Vahid Əhmədovdan qazilərlə bağlı sərt irad: - "Ayaqüstə əsirdi, komissiyaya göndərdim ki..."
14-06-2024, 12:56
Müharibə veteranlarına verilən 80 manat müavinətin artırılması ilə bağlı təklifə artıq cavab verilib. Maliyyə nazirinin müavini Azər Bayramov bunun aktual məsələ olduğunu söylədi. Qeyd edildi ki, bu məsələyə büdcə zərfi ilə bir yerdə baxılmalıdır. Bu ilin büdcə dürüstləşməsində bunun nəzərə alıb-alınmamasını isə öncədən demək olmur.
Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov deyib.
O qeyd edib ki, verilən təklifi hökumət mütləq nəzərə almalıdır:
“Əslində bu təklifi tək mən irəli sürməmişəm. Ümumiyyətlə, əksər millət vəkilləri 2020-ci ildən bu məsələni səsləndirib. Ona görə də, bu məsələ həllini tapmalıdır. Millət vəkili olaraq qəbullarda oluruq, insanlarla görüşürük. Bu məsələ də həmişə qaldırılır. Deyirlər ki, “niyə biz 80 manat almalıyıq? Niyə, bu məbləği artırmırsınız və s”.
Deputat vurğulayıb ki, parlamentdə bu məsələ həmişə səsləndirilib:
“Ötən gün də Milli Məclisdə komitə iclasında mən və digər deputat həmkarlarım Əli Məsimli, Elnur Allahverdiyev, Vüqar Bayramov bir daha bu məsələyə toxunduq. Məsələ həllini tapmalıdır. Bunu hökumət və digər strukturlar bilir”.
Vahid Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən olan narazlığına da aydınlıq gətirib:
“Kifayət qədər ərizələr var. Həmin ərizələri nazirliyə göndərirəm. Onlardan müəyyən cavablar gəlir. Amma ünvanladığm məsələlərin əksər hissəsi demək olar ki, öz həllini tapmır. Ötən gün iclasda bunu qeyd etmişəm. Bu yaxınlarda Quba rayonu Paşaoba kəndindən bir qazi gəlmişdi. Ayaq üstə dayana bilmirdi, əsirdi, atasının köməyi ilə güclə ayaqda dururdu. Onunla bağlı nazirliyə neçə dəfə müraciət ediblər. Amma məsələlər həll olunmayıb. Mən də Anar Bayramovu (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri) yığdım, xahiş etdim ki, bu adamı bir daha komissiyadan keçirin. Amma nə olsun, komissiyaya salsalar da etiraz veriblər ki, ona düşmür. Bu cür hadisələr kifayət qədərdir”.