Pənah Hüseyndən sensasion referendum açıqlamaları

23-07-2016, 10:16           
Pənah Hüseyndən sensasion referendum açıqlamaları
Sabiq baş nazir: “Vitse-prezidentlik institutunun tətbiqi məsələsində AXC dövründə prezident Heydər Əliyev və Turqut Özalın rəyini nəzərə aldı və...”
Prezident İlham Əliyevin Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncamı müzakirə olunan məsələlərdən biridir. Burada diqqətçəkən məsələlərdən biri də vitse-prezidentlik institutunun yaradılması ilə bağlıdır.

Referendum aktının ardından qərarla bağlı mövqelər gecikmədi. Fikirlər heç də birmənalı deyil. Əsas da müxalifət buna sərt münasibət sərgiləyir. Bütün bunların fonunda 23 il öncə AXC hökumətinin ABŞ modelinə keçmək üçün bu tipli qərar hazırladığı, lakin bunu həyata keçirə bilmədiyi üzə çıxıb.

Elçibəy hökumətinin baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə bu məsələlərlə bağlı söhbət etdik.

- Pənah bəy, imzalanan Referendum Aktı ilə bağlı ən çox tənqid olunan məsələlərdən biri vitse-prezidentlik institutu ilə bağlıdır. Müxalifət bunu respublikaçılıq ənənələrindən uzaqlaşmaq kimi dəyərləndirir.

- İndiki siyasi kontekstdən çıxış etsək, əslində bu institutun tətbiqi respublikaçılıqla ziddiyyət təşkil etmir. Azərbaycanda vitse-prezidentlər institutunun tətbiqi məsələsi hələ 1992-93-cü illərdə müzakirə olunurdu. O vaxt hazırlanan konstitusiya layihələrinin birində məhz vitse-prezidentlərin vəzifə kimi yaradılması təklif olunmuşdu. Lakin bizim layihədə bu, Nazirlər Kabinetinin bir institut kimi ləğvi ilə yaradılırdı. Konsepsiya ondan ibarət idi ki, ABŞ tipli prezident idarə üsuluna keçilsin. Vaxtilə bu məsələlər barədə mətbuatda xəbərlər gedib. Nazirlər Kabinetinin ləğvi məsələsi onunla əsaslandırılırdı ki, sovet dövründən və müstəqilliyin ilk illərindən qalmış qavrayışlar icra hakimiyyəti sistemində paralellik kimi başa düşülür və ziddiyyətlərə səbəb olurdu.

Məsələn, Ayaz Mütəllibov-Həsən Həsənov-Yaqub Məmmədov ziddiyyətlərini xatırlayanlar yəqin ki, var. Prinsipcə istisna etmirəm ki, indi ovaxtkı layihədən bəhrələnmə olmayacaq. Ona görə ki, həmin layihəni hazırlayanlar indi də Prezident Administrasiyasında işləyirlər. Sonradan müzakirələrin gedişində prezidentin bu barədə Heydər Əliyev və Turqut Özalın rəyini nəzərə alması ona səbəb oldu ki, həmin layihələr bir müddət kənara qoyuldu. Heç şübhəsiz ki, indiki siyasi kontekst bu islahata yeni mənalar gətirib. Müxalifətin də narahatlıqları tam əsassız deyil.

Açıq-aydın görünür ki, son dövrlərdə Artur Rasi-Zadədən sonra kimin baş nazir olması ətrafındakı həyəcan xeyli dərəcədə bu yolla aradan qaldırılır. Baş nazirin prezidentdən sonra onun səlahiyyətlərini icra edə bilməyəcəyi bu postun siyasi əhəmiyyətini azaldır. Lakin həmin vəzifəyə işlək, gənc və siyasi təhlükəsi olmayan şəxslərin gətirilməsinə imkan verilir. Fikrimcə, vitse-prezident vəzifələri daha çox hakimiyyət ötürülməsi prosesində təhlükə yaratmayacaq. Əksinə, təminat verəcək ki, yaşlı nəslin nümayəndələri bu postlara təyin olunsunlar. Həm də bir növ fəxri pensiya postları yaratmaqla müəyyən şəxslərin real idarəçilikdən ağrısız uzaqlaşdırılmasına da imkan yaradılır. Ola bilsin ki, tək vitse-prezident deyil, vitse-prezidentlər postları yaradılması məsələsi bununla bağlıdır. Hər halda, hakimiyyətin indiki dairə daxilində ötürülməsi üçün əlavə mexanizm olması mülahizəsini inkar etmək mümkün deyil. Eyni zamanda hesab edirəm ki, bu dəyişikliyə qarşı çıxanlar əsas məsələlərdən birini diqqətdən kənarda saxlayırlar.

- Sizcə, bunlar nədən ibarətdir?

“Həmin layihəni hazırlayanlar indi də Prezident Aparatında işləyirlər”


- Bu fikir yalnız mənə məxsus deyil. Qazaxıstanda Nazarbayev prezidentlik müddətini 7 ilə qaldırandan sonra növbədənkənar seçkilər keçirdi. Mənim də ağlıma batan fikir odur ki, bu referendumun əsas mahiyyəti prezident seçkilərini 2018-ci ilə qədər saxlamamaqdır, Müxtəlif səbəblərdən. O cümlədən nəzərə almaq lazımdır ki, regionda, dünyada, ölkədə siyasi və sosial vəziyyət olduqca sürətlə dəyişir. Məsələn, 2016-cı ilin dekabrında seçkilər iqtidar üçün daha asandır. 2023-cü ilə qədər də Allah Kərimdir. Həm də indiki dövlət başçısının müsahibələrinin birində müəyyən dünya güclərinə işarə edərək, “hədəfdə mənəm” deməsini də yada salmaq lazımdır. Belə bir növbədənkənar seçki Qərb dairələrinin də planlarını pozmağa hesablana bilər. Bir məsələni də qeyd edim ki, məncə, növbədənkənar seçkilər olsa, indiki dövlət başçısının namizədliyi qalacaq. Referendumda prezidentə növbədənkənar seçkilər keçirmək səlahiyyətinin verilməsi yuxarıda deyilənlərlə izah oluna bilər. Əlbəttə, bütün bunlar mülahizələrdir.

“Prezidentin Heydər Əliyev və Turqut Özalın rəyini nəzərə alması...”


İstisna etmək olmaz ki, məsələ fərqli məzmunda olsun. Odur ki, siyasi müxalifət öz tənqidlərinə davam etməklə yarana biləcək situasiyaları təhlil etməli və öz fəaliyyətini yeni şəkildə planlaşdırmalıdır. Mən təəssüflə qeyd edirəm ki, hələ belə bir yanaşma müşahidə olunmur. Ən azı bu dəyişikliklərə qarşı olan bütün siyasi partiyaların, vətəndaş cəmiyyətinin, ayrı-ayrı ekspertlərin, nüfuzlu şəxslərin, ziyalıların vahid mövqeyini əks etdirən platforma yaratmaq istiqamətində addımlar atılmalıdır. musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.