidentinin ortaya qoyduğu mövqe son dərəcədə önəmlidir”; “Türkiyə çox böyük bir uçurumun başından döndü”
Türkiyə Böyük Millət Məclisinin üzvü, MHP-dən olan deputat Atilla Kaya Türkiyədə yaşanan son olaylarla əlaqədar “Yeni Müsavat”a müsahibə verib. Qardaş ölkədə baş verənlərlə əlaqədar gərgin iş qrafikində çalışmasına, zamanı az olduğuna rəğmən Atilla bəy yalnız bir qisim suallarımızı cavablandıra bildi.

- Atilla bəy, Türkiyədə yaşananlara görə bir daha “Yeni Müsavat” adından “keçmiş olsun” deyirik. Şükürlər olsun ki, daha böyük faciələr yaşanmadı. Bəs bundan sonrakı dönəmlə bağlı nə demək olar? Bu kimi hadisələrin təkrarlanması mümkündürmü? Bu proseslərin arxasında duran qüvvələrlə bağlı sizin qənaətiniz necədir?

- Vallah, Türkiyə çox böyük bir uçurumun başından döndü. Qarşıdakı dönəmlərdə də Türkiyəni qarışdırmaq istəyənlər hansısa cəhdlər göstərə bilərlər, yəni başqa hansısa cəhdlər ola bilər. Amma Türkiyə çox böyük fəlakətlərdən qurtuldu. Amerikanın tətiklədiyi, arxasında olduğu Fətullahçı qrup Türkiyə daxilində savaşa nail olmaq, qarışıqlıq salmaq və ölkədə hakimiyyəti ələ keçirmək üçün hərəkətə keçmişdi. Amma dövlət çevrilişinə cəhd uğursuzluqla nəticələndi.

- Deməli, MHP də proseslərin tətikçisi rolunda ABŞ-ın çıxış etdiyi qənaətindədir?

- Bu, mənim şəxsi fikrimdir. Baş verənlərin arxasında Amerikanın dayandığı barədə fikrim çox açıq və qətidir. Çünki bütün müşahidələr də bunu göstərir. Bu, mənim şəxsi mövqeyimdir.

- Belədirsə, Türkiyə hakimiyyəti niyə Vaşinqtonu qane etmir? Burada Rusiya-Türkiyə barışığının əsas olduğunu demək mümkündürmü, yoxsa ayrı səbəblər var?

“Türkiyə çox böyük bir uçurumun başından döndü”


- Bu, çox uzun bir prosesdir. Türkiyə NATO ölkəsi olaraq, NATO-da təsiri var idi. Amma “soyuq savaş”dan sonra, xüsusilə də 90-cı illərdə PKK ilə mübarizə zamanı bu təşkilatın Amerikadakı bəlli qurumlar tərəfindən dəstəklənməsi, PKK-ya lojistik yardımların göstərilməsi faktları ortaya çıxdı. Hətta İraqın işğalı zamanı Amerika hər tərəfi bombaladı, təkcə PKK-nın düşərgələrinin olduğu yerə bomba atmadı. Bütün bunlar da ordu içərisində Amerikaya şübhəli baxışların ortaya çıxmasına səbəb olmuşdu. Ötən zamanlarda hətta Türkiyənin alternativlərə əl atması ilə əlaqədar fikirlər də ortaya çıxmağa başladı. “Ergenokon”, “Balyoz” və s. əməliyyatlar zamanı milli düşüncə sahibi olan və NATO-nun, Amerikanın bu cür yanlışlarına qarşı çıxan hərbçilərin böyük bir qisminin də bu sıraya daxil edildiyini gördük.



- Atilla bəy, narahatlıq var ki, tökülən qanların ardınca hökumət daha sərt siyasətə üstünlük verə, hətta siyasi təşkilatlarla bağlı məhdudlaşdırıcı addımlara gedə bilər. Eyni zamanda əksəriyyət əmindir ki, bundan sonra da demokratiya, xalqın iradəsi öndə olacaq, çünki Türkiyəni çevriliş cəhdindən xalq xilas etdi. MHP lideri Dövlət Baxçalı baş nazir Binəli Yıldırımla görüşündən sonra yəqin ki, partiya rəhbərliyini də məlumatlandırıb. Hökumətin Türkiyənin gələcəyi, gediləcək yolla bağlı mövqeyi, baxışı necədir, hakimiyyət hansı seçimi edəcək?

“Çevrilişlə bağlı xəbərlər ortaya çıxanda ilk təpki MHP liderindən gəldi”


- Çevrilişlə bağlı xəbərlər ortaya çıxanda ilk təpkilər MHP-nin liderindən gəldi. “Sağlam durun, dik durun, biz sizin yanınızdayıq, bu çevriliş cəhdinin qarşısındayıq” deyə, baş naziri ilk arayan və çevriliş cəhdi ilə bağlı ictimai rəyə mövqeyini ilk açıqlayan başqanımız və MHP oldu. Bundan sonra təbii ki, bütün bu ünsürlərin, illər boyu dövlətə qarşı hazırlanan proseslərdə yer alanların ortaya çıxarılması zəruridir. Son günlər ərzində baş verənlər onu göstərdi ki, millətdə çox güclü demokratiya ruhu var və türk milləti bu kimi çevriliş cəhdlərinə heç zaman imkan verməyəcək. Eyni zamanda müstəqil medianın fəaliyyətinin nə qədər önəmli olduğu, həmçinin gərginləşdirici siyasətin ölkəyə nə dərəcədə zərər verdiyi ortaya çıxdı. Bütün bunlar nəzərə alınaraq, bundan sonra zəruri addımların atılması lazımdır.

- MHP-nin bu proseslərdə hakimiyyətin yanında yer almasına fərqli prizmadan yanaşanlara nə sözünüz var?



- MHP zatən ilk gündən çevriliş tərəfdarları olanların, millətin iradəsini, müstəqilliyini hədəfə alan hər cür qüvvənin qarşısındadır. Son hadisələr də ortaya çıxanda MHP dərhal özünün qəti və konkret mövqeyini ortaya qoydu.

- Türkiyədə ölüm cəzasının bərpası ilə bağlı müzakirələr başlayıb və MHP-nin bu təşəbbüsə dəstək verməsi birmənalı qarşılanmır...

“Bundan sonra təbii ki, bütün bu ünsürlərin, illər boyu dövlətə qarşı hazırlanan proseslərdə yer alanların ortaya çıxarılması zəruridir”


- Bu cür məsələlər gündəmə gələn zaman Türkiyədə dərhal müzakirələrə səbəb olur. Ölüm cəzası bərpa olunsa belə, onun geriyə şamil olunması müzakirə mövzusu deyil. Başqanımızın da dediyi kimi, iqtidar partiyası bu mövzuda addım atarsa, biz ona hər cür dəstək verməyə hazırıq. Biz bu cəzanın bərpa olunmasının tərəfdarıyıq.



- Son hadisələrə Azərbaycandan verilən reaksiyaları necə qarşıladınız?

- Azərbaycanın da bu məsələdə verdiyi dəstək bizi razı salır. Bilirik ki, azərbaycanlı qardaşlarımızın da ürəyi burda bizimlə bərabər döyünürdü. Azərbaycan hökumətinin və prezidentinin bu mövzuda ortaya qoyduğu mövqe son dərəcə önəmlidir.

- Hazırda Türkiyədə həyat əvvəlki axarına qayıdıbmı?

- Bəli, artıq hər şey əvvəlkitək, öz normal axarına qayıdır. Dostlara salam və sayğılarımızı çatdırmağınızı rica edirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.