Paşinyan Moskvanın onu devirmək üçün qalan son iki modelini də mübarizə ilə zərərsizləşdirdi...”

Bu gün, 12:26           
Paşinyan Moskvanın onu devirmək üçün qalan son iki modelini də mübarizə ilə zərərsizləşdirdi...”
“Ermənistanın siyasi həyatı dəyişdikcə Rusiyanın başqa alətləri, o cümlədən, keçmiş prezidentlər Robert Köçəryan və Serjik Sərkisyan, “Daşnaksütyun” partiyası və digər siyasi güclər artıq uğursuzluğa düçar oldu. Buna görə də Moskva, kilsə və din xadimlərini yenidən təzyiq aləti olaraq işə salmağa çalışdı...”

Politoloq Zərdüşt Əlizadə Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya tərəfindən idarə olunan erməni kilsəsi və Moskvaya bağlı milyarder iş adamlarının hakimiyyəti devirmək üçün apardığı mübarizəyə dair fikir və analizlərini Moderator.az saytına açıqlayıb.

Zərdüşt Əlizadə qeyd edib ki, kilsələr və məscidlər tarix boyunca həm Sovet İttifaqı dövründə, həm də çar dövründə Rusiyanın tabe etdiyi müstəmləkə ölkələrində, o cümlədən Azərbaycanda və Ermənistanda, itaətə məhkum edilmiş xalqı nəzarətdə saxlamaq üçün mühüm bir vasitə olmuşdur. Politoloq vurğulayıb ki, SSRİ dönəmində, xüsusilə dini liderlər — Rusiyanın patriarxı, Ermənistanın katolikosu, Gürcüstanın kilsə rəhbərləri və digər din xadimləri “KQB”-nin göstərişi ilə hərəkət ediblər.

“Erməni katolikosu “FSB”-nin agentidir”...

Əlizadə Ermənistanın katolikosunun hələ də “FSB”-nin təsiri altında olduğunu qeyd edib:

“Əvvəllər ‘KQB’-nin agenti olan ‘bütün ermənilərin katolikosu’ bu gün də ‘FSB’-nin agentidir. Rusiya tərəfindən kilsə vasitəsilə cəmiyyətin kontrol altına alınması çox uzun müddət davam etdi. Lakin Ermənistanın siyasi həyatı dəyişdikcə Rusiyanın başqa alətləri, o cümlədən, keçmiş prezidentlər Robert Köçəryan və Serjik Sərkisyan, “Daşnaksütyun” partiyası və digər siyasi güclər artıq uğursuzluğa düçar oldu. Buna görə də Moskva, kilsə və din xadimlərini yenidən təzyiq aləti olaraq işə salmağa çalışdı...”

Paşinyanın strateji fəaliyyəti...

Paşinyanın zamanında Rusiyanın təsiri altındakı güc mərkəzlərini zərərsizləşdirməklə bağlı atdığı addımlar diqqət çəkib. Əlizadə qeyd edir ki, Paşinyan yalnız kilsəni deyil, Moskva ilə bağlı milyarder iş adamlarını da nəzərdə tutmuşdu.

"Kremlin hələ Gürcüstanda həyata keçirdiyi modelə bənzər bir addım atmaq istədiyini görən Paşinyan, Rusiyanın dəstək verdiyi milyarder Samvel Karapetyanı həbslə zərərsizləşdirdi. Bu, Paşinyanın çox çevik və operativ bir fəaliyyət göstərərək bu təzyiqləri tamamilə dağıtmasına imkan verdi."

Gürcüstanın təcrübəsi və Ermənistana təsiri...

Zərdüşt Əlizadə Gürcüstanda Kremlin milyarder iş adamı Bidzina İvanişvili vasitəsilə tətbiq etdiyi modelin Ermənistandakı eyni cəhdlərinə də toxundu. O, Gürcüstanda Kremlin milyarderini önə çəkərək ölkə daxilində demokratik və azadlıq mübarizəsi apardığına inandırdığını, lakin zamanla İvanişvilinin öz xalqına təzyiq göstərərək həyatlarını öz təpiyi altında yaşatdığını vurğuladı.

"Rusiya bu modelin Ermənistanda işləyəcəyini düşündü, lakin Paşinyan bu təzyiqlərə qarşı dərhal effektiv şəkildə mübarizə apararaq Samvel Karapetyanı hüquqi yolla zərərsizləşdirdi."

Son nəticələr və Paşinyanın qələbəsi...

Əlizadə Paşinyanın kilsə və milyarder iş adamları ilə mübarizəsinin nəticə etibarilə uğurlu olduğunu qeyd edib. O, Paşinyanın bu mübarizədə erməni kilsəsinin yenidən hərəkətə keçirilməsinin qarşısını alaraq, cəmiyyətdən dəstək almağa davam etdiyini vurğuladı:

"Ən son kilsə xadimləri də Paşinyanın təzyiqi ilə zərərsizləşdirildi və demək olar ki, bu gün Rusiya Ermənistanın daxili işlərinə təsir etməkdə çətinlik çəkir."

Zərdüşt Əlizadə Paşinyanın Ermənistanı Rusiya təsirindən qurtarmaq istiqamətindəki mübarizəsinin, yalnız Ermənistanın daxili siyasətinə deyil, bütün regionun gələcəyinə təsir edəcəyini də qeyd etdi.

Söhbətləşdi və təqdim etdi: Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.