Komitə sədri HİDDƏTLƏNDİ: - “Siz o deputatın ikiüzlülüyünə baxın”
1-12-2015, 21:08
İran parlamentinin Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Bakının Nardaran qəsəbəsində baş verən hadisələrə görə Azərbaycan hakimiyyətini tənqid edib. O, Nardaranlıları fəal olmağa çağıraraq deyib:
“Təəssüf edirəm ki, özünü demokratik sayan hökumət Allahın evində, matəm mərasimi zamanı dindarları öldürür. Hökumət xalqın arasında dərin kök saldığı zaman möhkəm olur. Azərbaycan bir tərəfdən homoseksuallara azadlıq tanıyır, bir tərəfdən isə şiələrə zorakılıq tətbiq edir”.
İranlı deputatın fkirlərinə Azərbaycan tərəfindən reaksiya gecikməyib. Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər də dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az saytına açıqlamasında Mənsur Həqiqətpura cavabında deyib ki, Azərbaycanda dinə göstərilən hörmət bütün dövlətlərdən üstündür.
“Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən məscidlər təmir olunub, onlar din xadimlərinin, inanclı insanların ixtitarına verilib. İkinci bir tərəfdən Azərbaycanda Şərqin ən böyük məscidlərindən biri olan Heydər Əliyev məscidi tikilib istifadəyə verilib. Bundan başqa İmamzadə Kompleksi, Şamaxıdakı qədim məscid ən yüksək səviyyədə təmin olunub dindarların ixtiyarına verilib. Azərbaycanda dinə həmişə, diqqət olub”.
Deputat vurğulayıb ki, Həqiqətpur başda olmaqla heç kəs Azərbaycanı dinlə bağlı ittiham edə bilməz. Siyavuş Novruzov çıxışına davam edərək Həqiqətpuru sərt bir tonda belə tənqid edib:
“Birincisi, bu yaxınlarda İran televiziyalarının biri Həqiqətpurun deputat seçildiyi ərazidə yaşayan azərbaycanlılar kütləvi şəkildə təhqir olundu. Bütün azərbaycanlılar ayağa qalxıb öz etiraz səslərini ucaltdılar. Həqiqətpur isə qaçıb gizləndi. Halbuki, o, öz seçicilərinin hüquqlarını müdafiə etmədi. Ümumiyyətlə o seçicilərini müdafiə etmək qabiliyyətinə malik deyil. İndi İranda oturub Azərbaycandakı bəzi “arı yuvaları”na çöp uzadır. Burda da xoruzun quyruğu görünür. Nardaran hadisələrində işin arxasında kimin durduğu üzə çıxır. Həqiqətpur vaxtı ilə İran ordusunun komandalarından biri olub. Bu göstərir ki, o, dolayısı ilə Azərbaycanda həyata keçirilməsi planlaşdırılan terror aktlarının arxasında dayananlardan biridir. O, dindar insanlar Nardarandakı hadisələrə qoşmaqla cəmiyyətin fikrini yanlış yerə yönəltmək istəyir. Nardaranda saxlanılan insanların çoxunun Nardaranla əlaqələri yoxdur. Sadəcə olaraq onlar Həqiqətpur kimilərinin göstərişi ilə Nardarandan bir qərargah kimi istifadə ediblər”.
Komitə sədri İran parlamentinin nümayəndəsinin Azərbaycanda cinsi azlıqlara hüquq verilməsi ilə bağlı çıxışını yalan adlandırıb:
“Azərbaycanda cinsi azlıqlarla bağlı heç vaxt qanun qəbul olunmayıb. Bu, Azərbaycan xalqının mənəviyyatına, əxlaqına, hətta İslamdan qabaqkı dövrlərin adət-ənənəsinə zidd bir şeydir. Dəfələrlə Avropa Şurası, Avropa Parlamenti belə qanunun qəbul olunmamasını Azərbaycana irad kimi tutublar. Siz Həqiqətpurun ikiüzlülüyünə baxın. O, bilə-bilə yalandan informasiya verməklə məşğuldur. Halbuki, indi İranın özü Avropa dövlətləri ilə qol-boyun gəzir, Ermənistanla ən yaxın müttəfiqdir. Sən öz gözündə tiri görməyib, başqasında tük axtarırsansa, ondan vay sənin halına”.
Qeyd edək ki, Siyavuş Novruzov bundan əvvəllər də Həqiqətpurun Azərbaycanla bağlı səsləndirdiyi ittihamlara cavablar verib. Onların virtual debatı cəmiyyətdə, siyasi dairələrdə rezonans doğurmuşdu.