Con Herbst: Ukraynanın nadir mineralları ilə bağlı razılaşma hər iki ölkə üçün yaxşı anlaşmadır

Bu gün, 15:28           
Con Herbst: Ukraynanın nadir mineralları ilə bağlı razılaşma hər iki ölkə üçün yaxşı anlaşmadır
Birləşmiş Ştatlar və Ukrayna arasında nadir təbii ehtiyatlarla bağlı razılaşma ABŞ-a Vaşinqtonun Rusiyanın davam etdirdiyi müharibədə özünü müdafiə edən Kyivə hərbi yardımının təzminatı kimi Ukraynanın nadir minerallarına çıxış imkanı verməsini nəzərdə tutur. Bir sıra ekspertlər razılaşmanın hər iki ölkənin maraqlarına uyğun olduğunu bildirir. Vaşinqtonda Atlantik Şuranın Avrasiya mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatlar və Ukrayna arasında təbii ehtiyatlarla bağlı razılaşma və Ukraynada müharibəyə son qoyulması üçün diplomatik səylər haqda danışıb.

Amerikanın Səsi: Sözügedən minerallar müxtəlif yüksək texnologiya sənayeləri üçün vacibdir və bu, sazişi hər iki ölkə üçün iqtisadi baxımdan əhəmiyyətli edir. Bunun nəticələri və iki ölkə arasında daha geniş iqtisadi əlaqələr haqqında nə söyləyə bilərsiniz?

Con Herbst: Bu, hər iki ölkə üçün yaxşı anlaşmadır. Ukrayna yardım investisiyalarından bu faydalı qazıntıların hasilatını, kəşfiyyatını və istehsalını yaxşılaşdırmaq üçün istifadə edə bilər. Birləşmiş Ştatlar daha çox nadir torpaq mineralları və mühüm minerallar təchizatçısına çıxışa ehtiyac duyur. Çin bunların çoxuna nəzarət edir və onlar çox etibarlı təchizatçı deyillər. Buna görə də bu, böyük ölçüdə Amerikanın marağına uyğundur.

Amerikanın Səsi: Sizin fikrinizcə, bu saziş Ukraynaya nə kimi fayda verə bilər?

Con Herbst: Yenə də Ukrayna bu faydalı qazıntıların işlənməsi üçün investisiyalardan istifadə edə bilər. Bu, çox vacibdir. Lakin bu, həm də Donald Trampa Ukraynanın ayaqda qalması və Ukraynanın iqtisadi və hərbi cəhətdən təhlükəsiz olmasını təmin etmək üçün aydın, ciddi, konkret səbəb verir. Beləliklə də bu, hər iki ölkənin uduşda olduğu durumdur.

Amerikanın Səsi: Prezident Zelenski Ukrayna üçün təhlükəsizlik qarantiyalarının vacibliyini vurğulayıb. O və onun və hökuməti bunun ölkənin suverenliyi və müdafiəsi üçün həyati əhəmiyyət kəsb etdiyini hesab edir. O qeyd edib ki, bu qarantiyalar hələ tam olaraq müəyyən edilməyib və ya razılaşdırılmayıb. Müqaviləyə təhlükəsizlik qarantyaiları daxildirmi?

3 Con Herbst: Doğrudur. Ukraynalılar tamamilə haqlıdırlar ki, Rusiya ilə yüksək səviyyədə razılaşma əldə etmək istəyirlərsə, onlara təhlükəsizlik qarantiyaları lazımdır, çünki Rusiya təcavüzkar ölkədir. Onlar səbəbsiz olaraq Gürcüstanla müharibəyə başladılar, indi də səbəbsiz olaraq Ukraynada müharibə aparırlar. Amma o da aydındır ki, bu razılaşma təhlükəsizlik qarantiyaları almağın yolu deyil. Bu, iqtisadi razılaşmadır. Bu, Birləşmiş Ştatların Ukraynanın ayaqda qalması, iqtisadi dayanıqlığı, suverenliyi və təhlükəsizliyində bir daha maraqlı olmasını təmin edən iqtisadi razılaşmadır. Və mənim fikrimcə, ukraynalılar bunu başa düşürlər. Ukraynanı Rusiyanın gələcəkdə zərbəsindan, Rusiyanın gələcək hücumundan əhəmiyyətli dərəcədə qoruyacaq təhlükəsizlik tədbirləri ilə nəticələnə biləcək başqa amillər, daha doğrusu, digər elementlər var. Bunlar Trampın Moskvanın Ukraynaya qarşı aqressiv müharibəsinə son qoyacaq sülh sazişinə nail olmaq planlarının arxasında duran ideyalardır. O, Ukraynada sülhməramlılar kimi Avropa qüvvələrinin yerləşdirilməsindən danışır. O, Ukraynanı silahla təmin etməkdən danışır. Bunlar həm Zelenskinin, həm də Ukrayna xalqının istədiyi və layiq olduğu təhlükəsizliyi təmin etməyin üsullarıdır.

Amerikanın Səsi: ABŞ və Rusiya Ukraynada müharibəyə son qoymaq yollarını müzakirə etmək üçün keçən həftə Səudiyyə Ərəbistanında danışıqlar aparıb. Dövlət katibi Mark Rubio bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynada müharibəsinə “ədalətli və davamlı” həll yolu tapmağa çalışır. Danışıqlar prosesində növbəti addım nə olacaq? ABŞ bu münaqişəyə necə son qoymağı planlaşdırır?

Con Herbst: Düşünürəm ki, çox şey prezident Trampdan asılıdır. O, Moskvanın təcavüzünü davam etdirməsinə imkan verməyəcək davamlı sülhə nail olmaq istədiyini bildirib və bunu altı ay ərzində etmək istəyir. Moskvanın Trampın kompromislə bağlı istədiyi elementləri rədd etdiyinə və Ukraynanın kompromisə hazırlığı qəbul etdiyinə görə cavab aydındır ki, ondan ibarətdir ki, prezident Tramp yeni prezidentliyinin ilk günlərində edəcəyini dediyi şeyləri etməlidir. Düşünürəm ki, prezident Tramp indi bu yanaşmadan uzaqlaşıb. Amma altı ay ərzində etibarlı sülh, davamlı sülh istəyirsə, o buna qayıtmalı olacaq. Çünki hazırda Putin sadəcə olaraq müzakirələr aparmaq niyyətində deyil.

Amerikanın Səsi: Müzakirələr Ukrayna və Avropa liderlərinin iştirakı olmadan baş tutub və onlar prosesdən kənarda olduqları ilə bağlı narahatlıq bildiriblər. Gələcəkdə onların prosesdə iştirakını təmin etmək üçün hansı addımlar atılmalıdır? Bu necə baş verəcək?

Con Herbst: Düşünürəm ki, administrasiya Rusiya ilə Ukrayna arasında sülh sazişinin detallarının müzakirə olunmadığı Ər-Riyad danışıqlarından sonra bildirdi ki, ruslarla sülh haqqında ciddi danışıqlara başlayanda ukraynalılar da danışıqlarda iştirak edəcəklər. İndi təbii ki, Tramp Avropadan öz qüvvələrini Ukraynaya göndərməklə həlledici rol oynamasını istəyir. Buna görə də onlar bunu etməli olacaqlar. Avropa bunu nəzərə alaraq ən azı danışıqlarda iştirak etməli olacaq. Ona görə də mən bunun bizim avropalı dostlarımızı və müttəfiqlərimizi qane edəcək şəkildə həll olunacağını gözləyirəm.

Amerikanın Səsi: Avropa ölkələri Ukraynaya təhlükəsizlik qarantiyalarının verilməsi, ölkənin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində aparıcı rol oynamağa hazır olduqlarını nümayiş etdiriblər. Avropa Ukraynanın ehtiyaclarını ABŞ kimi effektiv şəkildə təmin edə bilərmi?

Con Herbst: Avropanın ABŞ-ın malik olduğu kimi silahları yoxdur. Avropanın güclü ordusu yoxdur. Ona görə də avropalılar hətta Ukraynaya qüvvə göndərməyi planlaşdırdıqları zaman onların bu məsələdə narahatlıqları var. Beləliklə də Birləşmiş Ştatlar və qüvvə göndərən Avropa ölkələri arasında bu qüvvələri necə dəstəkləyə biləcəyimiz, Moskva onlara hücum etməyə başlayarsa, onları necə dayandıra biləcəyimizlə bağlı anlaşma olmalıdır. Buna görə də düşünürəm ki, bunu ciddi danışıqlar yolu ilə həll etmək lazım gələcək.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.