Hüquqi sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb

22-11-2024, 07:14           
Hüquqi sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb
“Media haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər. Audiovizual Şuranın mütəxəssisləri operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxışı həyata keçirir, müvafiq monitorinq işləri aparırlar.

Bu barədə Audiovizual Şuradan verilən məlumatda deyilib.

Bildirilib ki, aparılan mütəmadi monitoriqlər nəticəsində platforma operatorları olan “Artkom.Net” MMC, “Boss Group” MMC və “Shakh Telecom” MMC-nin retranslyasiya paketlərində buna hüquq verən sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb. Bununla bağlı Audiovizual Şura tərəfindən 19-20 noyabr 2024-cü il tarixlərində inzibati xəta haqqında protokollar tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilib.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə davamlı monitorinqlər həyata keçirilir və mütəmadi olaraq nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru