Ermənilərin öldürdüyü azərbaycanlılar haqda dəhşətli məlumatlar – Cinayəti buna görə gizlədirlər…
30-08-2024, 18:48
30 avqust Beynəlxalq İtkinlər Günüdür. İkinci Qarabağ müharibəsindən 4 il keçir. Buna baxmayaraq, bizim hələ də Birinci Qarabağ savaşında əsir və itkin düşmüş, qalıqları tapılmayan vətəndaşlarımız var.
Görəsən, Ermənistan niyə bununla bağlı məlumat vermir?
İrəvanın dəqiq məlumatlar verməsi üçün Bakı nə kimi addımlar atmalıdır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan alim, “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova deyib ki, Ermənistan qorxduğu üçün məlumat vermir.
Onun fikrincə, ermənilər məlumat verməməklə törətdikləri cinayəti gizlətməyə çalışırlar:
“Görünür, işimizi düz qurmamışıq deyə, hələ də səsimizi lazımı yerlərə çatdıra bilməmişik. Bilməliyik ki, ermənilər olduqca məkrlidirlər. İllərdir heç azərbaycanlıları əsir götürdüklərini boyunlarına almırdılar, statistikanı qəbul etmək istəmirdilər. 90-cı illərdə torpaqlarımız işğal olunan zaman nə qədər günahsız vətəndaşlarımız öldürüldü. Artıq Qarabağ işğaldan azad olunduqdan sonra kütləvi məzarlıqlardan onların qalıqları çıxdı. Hamısı da işgəncələrlə qətlə yetirilib”.
E.Orucova deyib ki, ermənilər müharibə cinayətini üzərlərinə götürmək istəməzlər:
“Hər kəs ermənilərin cinayətkar olduğunu bilməlidir. Ermənistan Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır. Onlar beynəlxalq hüququ pozublar. Ona görə də insanlara qarşı törətdikləri cinayətlərin cəzasını almalıdırlar. Düşünün, insan qalıqları çıxarılsa da, bu hiyləgərlər yenə də etiraf etmək istəmirlər”.
Esmira Orucova ermənilərin əsl üzünü beynəlxalq təşkilatlara, məhkəmələrə göstərmək lazım olduğunu vurğulayıb:
“Görünür, bizdə iş əvvəldən düzgün qurulmayıb. Bu məsələnin üzərində daha çox, intensiv şəkildə işləmək, bura daha çox qüvvə cəlb etmək lazımdır. Ən əsası da işi bilən insanlar olmalıdır. Bu məsələni kiminsə dostu, tanışı yox, məhz işin mütəxəssisi işləməlidir”.