“Avropa Məhkəməsinin qərarları ilə bağlı mübahisə doğuran məqamlar var” - deputat
24-12-2015, 14:03

Azərbaycan demokratiya və insan hüquqları mövzusuna xüsusilə həssas yanaşır və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq Qərb təsisatları ilə əməkdaşlıq edir. Bir sıra milli hüquqi aktlar məhz belə əməkdaşlıq və müzakirələrin nəticəsində qəbul edilib. Bu yöndə atılan addımlar, qurulan əməkdaşlıq insan azadlıqlarının təmin edilməsi istiqamətində lazımi milli qanunvericilik bazasının möhkəmlənməsi ilə nəticələnib. Amma bu o demək deyil ki, əgər ölkəmiz Qərbin praktikasından istifadə etməyə qərar veribsə, Qərb vəziyyətdən istifadə edərək ölkəmizdə özünün müəyyən maraqlarını yeridə bilər. Yəni beynəlxalq institutlarla, xüsusən Qərb təsisatları ilə, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıq Azərbaycana qarşı yeni şərtlər irəli sürmək, bizi bu və ya digər güzəştlərə məcbur etmək, yerli məhkəmə-hüquq sisteminin məhv edilməsi, cəzasızlıq mühitinin formalaşdırılması ilə nəticələnməməlidir. Heç kimdə belə illüziya yaranmamalıdır ki, əgər Qərbə şəxsi dəstəkçisi kimi baxsa, lazımi vəkillər vasitəsilə işini Avropa instansiyalarına daşısa, Azərbaycan qanunlarını pozması cəzasız qalacaq və ya cəzadan yayınmaq mümkün olacaq. Unutmaq olmaz ki, bütün ölkələrin öz prinsipləri və hər bir dövlətin öz qanunlarına hörmət tələb etmək haqqı var, o cümlədən də Azərbaycanın. Lakin təəssüf ki, bəzi məqamlarda Qərb Azərbaycanı yenə də hədəfə alır və ona qarşı qəribə tələblər irəli sürür. Məsələn, dövlətçiliyimizə təhlükə yaradan şəxslərin azadlığa buraxılması tələbi kimi. Halbuki bütün dövlətlərin qanunvericiliyində bu məqam öz əksini tapıb və dövlət çevrilişi etmək istəyən şəxslər konkret maddələrlə ittiham olunaraq cəzalandırılırlar. Ona görə də Qərbdən gələn belə tələblər hüquqşünaslar tərəfindən mövcud milli qanunvericiliyə, yerli məhkəmə-hüquq sisteminə təhdid kimi dəyərləndirilir. Hesab edilir ki, Azərbaycan da bir sıra Avropa ölkələri və Rusiya kimi davranaraq, öz məhkəmələrinin qəbul etdiyi qərarların tətbiqinə üstünlük verməli, ölkədə Avropa məhkəmələri vasitəsilə hüquqi xaos, cəzasızlıq mühitinin yaradılmasının qarşısı alınmalıdır.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı fikirlərini “Kaspi”yə bölüşərkən Azərbaycanın İnsan Hüquqları ilə əlaqədar Avropa Konvensiyasına qoşulmasına diqqət çəkib. Bildirib ki, bu Konvensiyaya qoşulmaq eyni zamanda Avropa Məhkəməsinin yurisdiksiyasını da tanımaqdır. Belə olan halda Avropa Məhkəməsinin çıxardığı qərarlar Azərbaycanda icraya yönəlməlidir. Hüquqşünas bildirib ki, icraya yönəldilmə məsələsində müəyyən proseslər var: “2002-ci ilin aprel ayından Avropa Məhkəməsinin qərarları, yurisdiksiyası Azərbaycanda tətbiq edilir. Bu illər ərzində Avropa Məhkəməsində Azərbaycanla əlaqəli bir sıra qərarlar qəbul edilib. Əlbəttə ki, qəbul edilən qərarların böyük əksəriyyətindən imtina edilib. Bu da var. Çünki Azərbaycana qarşı olan qərarlar qəbul edilib. Söhbət Azərbaycan vətəndaşının öz ölkəsinə qarşı olan qərarından gedir. Bu qərarlarla bağlı mübahisə doğuran məqamlar var. Çünki bəzi qərarlar çox tez bir zamanda qəbul edilib və icra olunması istənilib. Axı necə olur ki, məcburi köçkünlər və sairlə bağlı qərarlar belə asanlıqla icraata qəbul edilmir? Məsələn, Kəlbəcərdən olan azərbaycanlılar Ermənistan tərəfindən işğal altında saxlanılan öz dədə-baba yurdlarına gedərək valideynlərinin məzarını ziyarət ediblər, amma qondarma rejim tərəfindən kəşfiyyatçı adı altında saxlanılıb, həbs olunublar, onlar üzərində qondarma məhkəmə qurulub və sair. Bununla əlaqədar Azərbaycan rəsmi şəkildə Avropa Məhkəməsinə müraciət edib. Lakin Avropa Məhkəməsi bu müraciətə çevik reaksiya verməyib, onu daha tez baxılan işlər sırasına salmayıb. Amma elə həssas, ciddi, araşdırılması zəruri olan məsələlər var ki, Avropa Məhkəməsi onları dərhal icraata yönəldib. Təbii ki, belə fərqli yanaşma müəyyən suallar yaradır”
Ə.Nuriyev deyib ki, bəzi ölkələr Avropa Məhkəməsinin çıxardığı qərarların onların ərazisində tətbiqi ilə bağlı qanun qəbul edirlər. Hüquqşünasın sözlərinə görə, həmin qanunda göstərilir ki, əgər Avropa Məhkəməsinin qərarları ilə onların yerli qanunları və Konstitusiyası arasında ziddiyyət varsa, beynəlxalq məhkəmənin qərarları tətbiq olunmur. Fond rəhbəri vurğulayıb ki, Rusiya bu yaxınlarda belə bir qanun layihəsi qəbul edib: “Avropa Məhkəməsinin bəzi qərarlarının qeyd-şərtsiz icrası bir sıra ölkələrin milli suverenliyinə müəyyən təhdidlərə də gətirib çıxara bilər, əlavə problemlərə yol açar, xaos, qarşıdurma yaradar. Məsələn, Azərbaycanda radikal dini qruplaşmalar var idi və onların hazırda həbsdə olan bəzi üzvlərinin adları siyasi məhbus siyahısına salınıb. Əsl gerçəklikdə isə onlar siyasi məhbus deyillər. Onlar radikal, ölkənin konstitusion quruluşuna qarşı olan, dövləti, hökuməti zor gücü ilə devirmək istəyən, bu istiqamətdə ictimaiyyətə çağırışlar edən qruplardır. Belə adamlar ümumbəşəri dəyərlərə qarşı fəaliyyət göstərirlər. Əgər onların zorakılıqları, radikal niyyətləri baş tutsaydı, çoxsaylı insanların əksər hüquqları təhlükə qarşısında qalacaqdı. Hazırda Azərbaycanda həbsdə olan belə adamlar arasında terrorçu, sələfi, Suriyada döyüşən muzdlular və sair var. Heç bir halda onları siyasi məhbus hesab etmək olmaz”.