Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret təkliflər var - XİN

25-12-2015, 13:02           
Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret təkliflər var - XİN
Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret təkliflər var. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İsrailin “İ24News” telekanalının canlı efirində çıxışında deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalı və müharibə 20 ildən artıq bir dövrdə davam edir. İlk növbədə bu suala cavab verməliyik ki, nəyə görə gərginlik və ya atəşkəsin pozulması baş verir? Çünki Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq, Ermənistanın işğalçı qüvvələri mövcuddur. Ermənistan, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə törədib və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb".

Onun sözlərinə görə, təcrübə göstərir ki, prezidentlər səviyyəsində görüş keçirilərkən Ermənistan təxribatçı addımlara əl atır və qəsdən vəziyyəti gərginləşdirir: "19 dekabr tarixində Berndə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş prezidentlərin görüşündən sonra da Ermənistan bu kimi təxribatlara əl atdı. Hazırda danışıqlarda münaqişənin həlli ilə əlaqədar konkret təkliflər var".

XİN rəsmisi bildirib ki, Ermənistanın bu əməllərlə əsl məqsədi münaqişənin əsasını təşkil edən işğal və təcavüzdən yayınmaq və münaqişənin həllinə imkan verməməkdən ibarətdir: "Atəşkəs rejimi əslində nisbi xarakter daşıyır. Atəşkəs münaqişənin nəticələrinin, işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli üçün əlverişli imkan və mühit yarada bilərdi. Əgər kimlərsə nə vaxtsa “bu münaqişənin dondurulmuş olduğunu” iddia edirdilərsə, onlar yanılırlar. Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardıqdan sonra münaqişənin həlli tezliklə mümkün ola bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.