"Papağımı bulvarda yerə qoyub yolçuluq edərəm, yaşadığım torpağa ayıb olar" — YALÇIN RZAZADƏDƏN ŞOK MÜSAHİBƏ

17-08-2018, 15:34           
"Papağımı bulvarda yerə qoyub yolçuluq edərəm, yaşadığım torpağa ayıb olar" — YALÇIN RZAZADƏDƏN ŞOK MÜSAHİBƏ
Xalq artisti Yalçın Rzazadə "Ölkə.Az"ın suallarını cavablandırıb.
– Yalçın müəllim, səhhətiniz necədir?
– Ürəyimdə arterial klapan dəyişməlidir. Bir-iki dəfə kiçik əməliyyat olundum, amma xeyri yoxdur. Qan təzyiqim hər gün 240-220-yə qalxır. Artıq təcili tibbi yardım əməkdaşları məni tanıyırlar. Sağ olsunlar, hörmətə üstümə iki-üç təcili yardım gəlir. Öd kisəmdə böyük daşlar var, əməliyyat olunmalıdır. Ancaq etmək mümkün deyil. Çünki qan təzyiqiylə ürəyimin problemlərinə görə narkoz verməkdən qorxurlar. Narkoz alsam, ayılmaya bilərəm, ürəyim zəifdir. Digər tərəfdən özümü bu gün heç kimə lazım olmayan sənətkar sayıram. Çünki mənə tamamilə heç bir diqqət yoxdur. Ötən il peşəkar səhnədə əlli ilim tamam oldu. Bir nəfər zəng vurub təbrik etmədi. Axı mən əlli ildə vardan, dövlətdən, puldan imtina etmişəm, dövlətim, millətim, bayrağım demişəm. Millətimin sənətini xarici ölkələrdə təqdim edən adamam. Azərbaycanda yeganə sənətkaram ki, Cahangir Cahangirov, Tofiq Quliyev, Telman Hacıyev, Nəriman Məmmədov, Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimova, Ramiz Mirişli, Oqtay Rəcəbov, Eldar Mansurov, Aydın Ağasıyev, Firəngiz Babayeva, Tofiq Babayev kimi bəstəkarların arasında sənətim böyüyüb, püxtələşib. Bu bəstəkarlar mənə onlarla, yüzlərlə mahnılar yazıblar. Mən həmin sənətkaram ki, "Qaynana", "Gün keçdi", "Dədə Qorqud", "Baladadaşın ilk məhəbbəti", "Od içində", "Bayquş qayıdanda" kimi filmlərin səsələndirdiyim mahnıları bu gün də dünya azərbaycanlılarının dilindədir. Həmin mahnılar bugünkü nəslin proqramlarında, repertuarında yer alır. Altmış səkkiz ölkədə Azərbaycanı, musiqimizi təmsil etmişəm. Bu ölkəyə gitaranı ilk dəfə gətirən sənətkaram, geyim zövqünü dəyişən sənətkaram. Mənim oxuduğum "Bakı, sabahın xeyir"lə dövlətimin, millətimin səhəri açılır.
Bütün səhnə geyimlərimi, ayaqqabılarımı türk dostum göndərir, Türkiyəyə getmək üçün biletimi alır. Bunları türk edir, Azərbaycanda kimsə etmir.
Mədəniyyət Nazirliyində Seva adlı bir qadın var. Kimsə mənimlə bağlı ona zəng vuranda həyasızcasına deyib ki, Yalçına dövlət üç dənə mənzil verib. O mənzillərin birini satıb, birini də təmir edib kirayə verib. Bu mənə böyük təhqir deyilmi? Mədəniyyət Nazirliyindən zəng vurub deyirlər ki, sən niyə AZTV-nin solistliyindən çıxdın? Deyirəm, neçə illər canımı verdim, indi çıxdım Mədəniyyət və İncəsənət Universitetinin professoruyam.
– Yalçın müəllim, doğrudanmı sizə dövlət tərəfindən üç mənzil verilib?
– Təbii ki, yalan söhbətdir. Məgər mən alverçiyəm? Belə sözlər mənimçün böyük təhqirdir. Dövlət adama üç dəfə ev verər? Guya birini də kirayə vermişəm.
– Seva xanım dediyiniz şəxs Mədəniyyət Nazirliyində hansı vəzifəni daşıyır?
– Deyəsən şöbə müdiridir, dəqiq bilmirəm. Bu yaxınlarda mənə deyir ki, sən solistlikdən niyə çıxdın? Deyirəm, axı çıxmağımın, yaşımın sənə nə dəxli var? Deyir ki, AZTV-də qalsaydın, sənə orden verilərdi. Dedim, mən bilmirdim ki, Azərbaycanda AZTV-nin xalq artisti ayrıdır, Mədəniyyət Nazirliyinin xalq artisti başqadır. Mənə həm əməkdar artist, həm də xalq artisti fəxri adlarını Ulu öndər Heydər Əliyev verib. Bu yaxınlarda mənimlə oxumuş sənətkar küçədə yıxıldı, öldü. Yəqin ki, bir gün sizə xəbər çatacaq ki, Yalçın yol gedəndə yıxıldı öldü (kövrəlir).
– Allah ömrünüzü uzun eləsin...
– Belə münasibət olar? Bütün həyatımı, gəncliyimi sənətə qurban vermişəm. Bilsəydim ki, sənət qarşı belə murdarçılıq olacaq, gedib araqdan-siqaretdən satıb, bir parça çörəyimi qazanardım. Başdan ayağa xəstəyəm, ayaqlarım işləmir. Bunları demək istəmirəm e. Hamı məni şəxsiyyət kimi tanıyır. Amma türk oğlu türkün mənə elədiyinin yüzdə birini Azərbaycanda etmirlər. Məgər bunun üçün yaşamışam? Hər zaman şəxsiyyətimi saxlamışam. Axı toyxana mahnıları oxuyub pul qazanmamışam, dahi sənətkarların arasında böyümüşəm. Dünyanın simfonik orkestrləri ilə oxumuşam. Azərbaycanın simfonik orkestri, estrada orkdestri, xalq çalğı alətləri orkestriylə çıxışlarım olub, "Dan ulduzu"nun bünövrəsini Gülarə Əliyevayla qoymuşuq. Son gününə qədər birlikdə çalışmışıq. Dahi Vaqif Mustafazadə ilə yeddi il işləmişəm, dostluq etmişik, "Sevil" ansamblı yaratmışıq. Rusiyanın ən məşhur simfonik orkestrləri və musiqiçiləriylə işləmişik. Axı mən uşaq deyiləm. Bəlkə də bu sözləri deməzdim. Amma görürəm ki, məni öldürmək istəyirlər, öldürsünlər. Verilən təqaüdü də əlimdən almaq istəyirlərsə, alsınlar. Papağımı bulvarda yerə qoyub yolçuluq edərəm, mənə ayıb olmaz. Ayıb mənim yaşadığım torpağa olar. Əgər prezidentimiz mənə təqaüd verməsəydi, onda nə edərdim? Böyüyün böyük dərdi var, kiçiyin kiçik dərdi. Ailəm böyükdür, xərclər çoxdur. Sənətkaram, hər zaman zövqlə geyinən, yaşayan adamam. Bu gün mədəniyyətdə, incəsəntdə mənim kimi adamları bir yerə toplasan, on beş nəfər eləməz. Belə insanlar qorunmalıdır və borclarıdır. Yerdən çıxmamışam, göbələk deyiləm, gəncliyimi bu sənətə vermişəm. İnanın ki, qarşıma avtomobil açarı qoyublar ki, toyda üç mahnı oxu. Amma mən ondan imtina edib xaricə dövlətimi təmsil edib, xırda qonorar almışam. Hər zaman sənəti puldan üstün tutmuşam.
– Belə anladım ki, daha çox umduğunuz ünvan Mədəniyyət Nazirliyidir...
– Allah Rəşid Behbudova da, yoldaşına da rəhmət eləsin. Tez-tez telefonla danışardıq, deyərdi ki, Rəşid səni çox istəyirdi. Nazirlikdəki qadının mənə ev satırsan, kirayə verirsən deməyindən bir neçə dəqiqə sonra Rəşid Behbudovun xanımı mənə zəng vurdu. Gördü ki, əhvalım yaxşı deyil. Deyir, axı sən o Sevanın cavabını niyə vermədin? Niyə məni alverçi kimi təqdim etmək istəyirlər, anlamıram. Görün indiyə qədər haqqımda xoşagəlməz söz deyən olubmu? Çünki hər zaman xalqın arasında olmuşam, millətimi sevirəm, kiçiklə kiçik, böyüklə böyüyəm.
– Hazırda yeganə dolanışıq mənbəyiniz aldığınız təqaüddür?
– Bəli, ancaq təqaüdlə dolanıram. Deyirlər ki, get, bağda istirahət elə. Heç vaxt bağım olmayıb, yalnız bir mənzilim var. Söhbət mənzildə deyil e. Ömür boyu villanın, malikanənin nə olduğunu başa düşməmişəm. Azərbaycan səhnəsinə zövqlə geyinməyi gətirən şəxs mənəm. Gitarayla konsertlər, cinslə səhnəyə çıxmaq, sənətə yeni ruhu də mən gətirmişəm.
– Dövlət konsertlərinə dəvət edilirsiz?
– Axırıncı dəfə İslam Səfərli və Gülarə Əliyevanın xatirə gecəsində iştirak etmişəm. Millət məni alqışlarla qarşıladı. Televiziya konsertlərinə gündə dəvət edilirəm. Amma bu yaşımda hər verilişə gedə bilmərəm.
– Həyatınızı bu sənətə həsr etdiyinizə peşmansınızmı?
– Çox peşmanam. İstəmirəm kiminsə mənə yazığı gəlsin. Elə olacaqsa, Allah məni yüz dəfə öldürsün. Kimdənsə nəsə istəməli deyiləm, özləri etməlidirlər. Bir neçə il əvvəl dostumun yubileyində Vergilər Nazirliyinin əməkdaşlarıyla eyni masada oturmuşduq. Biri dedi ki, siz niyə Fazil müəllimin (keçmiş vergilər naziri Fazil Məmmədovu nəzərdə tutur-red.) yanına yanına gəlmirsiniz, sizin xətrinizi çox istəyir. Dostum cavab verdi ki, Yalçın müəllim getməz. Həmin şəxslər dedilər ki, Fazil müəllim, yaxud başqa nazir yardım etsə də, öz cibindən yox, xalqın büdcəsindən edəcək. Yəni, o pullar da xalqındır, siz də. Demək istədiyim odur ki, ömrümün əlli ilini xalqıma, sənətimə həsr etmişəm. Sovet dövründə "Ana dili, şirin dil" mahnısı oxuduğuma görə üç ay efirdən kənarlaşdırıldım. Heç vaxt "Yaşasın xalqım", "Yaşasın millətim" adlarıyla pafoslu mahnılar oxumamışam. Çünki xalqımı pafosla yox, ürəklə sevirəm. Üç dəfə xaricdə qalmağa imkanım olub. Ona görə indiki vəziyyət məni yandırır.
Öd kisəmdən nə vaxt sancı tutsa, yıxılıb küçədə qalacağam. Amma əməliyyata nə səhhətim, nə maddi durumum imkan vermir. Türkiyədə dostumun hesabına müəyyən müayinələri, müalicələri etdirməsəydim, indi bəlkə də sağ deyildim. Axı niyə bunu mənə öz dövlətim etməməlidir? Sıravi çadır oxuyanı olmamışam, əsərlər ifa etmişəm. Evə gəlib yoldaşıma demişəm ki, kartof qızart. Deyib ki, yağ yoxdur. Demişəm, at suya qaynasın. Kartof soyutması yeyib İslandiyada, İsveçdə ölkəmi təmsil etmişəm. Mən təqlidsiz sənətkaram.
– Yalçın müəllim, sənətə gələndə də yəqin ki, çox çətinlikləriniz olub.
– Sənətdə kimsədən kömək, dəstək görməmişəm. Pianino çalmağı da, rəsm çəkməyi də öyrənmək olar, amma səs Allah vergisidir. Əksinə mənə həmişə maneçiliklər törədilib. Ulu öndər Heydər Əliyevə ömür boyu minnətdaram. Çünki sənətimə hər zaman böyük qiymət verib. Repertuarımda onun sevdiyi mahnılar var idi. Xüsusən "Bakı, sabahın xeyir"i çox sevirdi. 1979-cu ildə cavan oğlan idim, mənə əməkdar artist fəxri adı, Ali Sovetin iki fəxri fərmanını verdi. Xalq artisti fəxri adını da məhz Heydər Əliyevdən almışam. Adam zəhmət çəkəndə, bir işə həyatını qoyanda onun qarşılığını istəyir. Etdiklərin cavabsız qalanda adam depressiyaya düşür. Bu saat depressiyadayam. Neçə yüz mahnı oxumuşam, doxsan doqquz faizi tarixdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.