Onlayn ticarətdə ƏDV vətəndaşa geri qaytarılsın - Deputatdan təklif
Bu gün, 17:28
Vətəndaşlara aldıqları mallara görə nağdsız ödədikləri əlavə dəyər vergisinin (ƏDV) 17,5 faizi, nağd ödədikləri ƏDV-nin 5 faizi geri qaytarılır. Amma onlayn ödənişlərdə vətəndaşalara ƏDV-nin geri qaytarılması mümkün olmur. Məsələn, hər hansı əşyanı kreditlə alan şəxslərin çoxu aylıq ödənişi mağazaların kassasında yox, mobil tətbiqlər, terminallar və ya internet üzərindən onlayn ödəyir. Ödəyiciyə verilən elektron qəbzdə isə ƏDV-ni geri almaq üçün müvafiq bölmə olmur.
Deputat - Onlayn ticarətdə ƏDV vətəndaşa geri qaytarılsın
Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, "ƏDV geri al" layihəsi üzrə genişləndirmə həyata keçirilir:
"Onlayn ticarətdə xüsusən də yerli şirkətlərin təklif etdiyi xidmət və malların satışı üzrə onlayn alış-verişdə ƏDV-nin geri qaytarılması məqsədəuyğun olar. Təbii ki, "ƏDV geri al" layihəsinin məqsədi plastik kartlardan daha çox istifadənin stimullaşdırılmasıdır. Onlayn alış-veriş praktiki olaraq yalnız plastik kartlar və ya köçürmələr vasitəsilə mümkündür. Bütün bunlarla yanaşı, xüsusən də onlayn ticarətin stimullaşdırılması və yerli şirkətlərin onlayn xidmət və mallarına tələbin artırılması üçün onlayn ticarətin də "ƏDV geri al" mexanizminə daxil edilməsi məqsədəuyğun olar. Bu, onlayn ticarətə marağın artmasına gətirib çıxarda bilər".
Ekspert: "Burada əsas məqsəd pul paylamaq deyil"
İqtisadçı-ekspert Xalid Kərimli isə Sputnik Azərbaycan-a deyib ki, "ƏDV geri al" mexanizminin əsas məqsədi insanları onlayn ticarətə, kartla ödənişə, alınmış mala görə çek tələb etməyə təşviq etməkdir: "Burada əsas məqsəd insanlara pul paylamaq deyil, nağdsız ödənişlərə marağı artırmaqdır. Nağd ödənişlərdə vergidən yayınma potensialı böyükdür. Amma onlayn ticarətdə vergidən yayınma ehtimalı yoxdur, onlayn ticarət birbaşa banklar üzərindən həyata keçirilir. Ona görə də onlayn ticarətdə ƏDV-nin geri qaytarılması ilə bağlı qanunvericiliyi dəyişdirməyə ehtiyac yoxdur".
Dövlət Vergi Xidməti: "ƏDV geri al" layihəsi nağdsız ödəmələrin xüsusi çəkisini artırıb
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan "ƏDV geri al" mexanizminin tətbiqi uğurla davam edir. 2024-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 145 milyon 803 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Qeyd edilib ki, "ƏDV geri al" layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Bundan başqa, "ƏDV geri al" layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam edir. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan məbləği 19,2 milyon manatdan çox olub.
ƏDV-ni necə geri qaytarmalı?
Xatırladaq ki, yeni nəsil nəzarət-kassa aparatları mövcud olan ticarət və ictimai iaşə obyektlərində, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə), tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə edilən ödənişlər üzrə çekləri almaq lazımdır. Neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisnadır, yəni bu məhsulların alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.
İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır.
Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 rəqəmli fiskal ID-ni daxil edin və ya skan etmək imkanı verən mobil əlavə ilə çekin üzərində olan QR kodu oxudun. Fiskal ID - simvollardan ibarət unikal identifikatordur, çekin üzərində çap olunması zəruri olan məlumatlardır.
30 gün sonra elektron kabinetinizdə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i əks olunacaq.